Sapporo qar fiqurları festivalında Qız qalasının qardan düzəldilmiş fiquru da nümayiş etdirilir (AzərTAc-ın yeni məqaləsi)

qiz qalasi

Tokio, 5 fevral, AzərTAc

Sapporo qar fiqurları festivalında Qız qalasının qardan düzəldilmiş fiquru da nümayiş etdirilir

Fevralın 5-də Yaponiyanın Hokkaydo adasında rəsmi açılışı olan 66-cı Sapporo qar fiqurları festivalında Azərbaycan qardan düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları ilə təmsil olunur.

Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 207 heykəl nümayiş etdirilir. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən düzəldilib.

Azərbaycanı festivalda ilk dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təşəbbüsü ilə düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları təmsil edir. Ə.Məmmədov AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, məqsəd sürətli inkişafı ilə bütün dünyanı heyran qoyan Azərbaycanı yalnız Yaponiyada deyil, həm də bütün Cənub-Şərqi Asiyada daha yaxından tanıtmaqdır.

Möhtəşəmliyi ilə seçilən Sapporo Beynəlxalq festivalı barədə məlumat verən həmvətənimiz qeyd edib ki, 66-cı dəfə təşkil edilən festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan çox insan ziyarət edir.

Azərbaycanı təbliğ etmək baxımından bu festivalın əhəmiyyətini vurğulayan Ə.Məmmədov vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən soydaşımız 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və onun təşəbbüsü festivalın təşkilatçısı “Sapporo Ohdori Lions Club” tərəfindən qəbul olunub. Azərbaycanın simvolu olaraq qədim Qız qalasının seçilməsi barədə Ə.Məmmədovun verdiyi ideya təşkilatçılar tərəfindən bəyənildikdən sonra kompozisiyanın quraşdırılmasına başlanılıb.

Hündürlüyü üç metr, eni iki metr olan ümumi kompozisiya festivala gələn ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Festivalın təşkilatçıları gələn həftənin ortalarınadək davam edəcək bu maraqlı tədbirə iki milyondan çox insanın qatılacağını gözlədiklərini bildiriblər.

Vüqar Ağayev

AzərTAc-ın xüsusi müxbiri

Tokio

http://azertag.az/xeber/830085

Vaib qeyd: Məlumatdan istifadə zamanı hökmən AzərTAc-a istinad olunmalıdır.

Advertisements

HUISA iclası (05.02.2015). HUISA general meeting.

Bugün (5 Fevral 2015) HUISA (Hokkaido Universiteti Beynəlxalq Tələbər Birliyi) bu ilə olan ilk iclasını keçirtdik. Bu il hər zaman olduğu kimi yenə də bir neçə ağır problemlərimiz var ki, onları həll etməliyik. Mən inanıram ki, rəhbərlik etdiyim birliyik istənilən çətinliyin öhtəsindən uğurla gəlməyi bacaracaq. Necə ki, bugünə kimi etmişik. İclasla bağlı facebook səhifəmdə aşağıdakını paylaşdım.

「Dear International Students of Hokkaido University, today HUISA Executive Committee had a very productive and hard meeting. We discussed our problems and their solutions, upcoming events, spring trip, hokudaisai, visible and unvisible part of our activity. Please collaborate with us and let’s make this community better. We really have many problems to solve. But we also have a very strong Executive Committee. I believe we will solve all problems. We are International Students. We have a power. We just need to recognize it. Be strong always.
北海道大学留学生の皆様、本日は、北海道大学留学生協議会はとても生産的で、ハードな会議を行いました。現在は、北海道大学留学生協議会として、解決すべき問題は山ほどあります。今後のイベント、春旅行、北大祭など。我々の活動の見える部分と見えない部分が存在します。実は、見えない部分の方が一番難しく、時間と手間がかかるものです。留学生の皆様、協議会と協力していきましょう。北海道大学留学生協議会をもっともっとよい組織にしましょう。我々は数多くの問題を抱えています。しかし、それらを乗り越えることができる協議会メンバーもいます。私たちにあらゆる問題や困難を根本的に解決していく力があります。私たちは留学生なのです!これを把握する必要があるでしょう。留学生万歳!」

