Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov Diaspora.az saytının suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
“Daha da irəli gedib Azərbaycan Mədəniyyət Evi açmaq olar”.
Əlibəy, ilk öncə özünüz və təşkilatınız haqqında məlumat verin ki, Azərbaycan oxucusu sizi daha yaxından tanıya bilsin…
-Mən Əlibəy Məmmədov Moskva şəhərində doğulmuşam. Bakıda böyüyüb boya-başa çatmışam. Valideynlərim Moskva Dövlət Universitetinin tarix fakültəsinin məzunlarıdır. Xətai rayonunda yerləşən 147 saylı texniki-humanitar liseyi bitirmişəm. 2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin Yapon dili və Ədəbiyyatı bölməsinə daxil oldum. 4 il ərzində professional şəkildə yapon dili və Yaponiya haqqında biliklərə yiyələndim. BDU-da Yaponiya hökümətinin maliyyə dəstəyi ilə yaponiyalı müəllim tərəfindən dərslər keçirilir. 2009 – 2010-cu illərdə Füzuli rayonunda hərbi xidmətdə oldum. 2010-2012-ci illərdə Yaponiya səfirliyinin, JİCA-nın, bir çox böyük şirkətlərin təklifləri ilə bir çox sahələrdə tərücüməçi olaraq çalışdım. 2011-ci ildə Bakıda yerləşən Yaponiya səfirliyində keçirilmiş imtahanda ən yüksək balı toplamaqla Yaponiya hökümətinin dövlət təqaüdlərinə layiq görüldüm və səfirlik vasitəsilə Yaponiyaya ümumi 6 illik proqram üzrə təhsil almağa göndərildim. İlk 1 ili tədqiqatçı tələbə kimi başa vurub, yapon dilində yazı və natiqlik bacarıqlarımı inkişaf etdirdim. 2013-2015-ci illərdə Yaponiyanın Hokkaydo Universitetində Magistratura təhsili aldım. Elmi işim “Cənubi Kuril adaları problem və ictimai rəy” olmuşdur. Bununla bağlı elmi işim 2016-cı ilin mart ayında yapon dilində məşhur “Japan Border Review” jurnalında çapdan çıxdı.
Hal-hazırda doktorantura pilləsində təhsilimi davam etdirirəm. Mövzum “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Şrilanka vətəndaş müharibəsi və Kuril adaları problemi”-nə ziyalılar və adi insanların mövqeyindən baxışdır. Xüsusilə Şrilanka misalı Azərbaycan üçün də faydalı ola bilər. Bura dünyada nadir misaldır ki, dövlət hərbi yolla müdaxilə edib, ölkəni parçalamaq istəyən milli azlıqlar Tamillərin qüvvələrini darmadağın edib, liderlərini öldürməklə Şrilankanın ərazi bütövlüyünü bərpa edibdir. Təminən 30 ilə yaxın davam etmişdir müharibə vəziyyəti. Niyə də Azərbaycan eyni yola əl atmasın? Bu bizim hüququmuz deyilmi? Məgər Dağlıq Qarabağ və ətraf rayonlarda olan yerli ermənilər də Ermənistanın böyük dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına alıb, ölkəni parlamağa cəhd etmirlərmi? Biz gərək bu quruplaşmaların terror təşkilatları olmasına və onların belə bir imicinin dünyada yaradılmasına çalışaq. O zaman müharibə yolu ilə məsələni tamamilə ölkəmizin ərazi bütövlüyü şəklində birdəfəlik həll etmək olar. Bu olmayacağı təqdirdə bizi uzun illər davam edəcək sülh danışıqları gözləyir, hansı ki, hər iki tərəf güzəştə getməsə məsələ həllini tapmayacaq. Azərbaycan tərəfi üçün istənilən güzəşt tarixi torpaqlarının və hüquqlarının müəyyən miqdarda itirilməsinə gətirib çıxardacaqdır. Biz hüquqi məsələlərdə çox diqqətli davranmalıyıq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar elmi səviyyədə 2015-ci ilin dekabr ayının 14-də Hokkaydo Universitetində təşkil edilmiş “Hokkaydo Mərkəzi Avrasiya elmi konfransı”-nın 121-ci sessiyasında yapon dilində, 2016-cı ilin Aprel ayının 16-da ABŞ-ın Nevada Ştatının Reno şəhərində təşkil edilmiş 58-ci Qərb Sosial Elmləri Assosasiyasının nəzdində təşkil edilmiş “Sərhəd Araşdırmaları Assosasiyası”nın 33-cü sessiyasında ingilis dilində məruzələr etmişəm. Əsas diqqəti Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı məcburi köçkünlər və ziyalıların mövqeyinə yetirmişəm. Düşünürəm ki, dünya səviyyəsində azərbaycanlı məcburi köçkünlər və ziyalıların mövqeyi lazımı dairələrə kifayət qədər çatdırılmamışdır.
