Yaponiya və yaponlar haqqında bilmədiklərimiz (Müsahibə, Palitra)

 

Əlibəy Məmmədov:
“Yaponiya Azərbaycandan qonaqpərvərliyi, xaricilərə qarşı olan tolerantlığı, müxtəlif millətlərlə bərabərhüquqlu və rahat şəkildə yaşamağı öyrənə bilər”Bildiyimiz kimi, yaponlar bir sıra maraqlı xarakterik xüsusiyyətlərə malikdirlər. Və bu, bir çox xalqların, eləcə də azərbaycanlıların marağındadır. Yaponiya və yaponlar haqqında bilmədiyimiz məqamlar haqqında 5 ilə yaxındır ki, bu ölkədə yaşayan gənc diaspor üzvü Əlibəy Məmmədov öz müsahibəsində danışıb. Qeyd edək ki, Ə.Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse-prezidentidir.
– Azərbaycan oxucusu yaponlar haqqında nələri bilmir?
– Bilirsiz, mən düşünmürəm ki, Azərbaycan cəmiyyəti Yaponiya ilə bağlı məlumatlıdır. Bizdə çox elementar məlumatlar ola bilər. Ona görə əksər məlumatları yeni hesab edərdim. Yaponlar kifayət qədər dürüstdürlər. Heç kimin malına göz dikməzlər. Yolda pul qabınızı, telefonunuzu, zinət əşyanızı itirə bilərsiniz. Amma inanın ki, polisə müraciət etsəniz qısa müddətdə tapılacaq. Bunu tapan yaponlar dərhal polisə təhvil verirlər və qeydiyyata alınır. Siz polisə müraciət etdiyiniz zaman əldə edə bilirsiz.
Onu da bildirim ki, Yaponiyada Meiji (1867-68) inqilabından sonra, demək olar ki, Samuraylar fiziki cəhətdən qalmasa da, samuray ruhu hələ də yaponlarda yaşamaqdadır. Çox döyüşkən xalqdır. Mərd xalqdır. Yaponiyada, bildiyiniz kimi, təbii fəlakətlər, zəlzələlər, tayfunlar, sunamilər tez-tez olur və ölkəyə kifayət qədər ziyan dəyir. İnsan itkiləri də az olmur. Bununla belə, yaponlar çox qısa zaman ərzində özlərində qüvvə taparaq yenidən yaradırlar, qururlar. Heç kimdən kömək istəmirlər. Heç kimi gözüyaşlı görmürsən. İnsan hərdən donub qalır ki, bu cür vəziyyətlərdə insan necə bu qədər soyuqqanlı ola bilər?! Amma Yaponiyada uzun illər yaşadıqca alışır insan. Bir növ yapona çevrilirsən. Digər tərəfdən yaponların xarakterləri ilə bağlı onu deyə bilərəm ki, əksər hallarda qarşı tərəfin (əcnəbinin) bütün məlumatlarını əldə etməyə çalışırlar. Şəxsi məsələlərədək suallar verirlər. Biz xaricilər bu suallara hər zaman cavab veririk. Amma növbə özlərinə gələndə çox qapalı olurlar və qeyd edirlər ki, bu şəxsi məsələdir və danışmaq istəmirik. Özləri isə qarşı tərəf barədə hər məsələni öyrənməyə meyilli olurlar. Gündəlik həyatda isə yolda gedərkən velosiped sürə-sürə üzünü təraş edən, metroda pivə içən yaponları da görmək olar. Yaponiyada içki mədəniyyəti çox inkişaf edib. Xüsusilə böyük şirkət rəhbərləri öz işçilərini yaxından tanımaq üçün tez-tez belə məclislər təşkil edirlər. Belə məclislərdə, hətta adi işçi öz rəhbərinə qarşı müəyyən mənada hörmətsizlik edə, ona şillə də vura bilər. Növbəti gün hamı bunu unudur və hər kəs öz işi ilə məşğul olur.