66-cı Sapporo Qar Festivalı (Hokkaido, Yaponiya)

66-cı Sapporo Qar Festivalına bugün (5 fevral, 2015) rəsmən start verildi. Sapporo şəhərinə xaricilərin axını nəzərə çarpmaqdadır. Bu həqiqətən də möhtəşəm festivaldır. Özünü nağıllar aləmində hiss edirsən. 200-dən artıq, Yaponiyanın və müxtəlif ölkələrin nağıl qəhrəmanları, cizgi filmi qəhrəmanları, tarixi abidələri və s-nin qardan hazırlanmış statyuları, heykəlcikləri nümayiş olunur. Expertlərin fikrinə görə, bu ildə ötən illərdə olduğu kimi, 2 milyondan artıq turistin (yaponiyalılar daxil olmaqla) Sapporo Qar Festivalını ziyarət edəcəyi gözlənilir. Sevindirici hal ondan ibarətdir ki, bu ilki Sapporo Qar Festivalında doğma vətənimiz Azərbaycan da təmsil olunur. Belə ki, bu il Bakının simvolu olan, qədim tarixə malik, Yuneskonun mədəni irsinə qeydə alınmış Qız Qalası və milli geyimlərimizin qardan hazırlanmış statyuları, heykəlcikləri də nümayiş olunanlar arasındadır. Bugün yenidən gedib baxdım, şəkillərini çəkdim. İnandırım Sizi ki, yaxından gördükdə insana bir ayrı sevinc bəxş edir bu statyu. Bir Azərbaycanlı olaraq insanın qanı qaynama, isinməyə başlayır.

Mən hal-hazırda Hokkaido Universiteti Beynəlxalq Tələbələr Birliyinin Prezidentiyəm. 2014-cü il May ayının 15-də, Hokkaido Universitetinin Xarici Tələbələrinin iclasında bu posta seçilmişəm. Hokkaido Universitetində 1500-dən artıq xarici tələbə təhsil alır. 2014-cü ilin Oktyabr ayında Sapporo Ohdori Lions Clubun nümayəndələri ilə görüşdüm. Qeyd edim ki, Sapporo Ohdori Lions Club-ın maliyyə dəstəyi ilə hər il Sapporo Qar Festivalında qardan hazırlanmış statyu təqdim olunur. Mövzu və ideya son zamanlar Hokkaido Universiteti Xarici Tələbələr Birliyinin Prezidentinə həvalə olunur. Bu mövsüm Hokkaido Univeristeti Tələbələr Birliyinin Prezidenti məhz mən (Əlibəy Məmmədov)olduğumdan, bu hüququmdan istifadə edərək, Qız Qalası və milli geyimlərimizin ideyasını verdim. Sapporo Ohdori Lions Club-ın nümayəndələri bunu çox xoş qarşıladılar və bu ideyanın əsasında maketin hazırlanacağını bildirdilər. Maketi Harada sanın rəhbəri olduğu Akaboşi şirkətinin işçiləri hazırladılar. 2015-ci ilin Yanvar ayında qardan hazırlanacaq statyunun maketi mənə təqdim olundu. Düzünü desəm bu qədər möhtəşəm olacağını ağlıma belə gətirməzdim. Həqiqətən heyran qalmışdım.

2015-ci il Yanvar ayının 31-də Sapporo Ohdori Lions Club-ın üzvləri bünövrəni hazırladılar. Fevral ayının 1-də isə rəhbərlik etdiyim Hokkaido Univesiteti Tələbələr Birliyinin üzvləri, Sapporo Ohdori Lions Club-ın üzvləri, Sapporo şəhərinin ictimai xadimləri, məktəbli tələbələrin (təxminən 70 nəfər) iştirakı ilə bu layihə ilə bağlı iclas keçirildi. İclasda həm Ohdori Lions Club-ın rəhbəri Yamada Masayuki və həm də mən tərəfdən iştirakçılara bu layihənin əhəmiyyəti və Azərbaycan haqqında ümumi məlumat verilmiş, böyük marağa səbəb olmuşdur.