Sizə diaspor fəaliyyətim və təşkilatımız haqqında məlumat vermək istərdim. Hokkaydo Universitetinə gəldikdən sonra adaptasiya mərhələsini keçdikdən sonra, universitetin Beynəlxalq Əlaqələr Şöbəsində 1 illik müqavilə ilə işlədim. Eyni zamanda 1800 nəfərlik xarici tələbəsi olan universitetin Xarici Tələbələr Assosasiyasına prezidentliyim irəli sürüldü xarici tələbələr tərəfindən və 2014-cü ilin May ayının 15-də rəsmən bu vəzifəyə seçildim. 2015-ci ilin Aprelin 23-də ikinci dəfə prezident seçildim. 2016-cı ilin Aprel ayında fəxri prezident səlahiyyətlərini daşıyıram. Mənim Yaponiyada fəal və aktiv şəkildə diaspor fəaliyətinə başlamağım da məhz bu assosasiyaya prezident seçilməyimlə başladı. Bu status mənə bir çox hüquqları verirdi. Bu hüquqlarımdan istifadə etməklə regionda baş tutan bir çox əsas böyük tədbirlərdə, mərasimlərdə Azərbaycan adını, bayrağını ucaltmaq nəsibimiz oldu. Bura Beynəlxalq Mədəniyyət Festivalları, Beynəlxalq Yemək Festivalları, İdman yarışları və s daxildir. Xüsusilə qeyd etmək istədiyim Yaponiyanın şimal paytaxtı hesab edilən Sapporo şəhərində hər il Fevral ayında keçirilən və milyonlarla yerli və xarici turistin izləməyə gəldiyi Sapporo Qar Fiqurları Festivalında Azərbaycanın təmsil olunmağına nail olmağımızdır. Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti olaraq təşkilatçılardan olan Sapporo Ohdori Lions Club-a ideya və təklif vermək hüququna sahib idim. Bu hüququmdan istifadə etməklə 2015-ci ilin fevral ayında qədim tarixə malik Qız Qalası və qarşısında milli geyimli insanlarımızın qardan hazırlanmış heykəlciklərinin yaradılmasına və nümayiş olunmasına nail oldum. 2016-cı ildə isə füsunkar gözəlliyi ilə özündən söz etdirməyi bacarmış Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli insanlarımızın qardan hazırlanmış heykəlciklərini yaratdıq. Bu işə maliyyə dəstəyini Sapporo Ohdori Lions Club ayırır. Əsas iş professional şirkət tərəfindən görüldükdən sonra tamamlama işlərini xarici və yerli tələbələr, şagirdlər və şəhər ziyalıları ilə birlikdə biz edirik. Bununla əlaqəli seminar və ziyafət də təşkil edilir və Azərbaycan haqqında geniş məlumatlar verilir. Bu fəaliyyətimiz Azərbaycan mediasında da geniş yer almışdır. Bundan əlavə Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycanda ən məşhur yaponiyalı kimi tanınan son 3 ildə 400 nəfərdən çox yaponiyalı kiçik və orta sahibkarı Azərbaycana aparmış, 15 dəfədən çox Azərbaycanda səfərdə olmuş Kazuyasu İşidanın prodüseri olduğu “World Investors TV” internet kanalının canlı yayımında dəfələrlə fəxri qonaq kimi dəvət olunmuşam. Burada əsasən Azərbaycanın Konstitusiya günü, Dirçəliş günü, Milli bayramlarımız, Həmrəylik günümüz, Dağlıq Qarabağ ətrafında 4 günlük müharibə, eyni zamanda Azərbaycanın biznes mühiti və stabil həyatı mövzularında çıxışlar etmişəm. Bundan əlavə müntəzəm olaraq Tokio şəhərində təşkil olunan seminar və müzakirələrdə iştirak etməklə Azərbaycanla bağlı məlumatlar veririk.
Bütün bu işlərin nəticəsi olaraq 2016-cı ilin İyun ayında yaponiyalı sahibkarlarla təşkil edilmiş ziyafətdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın yaradılmasına qərar verdik və mən sədr seçildim. Son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir.
Yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspor təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir.
Ötən ay Yaponiya parlamentində müzakirələr keçirdik. Əsas məqsədimiz Azərbaycan və Yaponiyanın həm də biznes sahəsində güclü əlaqələrinin yaranmasıdır.
Eyni zamanda bu ildən etibarən Tokio şəhərinin məktəblərində hər ay 3 dəfə olmaqla Azərbaycan dərsləri deməyə başlamışam. “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” adı altında Azərbaycan dərsləri deyirəm. Yaponiyalı şagird və müəllim heyətində Azərbaycana xüsusi rəğbət və sevginin yaradılması əsas məqsədimdir. Hər dəfə nitqimi azərbaycan dilində açır, ilk bir neçə dəqiqəni məhz öz doğma dilimizdə danışıram. Daha sonra yapon dilində çıxış edirəm. Belə olduqda şagirdlərdə dərsə olan maraq və təəccüb artır.
-Bu gün Yaponiyada nə qədər Azərbaycanlı var? Ümumiyyətlə, həmyerlilərimiz orada diaspor işində aktivdirlərmi ?
-Mənim bildiyimə görə təxminən 50 nəfərdir. Yaponiyada təhsil alan tələbələr, səfirlik işçiləri, ayrı-ayrı şirkətlərdə çalışan həmvətənlərimiz və onların ailə üzvləri bura daxildir.
Diaspor işinə gəlincə, mən belə hesab edirəm ki, bir insan öz ölkəsinin hüdudlarından kənara çıxıbsa, o artıq şüurlu və ya qeyri-ixtiyari də olsa diaspor fəaliyyəti ilə məşğuldur. Diaspor işi bilirsiz ki, könüllü bir işdir. Bu biznes deyil. Bu dövlətə, millətinə, xalqına qarşı olan bir vətənpərvərlik borcudur. Bunu heç də hər kəs bacara bilməz. Vətənpərvərlik işinə insan gərək ruhunu qoysun, varlığını qoysun.
Bir çox yerlərdə bu haqda yazmışam, danışmışam. Burada bir daha bildirmək istəyirəm ki, xaricə ayaq basan hər bir insan özünü dövlətinin səfiri, yüksək səviyyəli siyasi siması kimi aparmalıdır. Ölkəni onun insanları ilə tanıyırlar. Fərq etməz, tələbəsi olsun, şirkət rəhbəri olsun, səfiri olsun. Biz hər birimiz ölkəmizin güzgüləriyik. Xarici ölkə vətəndaşları məhz bizə baxıb Azərbaycana qiymət verirlər. Əlbəttə bunu stereotip də adlandırmaq olar amma bu dünyanın düzəni budur. Biz gərək hər zaman öz danışığımıza, hərəkətlərimizə, yazılarımıza və gündəlik həyatımıza da diqqət yetirək.
Eyni zamanda xüsusilə vurğulamaq istədiyim məqam diaspor təşkilatlarımızın işlərilə bağlıdır. Bunu bir növ irad və ya tənqid kimi də qəbul edə bilərsiniz. Biz diaspor təşkilatları gərək olduğumuz ölkələrdə yerli insanlarla daha çox iştəyək. Əlbəttə öz həmvətənlərimizlə bir yerə toplaşmaq, dərsdləşmək olar amma bunun diaspor fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Biz əgər ölkəmiz haqqında müsbət rəy yaratmağı qarşımıza məqsəd qoymuşuqsa o zaman olduğumuz ölkələrin elmi və siyasi dairələri, biznes adamlarını tədbirlərimizə, mərasimlərimizə cəlb etməliyik. Əgər belə tədbirləri təşkil etmək gücümüz və ya maliyyəmiz yoxdursa, heç olmasa təşkil olunan böyük mərasimlərdə iştirak edib ölkəmizin potensialı haqqında danışaq. İstək olarsa nəticə də əldə etmək mümkündür.
Yaponiyada yaşayan müxtəlif mövqelərdən olan həmvətənlərimizin fəaliyyətini qənaətbəxş olaraq qiymətləndirmək olar. Hər birimiz müxtəlif sahələrdə bacardığımız qədər ölkəmizin adını yüksəltməyə çalışırıq. Hələ görüləcək çox işimiz vardır.
-Sizcə Yaponiyadakı Azərbaycan diasporunun əsas, aktual problemləri hansılardır ?
