Yaponiyada Bakını güclü və səviyyəli rəqib kimi görürlər
Cari ilin Avqust ayının 9-u və 10-da, hər biri təxminən 30 dəqiqə olmaqla Yaponiyanın məşhur Kansay Televiziyasının ən baxılan verilişlərindən biri olan “Hodo Ranna” verilişində Azərbaycana həsr olunmuş xüsusi verilişlər yayımlanıb. Verilişlərin hazırlanmasında Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü, həmyerlimiz Əlibəy Məmmədov yaxından iştirak etmişdir.
Verilişi hazırlamaqda məqsəd Bakı şəhəri və Azərbaycan haqqında Osakalıları məlumatlandırmaq olmuşdur. Belə ki, həm Osaka şəhəri həm də Bakı şəhəri 2025-ci il EXPO-suna namizədliyini irəli sürmüşlər. Verilişi hazırlayan Kansay televiziyasının baş ofisi isə məhz Osaka şəhərində yerləşir. Onlar Osakanın rəqibi olan Bakı şəhərini daha yaxından tanımaq üçün Azərbaycana öz nümayəndələri göndərmişlər.
Kansay televiziyasında iş səfərində olan Əlibəy Məmmədov vurğulamışdır ki, veriliş ümumən həm Azərbaycan həm də Bakı şəhərinin Yaponiyadakı təbliğatı işində çox mühüm rol oynamışdır.
Yaponlar Bakı şəhərinin həddindən artıq təmiz olmasına, burada həyat səviyyəsinin yüksək olmasına heyran qalmışlar. Verilişdə Bakı şəhərinin təmizliyi dəfələrlə vurğulanmışdır.
Bakı şəhərinin görməli yerləri, Qız Qalası, Şirvanşahlar sarayı, Xalça muzeyində olmuşlar. Nizami küçəsində, Dənizkənarı milli parkda yerli insanlarla və xarici turistlərdən müsahibələr almışlar.
Azərbaycanda artmaqda olan turistlərin sayı verilişin diqqətindən yayınmayıb.
Azərbaycan mətbəxi xüsusilə təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, Plov Azərbaycan mətbəxinin şahıdır. Azərbaycanda çəkilişlərdə iştirak edən yaponiyalı aparıcı xüsusilə qutab və kətəni çox bəyənib.
Aparıcı eyni zamanda Yanar Dağda olmuşdur. O qeyd etmişdir ki, Azərbaycan zəngin neft ölkəsidir. Yaponiyada büdcə əsas etibarilə vergi ilə tənzimlənsə də, Azərbaycanda bu daha çox neftlə tənzimlənir. Azərbaycan höküməti neftdən gələn vəsaitlərlə ölkə iqtisadiyyatına inkişaf etdirmişdir. İnsanların gəlirləri artmaqdadır.
Yaponiyalı xanım aparıcı həm də Naftalan neft vannalarını qəbul edib. Naftalan neftinin insan sağlamlığına olan xeyri və müsbət nəticələri haqqında geniş müzakirələr aparılıb.
Azərbaycanın Avropa və Asiyanı birləşdirən, geosiyasi cəhətdən kifayət qədər əlverişli mövqedə yerləşməsi xüsusilə qeyd olunub. O da bildirilib ki, Azərbaycanda Yaponiyanı çox sevirlər.
Sonra yaponiyalı aparıcılar Bakı şəhərinin Yaponiyanın Osaka şəhəri üçün çox güclü, çətin və səviyyəli bir rəqib olduğunu bildiriblər.
Qeyd edək ki, 2025-ci il EXPO-su üçün Bakı, Osaka ilə yanaşı həm də Paris və Yekaterinburq şəhərləri də öz namizədliyini irəli sürmüşlər.