Hər vaxtınız xeyir olsun. Tokyodan Əlibəy Məmmədovdur.
Artıq bir çoxlarının bildiyi kimi, ABŞ-ın Nevada ştatının Reno şəhərində beynəlxalq elmi konfransda Dağlıq Qarabağla bağlı elmi çıxışım üçün bu ölkədə səfərdə oldum.
San-Fransisko və Lon-Angeles şəhərlərində də oldum.
Uzun illər Yaponiyada yaşayan biri kimi, Amerika mənə bir çox mənalarda çox qəribə gəldi. Yaponiyayla müqayisədə özüm üçün müsbət və mənfi məqamlarla rastlaşdım. Əlbəttə, bir çoxları mənim fikrimlə razılaşmaya bilər. Bu təbii bir haldır. Eyni zamanda cəmi bir neçə gün bir ölkədə qalıb onun haqqında konkret söz söyləmək o qədər də obyektiv olmazdı amma bu yazımda çalışacam gördüklərim və hiss etdiklərimi yazım.
San-Fransiskonu çox möhtəşəm, ecazkar və çox təmiz bir şəhər kimi bilirdim. Daha doğrusu eşitmişdim. Amma öz gözümlə gördüklərim bunun tam əksini sübut etdi.
Düzdü çox müasir şəhərdir. Bahalı maşınlar sürülür. Hündürmərtəbəli binalar çoxdur. Bütün brendlər var. Yaponiyayla müqayisədə daha geniş və böyük avtomobillərə üstünlük verilir.
Amma ən vacib məqamlarda bir balaca geri qalır. Mən San-Fransiskonun ən məşhur, ticarət mərkəzlərindən biri olan Pavel küçəsində oldum. Burada hər addım başı evsizlər gəzirlər. Geyimlərdə pis gündə. Dilənçilər çoxdur. Bir vaxtlar Bakıda da bol idi.
Yaşlı və pinti geyimlilər çoxdur. Miqrantlar çoxluq təşkil edir. Yaponlar, çinlilər, hindlilər, qara dərililər kifayət qədərdir. Elə ilk bir neçə saat içində metroda bir qara dərili kifayət qədər idman stilində olan bir cavan mənə yaxınlaşdı və təxminən 20 dəq dil tökdü, az qalmışdım kövrəlib istədiyi məbləği verəm. Dediyinə görə evə qayıtmaq üçün pula ehtiyacı var idi. Yəqin bura gələn turistlərdən belə pul qopartdırlar.
Metroda oturmuşkən qəfil kimsə daxil olur və hər hansısa diski və digər jurnalları məcbur satmaq və ya hər hansısa bir gecə klubuna məcburi dəvət etməyə cəhd edir.
Yol polisi (boyu təxminən 2 metr olardı) daxil olur qatara. Təxminən 2 stansiya gedir düşəndə əlindəki qəzeti necə gəldi atır qatara. Pintilikmi?
Metrodan söz açmışkən, kifayət qədər baha idi. Üstəlik çox köhnə və gec hərəkət edirdi. Buna baxmayaraq vaxt intervalı qorunurdu. Bu ən təşəkkür ediləsi hal idi.
Metroya insanlar itlərlə normal daxil olurdular. Dəhşətə gəlmişdim. Yaponiyada belə bir halla heç zaman qarşılaşmamışam. Üstəlik velosipedlə metroya girən cavanlar…
Tamamilə başqa bir dünya. Amerikanı həqiqətən tamam başqa cür təsəvvür edirdim. Arzuların dünyası və nəbilim nələr…
Dünyanın hegemon dövləti olaraq, əksər ölkələrin həsəd apardığı iqtisadi gücə sahib ölkə belə ola bilərmi yəni? Ölkə daxilinin kifayət qədər zəngin və təmiz, mədəni olmasını gözləyirdim. Amma qarşılaşdığım mənzərə fərqli idi.
Hərdən Yaponiyada insan rəftarlarına görə bezirsən, stress yığılır, başqa ölkəyə getmək istəyirsən. Amma digər ölkələrə gedəndə qədir-qiymətini bilirsən Yaponiyanın. Yaponiya küçələrinin, metrolarının ümumiyyətlə, bütün növ ictimai nəqliyyatda olan səliqə səhmana heyran olursan burada. Amerikada isə tam fərqli idi.
Amerikada ən çox xoşuma gələn hal isə insan münasibətləri idi.
Adi liftdə olarkən belə insanlar sənə salam verirlər. Düşəndə gecən xeyrə qalsın deyirlər. Birinci biraz duruxmuşdum. Axı Yaponiyada belə şeylər demək olar ki, yoxdur.
Hətta 4 ildir tanıdığım adam(lar) tədqiqat otağına və ya iş otağına gələndə salamsız-sağolsuz oturur işin görür gedir. Əminəm ki, bütün xaricilər bu haldan əziyyət çəkirlər.
Metroda oturanda yanın boş olsa da, metro dolu olsa da kimsə sənin yanında oturmağa çalışmır. Bir növ çəkinirlər səndən. Xüsusilə Sapporo şəhərində bunun şahidi tez-tez oluram. İlk vaxtlar biraz pis olsam da, sonradan düşündüm ki, belə daha yaxşı, çantamı da ayrıca oturacağa qoyum rahat gedim.
Amerikada hər kəs mehriban şəkildə sənə yaxınlaşır, söhbətləşirdi. Amma Yaponiyada insanlar bir növ çəkinirlər səndən. Xaricilərə qarşı çəkingənlik var canlarında.
İki ölkə arasında fərqlər çoxdur. Məsələn götürək adi Makdonaldı. Yaponiyada o qədər dadsızdır ki, adam getmək istəmir. Burada yaşadığım 4 il ərzində cəmi 4 dəfə gedəm ya getməyəm. Amma Amerikada olduğum müddətdə bir neçə dəfə getdim. Kartoşkaları o qədər dadlı bişirirlər ki, gəl görəsən. Üstəlik burada porsiya da böyük olur. Yaponiyada isə çox baha olmasına rəğmən porsiya da kiçik olur.
Amerikada xoşuma gələn digər bir məqam isə hər yerdə kredit kardlarla ödəniş etməyin mümkünlüyü idi. Yaponiyada bir çox elit yerlərdə bəzən şahidi olursan ki, nəğd pul tələb edirlər. Bu isə əlavə narahatçılıq yaradır. Bu qədər inkişaf etmiş ölkə niyə axı tam kredit kard sisteminə keçmir?
Belə……
Bu yazı mənim tamamilə subyektiv düşüncələrimdir. Təzadlı anlar ola bilər.
Yenə yazacam.
Əlibəy Məmmədov
Tokyo
28 Aprel 2016-cı il