-Yaponlar bir çox sahədə dünyada mümunədir. Bəs Azərbaycan hansı cəhəti ilə yaponlara nümunədir?
-Bu bir qədər çətin sualdır. Qeyd etdiyiniz kimi, Yaponiya bir çox sahələrdə nəinki Azərbaycan, bütün dünya ölkələrinə nümunə olacaq bir dövlətdir. Azərbaycanın Yaponiyadan öyrənməli olduğu bir çox sahələr vardır. Eyni zamanda hər iki ölkənin iki əsas oxşar cəhəti vardır. “İnsan” və “tarix” faktoru. Həm Yaponiyada, həm də Azərbaycanda ölkənin insanına və tarixinə hörmətlə yanaşılır. Hər iki dövlət qədim tarixə malikdir və bununla fəxr edə bilər. Hər iki xalqın dünya səviyyəli insanları vardır ki, bəşəriyyət tarixində dərin izlər buraxıblar. Yaponiya rahat ölkədir, azaddır, təhlükəsizdir. Səhiyyə sistemi yüksək səviyyədə inkişaf edib, sığorta sistemi ali səviyyədədir. Qidaları yüksəkkeyfiyyətli və təmizdir. Ancaq, bildiyiniz kimi, Yaponiya əhalisinin mütləq əksəriyyəti məhz yaponlardır. Digər millətlərin nümayəndələri azlıq təşkil edir. Düşünürəm ki, Yaponiya Azərbaycandan qonaqpərvərliyi, xaricilərə qarşı olan tolerantlığı, müxtəlif millətlərlə bərabərhüquqlu və rahat şəkildə yaşamağı öyrənə bilər. Yaponiyanın xaricilərə qarşı olan qanunları çox sərtdir. Bura hər adam gələ bilməz. Yalnız yüksək səviyyəli siyasi və biznes adamları, eyni zamanda yüksək təhsilli insanlar rahat gələ bilirlər. Digərləri üçün böyük əngəllər yaradılır. Hətta son zamanlar dünya səviyyəsində qlobal problemə çevrilən qaçqınlarla bağlı da dövlət olaraq sərt reaksiya verməklə qəbul etməkdən imtina ediblər. Bu isə bir çox yerli ziyalılar tərəfindən tənqid edilmişdi. Yaponiyada 5 ilə yaxındır ki, yaşayıram. Çox xoş münasibətdə olduğum ailə dostlarım da var. Amma evinə dəvət edənlər çox azdır. Hər zaman restorana dəvət edirlər. Bu tək mənim başıma gələn hadisə deyil, digər xaricilərlə söhbətlərimizdə də ən aktual mövzulardan biridir bu. Biz isə Azərbaycana gələn qonağı ilk olaraq öz evimizə dəvət edirik. Burada bizim fərqimiz ortaya çıxır. Yaponlarda digərlərinə bir balaca soyuq yanaşma var. Mən digərləri dedikdə yapon millətindən olmayanları nəzərdə tuturam. Onu da qeyd edim ki, bunu heç də hər bir yapona aid etmək olmaz, amma ümumi görünən mənzərə məhz budur. Yaponiyada yaşayan istənilən xarici dediklərimi təsdiq edə bilər. Kim bilir, bəlkə də xaricilərə qarşı bu qədər sərt olmaqları, hər adamı ölkəyə buraxmamaları, ölkənin bu qədər təhlükəsiz və stabil olmasına gətirib çıxarıb. Bu məsələyə müxtəlif mövqelərdən yanaşmaq olar. Kifayət qədər aktual olan mövzudur.
-Yaponlar deyir ki, əgər mühiti dəyişmək mümkün deyilsə, mühitə olan münasibəti dəyişmək lazımdır. Bu fikir onların ada xalqı olmasındanmı irəli gəlib?