Onu da qeyd edim ki, iştirakçıların böyük əksəriyyətinin Azərbaycan haqqında heç bir məlumatı yox idi. Hətta bəziləri belə bir ölkənin mövcudluğunu belə bilmirdilər. Bu baxımdan bu layihənin önəmli olmasını bir daha vurğulamaq istərdim. Əksər şəxslər Azərbaycan haqqında məlumat almış oldular. Bu həm də bizim lobbiçilik fəaliyyətimiz nöqteyi-nəzərindən də əhəmiyyətli bir məsələdir və diqqətdə saxlanılmalıdır. Bunun hökmən ardını gətirmək lazımdır.

Ardı var.

Azərbaycan ilk dəfə Sapporo Beynəlxalq qar fiqurları festivalında (2015) təmsil olunacaq (AzərTac)

Qeyd edim ki, bu məqalə 2015-ci il Fevral ayının 2-də AzərTac (Azərbaycan Dövlət Teleqraf Agentliyi)-nin rəsmi səhifəsində işıqlandırılmışdır. Və burda həmin məqaləni olduğu kimi yerləşdirmək istərdim. Ən sonda məqalənin linkini yerləşdirəcəm.

Azərbaycan ilk dəfə Sapporo Beynəlxalq qar fiqurları festivalında təmsil olunacaq

Azərbaycan Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilən 66-cı Beynəlxalq qar fiqurları festivalında iştirak edəcək.

Bu barədə AzərTAc-ın Yaponiyadakı bürosuna məlumat verən Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədov bildirib ki, məqsəd sürətli inkişafı ilə bütün dünyanı heyran qoyan Azərbaycanı bu Gündoğar ölkədə daha yaxından tanıtmaqdır.

Möhtəşəmliyi ilə seçilən Sapporo Beynəlxalq festivalı barədə məlumat verən Ə.Məmmədov qeyd edib ki, 66-cı dəfə təşkil edilən festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan artıq insan ziyarət edir.

Azərbaycanı geniş təbliğ etmək baxımından bu festivalın möhtəşəm bir tribuna olduğunu vurğulayan Ə.Məmmədov Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti olaraq, onun vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən həmvətənimiz 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və bu, festivalın təşkilatçısı “Sapporo Ohdori Lions Club” tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın simvolu olaraq qədim Qız qalasının götürülməsi və onun önündə milli geyimdə olan insanların qardan düzəldilmiş fiqurlarının yerləşdirilməsi barədə Ə.Məmmədovun verdiyi ideya təşkilatçılar tərəfindən qəbul edildikdən sonra kompozisiyanın maketi hazırlanıb.

Yanvarın 31-də “Sapporo Ohdori Lions Club”ın üzvləri, Hokkaydo Universiteti tələbələri və sapporolu məktəblilərin iştirakı ilə Qız qalasının qar variantının düzəldilməsinə başlanılıb. Hündürlüyü üç metr, eni iki metr olacaq ümumi kompozisiyanın festivalın başlanacağı günə, fevralın 5-nə kimi tam hazır olması üçün qrup üzvləri var gücləri ilə çalışırlar.

Ə.Məmmədov əlavə edib ki, Qız qalasının qardan hazırlanması ərəfəsində Hokkaydo Universiteti tələbələrinin, “Sapporo Ohdori Lions Club”ın üzvlərinin, şəhər ictimaiyyəti nümayəndələrinin və məktəblilərin iştirakı ilə Azərbaycan haqqında tədbir keçirilib. “Lions Club”ın rəhbəri Yamada Masayuki və Əlibəy Məmmədov iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat veriblər.

Vüqar Ağayev

AzərTAc-ın xüsusi müxbiri

Tokio

http://azertag.az/xeber/829227

http://azertag.az/xeber/Azerbaycan_ilk_defe_Sapporo_Beynelxalq_qar_fiqurlari_festivalinda_temsil_olunacaq-829227

Vacib Qeyd: məlumatdan istifadə zamanı hökmən AzərTac-a istinad olunmalıdır.