-Bacardığımız bütün işləri yüksək səviyyədə görməyə cəhd edirik. Bununla belə daha böyük işlərin görülməsi üçün, daha böyük insanların qatılması üçün, daha geniş miqyasda təbliğat işinin uğur qazanması üçün bir-birimizə dəstək olmalıyıq. Şəxsi mənafelər deyil, dövlətçiliyimiz, Azərbaycançılıq uğrunda bir yumruq kimi birləşməliyik. Bu olarsa inanın bizim millətdən güclü və ağıllı ikinci bir millət yoxdur bu dünyada.
Yaponiyada əsas problemimiz kimi maliyyə məsələsini göstərə bilərik. Burada fəaliyyətimizin daha da işıqlandırılması, məlumat kitabçalarının çapı və paylanması, keyfiyyətli kitabların işıq üzü görməsi və s üçün müəyyən miqdarda maliyyə dəstəyinə ehtiyac vardır.
-Hazırda dövlətimiz tərəfindən sizə hansı formada dəstəyin göstərilməsini istəyərdiniz?
-Dövlətimiz tərəfindən, Diasporla iş Üzrə Dövlət Komitəsi və ayrı-ayrı məsul qurumlar vasitəsilə müəyyən miqdarda yardımlar olması xoş olardı. Ən azından milli geyimlər, milli alətlərimiz və s gətirmək burada Azərbaycan gecələri təşkil etmək olar. Daha da irəli gedib Azərbaycan Mədəniyyət Evi açmaq olar. Bunu hətta səfirliyin tərkibində də etmək olar. Niyə də olmasın? Burada müntəzəm hər həftə bir tədbir təşkil edə, Azərbaycan tarixində böyük izlər qoymuş şəxsiyyətlər haqqında, dövlətimizin bütün milli bayramları haqqında daima çıxışlar edə bilərik. Xüsusi bir künc yaratmaq olar ki, bura hər zaman yaponlar gəlib milli geyimlərimizi geyinə, milli alətlərimizdə ifa etməyi öyrənsinlər. Mədəniyyətimizi doğru şəkildə aşılamaq ən birinci məramımız olmalıdır. Nəinki Yaponiyada bütün dünyada diaspor fəallarımızın, həmvətənlərimizin uğurlarını görmək bizim mənəvi qidamız olmalıdır.
-Sonda oxucularımıza və Yaponiyada olan diaspora üzvlərinə nə sözünüz var?
-Bizim hamımızın bir vətəni var Azərbaycandır. Biz hər birimiz bu amal uğrunda birləşməliyik. Şəxsi mənafeləri bir kənara qoymalıyıq. Bizi heç kimin içdən parçalamasına yol verməməliyik. Mübahisə etmək olar. Hər kəsin öz şəxsi düşüncəsi ola bilər və bu normaldır. Amma xaricdə hər zaman bir yumruq olmalıyıq. Bir fikir, bir ideya, bir düşüncə, bir dövlət üçün çalışmalıyıq. Bayrağımızı uca tutmalıyıq, Dilimizə hörmətlə yanaşmalıyıq. Nə qədər ki, bayrağımız var, nə qədər ki dilimiz var, biz varıq. Müstəqilliyimiz əbədi yaşar. Ölkə daxilində hər sahədən danışmaq olar. Əsas işi biz gərək xaricdə görək, xaricilərlə görək. Müstəqilliyimizin qorunub saxlanılmasında xaricdə yaşayan həmvətənlərimizin böyük xidmətləri vardır. Qlobal dünyada bütün ölkələrlə xoş münasibətlərin qurulmasında fayda vardır. Bunu isə əsasən ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarımız formalaşdıra bilər.
Yeniyetmə və gənclərə dərslərini yaxşı oxumaqlarını, xarici dillər öyrənməklərini, şans düşən kimi xarici ölkələrə gedib öz dövləti uğrunda çalışmalarını tövsiyə edərdim. Kim nə deyirsə desin öz güclərinə – potensial güclərinə inammalarını istəyirəm. İnsanlarla münasibətlərinə fikir verməklə, öz kariyera quruculuqlarında ardıcıl və davamlı olmalarını tövsiyə edərdim. Döyüşləri uduzmaq olar amma müharibəni yox. Bu həyat bütün sahələrdə mübarizələrdən ibarətdir. Əlimizdən gələni etməliyik ki, bu mübarizələr sağlam olsun, kin-küdurət üzərində qurulmasın. Uğurun əsas açarı məqsəd və ideya uğrunda olan ardıcıllıq və təslim olmamaqdadır.
Mənbə: Diaspora.az saytı
31 Oktyabr 2016