– Mühiti dəyişmək üçün insan gərək özünü dəyişməkdən başlasın. Mühitə uyğunlaşıb, həmin mühitə tam hazır olduqdan sonra nələrisə dəyişmək mümkündür. Normal həyatda da hər hansısa qanun xoşuna gəlmirsə, onu həmən dəyişə bilmərsən. İlk öncə həmin qanunlara riayət etməlisən. Və, nəhayət, yüksək səviyyəyə çatıb, həmin qanunlara tam alışdıqdan sonra onları dəyişməyə gücün ola bilər. İlk öncə özümüzü mühitə uyğunlaşdırmalıyıq. Bilirsiz, biz azərbaycanlılar müxtəlif imperiyalar və böyük dövlətlər tərəfindən dəfələrlə işğala məruz qalmışıq. Bütün bunların yaxşı yalnız bir tərəfi vardır. Bütün bu işğallar nəticəsində müxtəlif millətlərə qaynayıb qarışmışıq. Buna görə bu gün müxtəlif din və millətlərdən olan insanlarla tolerant davrana bilirik. Biz buna alışmışıq. Yaponiya isə qeyd etdiyiniz kimi, ada dövlətidir. Özləri də çox zaman nəyisə anlamayanda bildirirlər ki, biz ada dövlətiyik, materik dövlətlərindən fərqli düşüncələrə sahibik. Yaponiya ABŞ (1945-1952) işğalını çıxmaq şərtilə, demək olar ki, hər zaman müstəqil olmuş dövlətdir. Yaponlara qaynayıb- qarışmaq üçün yapon dili savadına malik olmalısan. Yüksək səviyyədə yapon dilini bilən insanlara qarşı xüsusi sevgiləri vardır. Əgər onların qəbul etdiyi bütün qaydalara mədəni formada riayət edirsənsə, çalışqan və vuruşqansansa, öz ideyaların, öz düşüncələrin uğrunda sonunadək yolundan dönmürsənsə yaponlar səni qəbul edirlər və sevirlər.
-Ümumiyyətlə, mühitə münasibəti dəyişməyin hansı perspektivi var?
-Şəxsən öz təcrübəmdən deyə bilərəm ki, mühitimi Yaponiyaya dəyişməklə doğma vətənim olan Azərbaycanı yenidən kəşf etmiş oldum. İçəridən deyil də, kənarlardan da görmüş oldum. Azərbaycana olan xarici sevginin şahidi oldum. Yaponlara Azərbaycanla bağlı dərslər, seminarlar deyə-deyə öz ölkəm haqqında daha çox öyrənmiş oldum. Əslində, öz dövlətim haqqında heç də kifayət qədər savadım olmadığının şahidi oldum. Ölkə daxilində olanda düşünürdüm ki, çox şeyi bilirəm. Bu isə məni daha çox öyrənməyə və araşdırmağa həvəsləndirdi. Dövlətimə və millətimə olan sevgim daha da artmış oldu. Mühiti dəyişməkdə böyük fayda vardır. Eyni yerdə qalmaq olmaz. Dəyişikliklərə açıq olmalı, daim irəli addımlamaq lazımdır.
– Yapon milli geyimi kimonoda özünü azərbaycanlı kimi hiss etmək nə dərəcədə asandır?
-Azərbaycanlı olmaq bir vicdan işidir. Bunun hər hansısa bir geyimlə əlaqəsi yoxdur. Mən bütün qanımla, canımla azərbaycanlıyam. Azərbaycanlı olmaq mənim daxilimdə məni yaradan hisdir. Bu bütün hislərin ən alisidir. Geyim isə gündəlik tələbata uyğun bir tələbat.
-Siz yapon məktəblərində Azərbaycanın tanıtım dərslərini keçirsiz. Maraqlıdır, məktəblilər Azərbaycanla bağlı nə kimi suallar verirlər?
– Bu çox gözəl bir proqramdır. Mən hər zaman “Mənim Ana Vətənim, azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” adı altında dərs deyirəm. Hər dəfə diqqəti ayrı-ayrı mövzular üzərində cəmləşdirirəm. Azərbaycanda ayrı-ayrı din və dil mənsublarının, müxtəlif millətlərin nümayəndələrinin azad və firavan şəkildə yaşaması üçün bütün hüquqi əsasların olmasını qeyd edirəm.