Mənim sözlərim (Azərbaycanca yazdıqlarım)

Düşünürəm ki, hər hansısa bir sahədə uğur qazanmaq üçün, həddindən artıq yüksək səviyyəli bir savada, biliyə malik olmaq o qədər də əhəmiyyətli deyil. Uğur qazanmağın ən əsas yolu az-az belə olsa işi ardıcıl, davamlı olaraq görməkdən ibarətdir. Bütün var gücünlə bir-iki ay işləyib sonra dayanmaqdansa, 1 il ərzində yarı gücünlə davamlı olaraq çalışmaq daha böyük uğurlu nəticələrə səbəb olur. Fikrimcə, yaxşı düsturdur. (31 Yanvar, 2015-ci il, Facebook Akauntumdan)

Hər hansısa bir insanın, siyasətçinin, politoloqun, elm adamının hər hansısa bir məsələ, problem haqqında ifadə etdiyi fikrin yalnış və ya doğru olduğu qənaətinə gəlməzdən öncə, həmin şəxslərin niyə məhz o fikirləri söylədiklərini düşünmək lazımdır. Öz elmi işimi yazan zaman professorlarım tərəfindən dəfələrlə vurğulanmış bir məsələdir.
Çox zaman fikir verirəm, cəmiyyətdə (istər Azərbaycan cəmiyyəti olsun, istər Yaponiya) səsləndirilmiş fikrin əleyhinə və ya leyhinə çıxacaq 3-cü şəxslər, qruplar anındaca peyda olur. Bunun müqabilində, əksər hallarda insanları sözü gedən şəxslərin niyə, nəyə əsasən məhz o fikri səsləndirməsi, böyük önəm daşımır.
Bizim Televiziya kanallarımızın əksər proqramları da, qəzetlərin əksər məqalələrində də bunu açıq-aşkar sezmək mümkündür. Amma telekanalları və qəzetləri qınamaq da o qədər də doğru olmazdı. Çünki cəmiyyətin əksər təbəqəsinin gözlədiyi budur. Onları uzun-uzadı vacib məsələlər maraqlandırmır.
Halaldır yoxsa Haram? donuz əti yeyir ya yox? Millətçidir yoxsa deyil? Liberaldır yoxsa vətənini satan? müsəlmandır yoxsa deyil? Bakirədir ya deyil? Mavidir ya Ləzbiyankadır? “Tochkasi” var ya yox?
Bax əksər insanları ancaq yuxarıda qeyd etdiklərim maraqlandırır. Bu həqiqətən də bir fəlakətdir və canlı meyitlərlə dolu yazıq bir cəmiyyəti gözlərim önündə canlandırır.
Bizim bütün bəlalardan çıxış yolumuzun ən əsas açarı düzgün təhsil sistemi qurmaqdan ibarətdir. Bütün problemləri normal, doğru təhsillə yoluna qoymaq, nizamlamaq olar.(29 Yanvar, 2015. Facebook akauntumdan)

Bir yerdə ki, dəyərli və vacib tövsiyə verdikdə, onun cavabında “təşəkkür edirik, bir daha eyni yalnışlığı etməyəcəyik”, “minnətdarıq, çalışacıq bir də olmasın” “qanun pozuntusuna bir daha yol verməyəcəyimiz üçün əlimizdən gələni edəcək” və s deyil, əvəzində tövsiyələri “alçaldıcı, təhqiramiz, kinayəli şərh”, dürüst tənqidi “təhqirlə” səhv salırlarsa, o zaman içimdən bir satiralı gülüş gəlir. Həm halına acıyıram, həm də elə şəxsin səviyyəsi, “akademizmi” budur deyirəm. Üstəlik, açıq aşkar qanun pozuntusunu kobudcasına pozub, “artistcəsinə” özünü hər vəcdlə müdafiə etmək qətiyyən doğru deyil. Bunun həlli çox sadədir. Üzr istəyib, səhvini boynuna almaq. Əks halda məsələ çox böyüyür və sonra çox böyük itkilərlə üzləşirsən. O zaman dizinə-dizinə döysən belə heç kim köməyinə çatmır. Bax bunları lazımincə düşünmək gərəkir. Mənim özümdə də eqozim var, amma bu mənə dəyərli tövsiyələrə qulaq asıb, onlardan nəticə çıxartmağa qətiyyən mane olmur. Amma hər hansısa şəxsdə bu eqoizm, içindəki qəzəb, kin-küdurət ifrat dərəcədə yüksək səviyyədədirsə, o şəxsdən sadəcə uzaq olmaq gərəkir. Nə qədər yardım etmək, tövsiyə vermək istəsən də puça çıxacaq. Çünki bu adam(lar) burunlarının ucundan uzağı görə bilməyən, həddindən artıq cəmiyyət çərçivəsində etik normalar baxımından aşağı səviyyəli insan(lar)dır. (27 Yanvar, 2015-ci il. Facebook akauntumdan)

