İki il sonra Yaponiyada təxminən 200 ildən sonra ilk dəfə imperator sağ ikən digəri ilə əvəz olunacaq. Son dəfə bu hadisə 1817-ci ildə baş vermişdir. Yaponiyada hər imperatorun öz dövrü olur. Məsələn indi imperator Akihitoya görə Yaponiyada Heysey (「平成」hər yerdə sülh) dövrünün 29-cu ilidir. Bundan əvvəlki Şova (Showa 「昭和」) dövrü idi ki, bu da 63 (64) il davam etmişdir. Biz də burada əksər sənədlərdə 2017-ci il deyil, məhz Heysey 29-cu il olaraq qeydlər aparırıq. Heysey dövrü qərar verilməzdən öncə Shubun və Seika adları da təklif olunsa da sonda Heysey dövrü seçilmişdir. Bu adı isə o zaman Tokyo Universitetinin fəxri professoru Yamamoto Tatsuro təklif etmişdir. Akihito səhhəti ilə bağlı bu işi davam etdirə bilməyəcəyini ötən ildən qeyd edir. Yaponiya Nazirlər Kabineti də xüsusi qərar verərək, imperatorun yaşadığı müddətdə vəzifədən getməsini yəni onu sağ ikən digər birinin əvəz etməsini qanuniləşdirən sənədi bu ayın 16-da rəsmən hərkəsə bəyan edəcəkdir. Çox güman ki, 2019-ci ilin Yanvar ayı və ya Aprel ayında Yaponiyada yeni dövr başlayacaq və biz o ilin ilk ilini bütün sənədlərdə qeyd edəcəyik. İndi əsas müzakirə mövzusu bununla bağlı olacaq tədbirləri dövlət tədbirləri kimi görüb görməməkdədir. Bildiyiniz kimi imperator Yaponiyada simvolik xarakter daşıyır. Bu baxımdan hazırda Nazirlər Kabineti ilə İmperator Sarayı arasında kəskin fikir ayrılığı vardır. Yeni başlayacaq dövrün adını isə o dövrə keçməzdən 6 ay öncədən bəyan edəcəklər.
Qeyd: Son günlər Yaponiya qəzetləri əsasən bu məsələdən yazır. Yaponşünaslar və jurnalistlər üçün.