Yaponiya ilə maraqlanan insanların əksəriyyətinə məlumdur ki, burada əhalidə qocalma gedir. Doğuşların sayı kəskin şəkildə azaldığına görə uşaqlar, yeniyetmələr və gənclərin sayında azalma müşahidə olunur. Yaponiya cəmiyyətini artıq qoca əhali üçün düşünülmüş bir məkan da adlandırmaq olar. Təsadüfi deyildir ki, ötən (2016) ildə Yaponiyada doğulan uşaqların sayı 1 milyondan az olmuşdur. Bu son dəfə Meici dövrünün (1869-1912) ortalarında müşahidə olunmuş rəqəmdir. Ən əsas problemlərdən biri isə Yaponiyanın gələcək nəslinin kəskin azalması nəticəsində ölkənin iqtisadi inkişafının və sosial sığorta sisteminin riskli bir vəziyyətlə üz-üzə qala bilməsidir. Yaponiyada övlad dünyaya gətirən qadınların sonradan yenidən cəmiyyət həyatına, iş həyatına dönüşündə böyük əngəllər mövcuddur. Buna baxmayaraq hazırkı baş nazir Şinzo Abe hakimiyyətinə yenidən döndükdən (2012 dekabr) sonra qadınların cəmiyyətdə artan nüfuzu göz önündədir. Eyni zamanda uşaq böyüdən anaların iş həyatına geri dönüş göstəricisi 70%-ə qədər yüksəlmişdir. Bununla belə işə çıxmaq istəməsinə baxmayaraq bunu edə bilməyən analar da vardır. Buna əsas səbəb isə bağçaya qədərki müəssisələrin sayının məhdudluğudur. Son göstəricilərə görə Yaponiyada 23700 uşaq bu müəssisələrin olmamasından evlərdə qalırlar. Qadınların işə çıxa bilməməsi onların cəmiyyətdə fəallağını azaldır. Uşaqlara qayğını artırmaq istəyən Yaponiya höküməti bu istiqamətdə ciddi işlər görməkdədir. Bununla belə hələ ki, məsələnin köklü həllinə nail olunmayıb. Müəssisələr tikilsə də bir çoxunda orada işləyəcək adam tapılmır.
Qeyd: Yaponşünaslar və Yaponiya ilə maraqlanan hərkəs üçün.