“Cəmiyyətimizdə olan problemlər barədə” və ya “Yaponiyada təhsil mənə nəyi öyrətdi”. “Açıq, dürüst tənqidə hazır olmamaq haqqında”.
Yaponiyada aldığım təhsil mənə istənilən doğru tənqidə qarşı dözümlü olub, onu soyuqqanlı şəkildə qəbul etməyi öyrətdi. Boynuma alıram ki, Yaponiyaya təhsil almağa gəlməzdən öncə bir qədər emosional qarşılayardım tənqidi. Çünki Bakıdakı təhsilimdə mənə bunu öyrətməmişdilər. Ümumiyyətlə bu bizim təhsil sistemimizin ən ağrılı yerlərindən biridir və bu sahədə ciddi islahatlara lüzum var.
Əlbəttə eyibsiz, nöqsansız insan yoxdur. Təbii ki, əgər sən adi insansan sa başqa məsələ. Amma əgər müəyyən kütlə içərisində müəyyən qədər nəzarətə, informasiya vermək gücünə maliksənsə o zaman gərək başqalarını dinləməyi də bacarasan. Başqalarını dinləyə bilməmək bacarığı daha bir problem.
Digər bir məsələ, mövzunu, məsələ ətrafında lazım olan qədər savada malik olmaya-olmaya, başdan-ayağa qüsur içində “hayasızcasına”, doğru, məntiqli tərəfə hücum etmək, “Sizə dəxli yoxdur” “Sizin kimilər belə ….”və s kimi ifadələr səsləndirmək.
Daha çox öyrənmək və çalışmaq lazımdır, əzizlərim. Bir-iki kitab oxuyub yerindən hoppanmaq doğru deyil. Sən kimsən, kim olmusan, qarşında danışdığın insan kimidir?! Bu məsələləri çox ciddi qəbul edib, dərindən düşünmək lazımdır.
Əslində çox yaza bilərəm, amma hələlik bu qədər.
Təhsil sistemimiz gərək şagirdlərə hələ məktəb vaxtlarından 1. Açıq tənqidə açıq olmağı və onu soyuqqanlılıqla qəbul edib nəticə çıxartmağı, 2. Başqalarını dinləmək bacarığını, 3. Bilmədiyi mövzuda susub qulaq asmağı öyrətsin. (26 Yanvar, 2015-ci il, Facebook akauntumdan)

Qardan hazırlanmış Qız Qalası və Azərbaycan Milli Geyimləri 66-cı Sapporo Qar Festivalında Nümayiş olunacaqdır.

Qardan hazırlanmış Qız Qalası və Azərbaycanın milli geyimləri 66-cı Sapporo Qar Festivalında nümayiş olunacaq.

Sapporo Ohdori Lions Club-ın üzvləri, Harada Kazuonun rəhbərlik etdiyi Akabooşi şirkəti tərəfindən Qız Qalası və onun qarşısında Azərbaycan milli geyimli 4 nəfərin maketi hazırlanmışdır. Yanvar ayının 31-də Lions Clubun prezidenti Yamada Masayuki və Harada Kazuonun rəhbərliyi altında Akabooşi şirkətinin işçiləri (10 nəfər) tərəfindən qardan hazırlanacaq Qız Qalasının və Azərbaycan milli geyimində olacaq 4 nəfərin (2 qadın, iki kişi) qar heykəlciyi üçün ilkin işlər görülmüşdür. Fevral ayının 1-də isə Hokkaido Universiteti Xarici Tələbələr Birliyinin təşkilatçılığı ilə 30 yaxın xarici tələbə, Sapporo şəhər məktəbli şagirdləri (15 nəfər), Lions Club-ın üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı (25 nəfər, cəmi 15 ölkədən 70 yaxın insan iştirak etmişdir) ilə  Qardan hazırlanan Qız Qalasının tamamlama işləri görülmüşdür.