Hər zaman tələbələr qeyd edirlər ki, ilk dəfədir ölkəniz haqqında məlumat alırıq. Seminar bitən kimi hər biri xüsusilə qeyd edirlər ki, hökmən Azərbaycana səfər etmək, ləzzətli süfrəmizə qonaq olmaq, insanlarımızı daha yaxından tanımaq istəyirlər. Bir neçə həftə sonra məktəb rəhbərliyi tərəfindən şagirdlərin yazdığı məktublar göndərilir ünvanımıza. İnanın ki, bu məktublarda şagirdlərin öyrəndiklərini, Azərbaycana yaranmış sevgi hislərini görəndə sevinc göz yaşlarını saxlamaq olmur. Bu hissi anlamaq heç də hər kəsə nəsib olmur. Sualları, əsasən, Azərbaycanda digər millətlərin nümayəndələrinin yaşayıb yaşamaması və onlara münasibətin necə olması, azərbaycanlıların yaponlara münasibəti, İslam dini, mentalitetimizlə bağlı olur. Onları daha çox təəccübləndirən isə müalicəvi Naftalan nefti vannası, Naxçıvanın duz dağıdır.
-Yaponiya ilə bağlı hansı maraqlı məqamlar diqqətinizi çəkir?
-Yaponiya ilə bağlı maraqlı məqamlar çoxdur. Danışmaqla bitməz. Amma onu deyim ki, burada meşələrdə canavarlar olmasa da, ayılar yaşamaqdadır. Tez-tez hücum edirlər və ölənlər də var yaşlı yaponlar arasında. Bilirsiz, yaşlı yaponlar dağlara çıxmağı, meşələrdə gəzməyi çox sevirlər. Yaponiyalılarda dağlara qarşı xüsusi bir sevgi vardır. Müqəddəs bir varlıq kimi yanaşırlar. Bundan əlavə, burada Nara şəhəri, Hiroşimada yerləşən Miyajima adasında marallar küçələrdə gəzirlər. Bu özü turist axınına böyük töhfələr verir. Şimal adası Hokkaydonun şərqində maşın sürəndə isə yollarda tez-tez işarələrlə göstərilir ki, ehtiyatlı olun, maralla toqquşa bilərsiniz. Marallar tez-tez yollara çıxırlar və qəzalara səbəb olurlar. Hokkaydo adasında o qədər maral var ki, hökumət onları necə idarə etmək yolunda çox əziyyət çəkir. Hokkaydodan söz düşmüşkən, buraya çox qar yağır. İlin 6 ayı qar olur. Gecələr və səhərlər müntəzəm olaraq qar təmizləyən traktorlar işləməsə, bəlkə də, şəhərlər qar altında itər. Mən 4 il Sapporo şəhərində yaşamışam. Əsl qış nədir bilirəm. Hər səhər 6-da oyanıb qonşularla birlikdə qapı-bacanı qardan təmizləyərdik. İnsan özünü nağıllar aləmində hiss edir. Digər bir məlumat – Yaponiyada onsen adlanan ictimai hamamlar vardır. Buraya çılpaq bədənlərin qovuşduğu yerlər də deyirlər. Təbii olan yerlərdə yerdən çıxan isti bulaqların suyunda insanlar vanna qəbul edirlər. Bizim cənub bölgələrimizdə olan isti sular kimidir, amma daha sistemli formada inkişaf etdirilib. Təsəvvür edin, qışda qar yağıb, hər tərəf ağappaq. Siz isti suyun içində, Sakit okeana və ya hər hansısa əsrarəngiz gölə tamaşa edirsiniz. Xalqın hər baxımdan dincələməyi üçün şərait yaradılıb. Yaponiya, sözün həqiqi mənasında, nağıllar və arzuların məkanıdır.

Fuad Hüseynzadə
Tarix: 05.12.2016 | Saat: 19:47:00
img112

コメントを残す

search previous next tag category expand menu location phone mail time cart zoom edit close