Baxır məsələyə hansı mövqedən yanaşırsan.
Azərbaycanı təmsil edən nümayəndə heyətinin 2016 Rio Olimpiadasında uğurlu çıxışı əslində doğurdan da Azərbaycanın həm də idman ölkəsi olması imicini gücləndirmiş oldu.
Mən yaşadığım Yaponiyada bu müddət ərzində bir neçə şəhərlərdə oldum və hər görüşdüyüm insana azərbaycanlı olduğumu söylədikdə, yaponlar: “Rio Olimpiadasında yaxşı çıxış etdiniz elə deyilmi?”, “Döyüş növlərində çox güclüsünüz”, “Niyə siz də güləş və cüdo bu qədər güclüdür” və s kimi suallar və şərhlər verməyə başladılar.
Bu bizim həm də informasiya müharibəsində bir növ irəli addımlamamıza böyük təsir göstərdi.
Burda Azərbaycanı demək olar ki, tanımırlar. Amma bizim qəhrəman idmançılarımızın sayəsində Azərbaycan adı gündəmə gətirildi və barəsində müsbət fikirlər, xoş rəylər formalaşmağa başladı.
İndi, legionerlərlə bağlı müəyyən tənqidlər var bizim aidiyyəti qurumlar ünvanına. Amma nəzərə almaq lazımdır ki, bu legionerlik məsələsi Azərbaycandan başlamış bir tendensiya deyildir. Bu əksər ölkələrin təcrübələrində görüşmüşdür və görülməkdədir. Eyni zamanda bu həmin legionerlərdir ki, Azərbaycan adı naminə, bayrağı naminə, onun himni naminə canla-başla meydana çıxıb, əsl qəhrəmanlıqlar göstərirdilər. Bu insanlar Azərbaycanımız üçün var gücləri ilə vuruşurdular.
Mənim gözümdə belələri daha qiymətlidir, nəinki ölkənin hər hansısa bir uğuruna sevinmək əvəzinə, hər zaman onda müəyyən məqamlar tapıb tənqid etməyə çalışanlar, özləri isə heç bir nailiyyətlə yadda qalmayanlar. Legionerlərlə bağlı məsələni daha çox tənqid edənlər, əsas etibarilə Azərbaycanın ölkə daxilində olanlardır və xaricdə (xüsusilə Yaponiyada) onların sayəsində Azərbaycan adının necə də zirvələrə ucaldığını görə bilmirlər.
Əlbəttə, öz milli (milli anlayışı əslində çox təzadlıdır) insanlarımızın çıxış etməsi daha sevindirici ola bilərdi amma bunun üstünə çox getmək ölkədə ifrat dərəcədə millətçiliyin ortaya çıxmasına gətirib çıxarda bilər ki, bu da əslində cəmiyyətə ziyanlı bir problemə çevrilər.
Azərbaycan dövləti təkcə azərbaycanlıların deyil, burada yaşayan çoxsaylı xalqların da dövlətidir.
Belə məsələlərdə diqqətli olmaq gərəkir. Bununla belə hər kəsi öz şəxsi mövqeyində haqlı görürəm.
Kim hansı təfəkkürə malikdirsə, hansı istiqamətdə gedirsə ona əsaslanaraq qiymətləndirir məsələləri.
Əlibəy Məmmədov
2016.08.27
Tokyo