Qız qalasının qardan hazırlanmış heykəlciyinin hündürlüyü 3 metr, eni 2 metrdir.

Qeyd edim ki, analoji olaraq hər il Hokkaido Universiteti Xarici Tələbələr Birliyinin(Hokkaido Universitetində 1500-dən çox xarici tələbə təhsil alır), Sapporo Ohdori Lions Club-in, Sapporo məktəbli şagirdlərinin və ictimaiyyət adamlarının iştirakı ilə Sapporo Qar Festivalı üçün Qardan heykəlciklər hazırlanır. Analoji olaraq Hokkaido Universitetinin Xarici Tələbələr Birliyinin Prezidentinin vətəndaşı olduğu ölkənin simvolları, nağıl qəhrəmanlarının qardan heykəlcikləri hazırlanır. Bu dəfə Hokkaido Universiteti Xarici Tələbələr Birliyinin Prezidenti mən (Əlibəy Məmmədov) olduğundan, məhz Azərbaycanla bağlı tarixi abidə seçilmişdir. Qız Qalasının və qarşısında 4 milli geyimdə olan insanın hazırlanması ideyasını Hokkaido Universiteti Xarici Tələbələr Birliyinin Prezidenti Əlibəy Məmmədov tərəfindən verilmiş (hələ 2014-cü il Oktyabr ayında), Sapporo Ohdori Lions Club tərəfindən bu təşəbbüsə müsbət cavab alınmışdır. Sapporo Ohdori Lions Clubun hərtərəfli maddi yardımı sayəsində bu layihəni uğurla həyata keçirmək mümkün olmuşdur. Sonda onu da qeyd edək ki, Qız Qalasının qardan hazırlanma işinə başlamazdan öncə Hokkaido Universitetinin Xarici Tələbələri, Sapporo Ohdori Lions Club-ın üzvləri, Sapporo şəhər ictimaiyyətinin nümayəndələri, Sapporo şəhər məktəbli tələbələrinin iştirakı ilə Azərbaycan haqqında tədbir keçirilmişdir. Tədbirdə Lions Clubun rəhbəri Yamada Masayuki və Hokkaido Universiteti Xarici Tələbələr Birliyinin Prezidenti Əlibəy Məmmədov (2014-cü il May ayının 15də seçilib vu vəzifəyə) tərəfindən iştirakçılara Azərbaycan haqqında ətraflı məlumat verilmişdir.

Qeyd edim ki, bu layihəmiz Azərbaycanın əksər sosial medialarında işıqlandırılmış və oxucular tərəfindən yüksək qiymətləndirilimişdir. Azərbaycanın Yaponiyadakı Səfirliyinin rəsmi facebook səhifəsində, Yeni Müsavat Qəzetinin internet portalında, İnteraz-ın rəsmi facebook səhifəsində, görkəmli tarixçimiz Altay Göyüşovun rəsmi facebook səhifəsində də bu haqda ətraflı məlumat verilmişdir.

Əsas videoları öz youtube kanalımda yayımlamışam. İstəyənlər buyurub baxa bilərlər. Bu istiqamətdə öz fəaliyyətimi daha da genişləndirəcəm.

Sonda qeyd edim ki, bu fəaliyyətimiz əksər aparıcı xəbər portallarında işıqlandırılmışdır.

1.Azərbaycan qəzeti
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=61020
2. ANSPRESS
http://www.anspress.com/index.php?a=2&cid=7&lng=az&nid=323356
3. Mətbuat.az
http://www.metbuat.az/news/26717/Az%25C9%2599rbaycan%2Bilk%2Bd%25C9%2599f%25C9%2599%2BSapporo%2BBeyn%25C9%2599lxalq%2Bqar%2Bfiqurlar%25C4%25B1%2Bfestival%25C4%25B1nda%2Bt%25C9%2599msil%2Bolunacaq.html
4. Arxiv.az
http://arxiv.az/az/azerbaijan-news.az/36875217/Azerbaycan+ilk+defe+Sapporo+Beynelxalq+qar+fiqurlari+festivalinda+temsil+olunacaq
və s

Ən əsası isə AzərTAc-da işıqlandırılmışdır.