
Salam dostlar. Sizə bir qədər Yaponiyanın gəzməli görməli yerləri haqqında məlumat vermək istərdim. Bu məqalə əsas etibarilə yaponşünaslar, yaponsevərlər, təbiət və çiçək heyranları üçün nəzərdə tutulmuşdur. Sizin üçün çox maraqlı olacağına əminəm. Bu dəfə Sizləri tanış etmək istədiyim məkan Yaponiyanın daxilində həddindən artıq çox məşhur bir yer olan, öz lavanda çiçəkləri ilə məşhur Hokkaydo adasının Furano şəhəridir. Hokkaydo adası Yaponiyanın quru ərazisinin təşkil edən 4 əsas adadan biridir. Yaponiyanın şimalında yerləşir və əsas etibarilə özünün kənd təsərrüfatı, möhtəşəm təbiəti, ləziz yeməkləri ilə məşhurdur.

Hokkaydo adasının mərkəzi hissəsində yerləşən Furano şəhərinin NAKAFURANO (Mərkəzi Furano) adlı hissəsində Tomita Ferması (Tomita Farm) var. Tomita ailəsinin sahib olduğu bu ferma öz gül-çiçəkləri ilə məşhurdur və 1958-ci ildən etibarən fəaliyyət göstərir. Burada bir çox gül növləri becərilsə də, əsasən öz lavandaları ilə məşhurdur. Burda lavanda dadı verən dondurmalar, çaylar və digər içki növləri satılır. Lavanda ətirli dondurma.

Ferma ərazisində restoranlar, hədiyyə mağazaları vardır. Burada lavanda yağları, lavanda ətirli kosmetik məhsullar və digər maraqlı suvenirlər əldə etmək mümkündür. Qiymətlər bir qədər yüksək olsa da burada düşünmədən xərcləməyə dəyər.

Lavanda sezonu əsasən İyul ayının 10-20 arası olur. Bu sezon burda o qədər turist olur ki, iynə atsan yerə düşməz. Mən Yaponiyada olduğum müddətdə bir neçə dəfə getmişəm. Bu dəfə xarici tələbələr və şəhər camaatı ilə birlikdə cəmi 45 nəfər olmaqla getdik. Sapporo şəhərindən təxminən 2 saat yarımlıq məsafədə yerləşir. Ötən il 105 nəfərlik böyük bir qrupla getmişdik. Qeyd edim ki, hər iki səfəri mənim rəhbərlik etdiyim Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyası təşkil etmişdir. Şəxsən lavanda çiçəklərinin görkəmini o qədər sevməsəm də, ətrinə heyranam.
Burada Tomita Fermasında həm də yemiş yetişdirilir. Çox gözəl görkəmə, ətrə və dada malik olan yemişlər eyni zamanda kifayət qədər baha qiymətə satılır. Bir kiçik dilimi 300 yenə (3 manat). Təxminən 2 kiloqramlıq yemişi 30-50 manat arasında satırlar. Burada satılan yemişləri həmin gün yemək olmur. Evə gətirdikdən sonra 4 gün gözləmək lazım gəlir.

Gözəlliyi ilə heç də Furanodan geri qalmayan digər bir məkan isə Biey-də yerləşir. Buranın adı Şikisai no Oka-dır. Hektarlarla ərazidə gül-çiçək əkib becərilir. Turistlərin sayı olduqca çoxdur. Xüsusilə də Çinli qonaqlar üstünlük təşkil edir. Bəzi yerlərdə yerli yaponlardan daha çox çinli turistlərə rast gəlinir. Aşağıda bir neçə şəkli bölüşmək istərdim.


Şikisai no Okanı mən şəxsən Furanodan daha çox xoşlayıram. Düzdür müasirlik, servis baxımından Furano buranı üstələsə də, genişlik, azadlıq baxımından mən ikinciyə üstünlük verirəm. Daha geniş daha böyük daha rahat ərazi! İnsan belə yerləri görəndə yaponlara heyran qalır. Əlbəttə bəyənmədiyimiz, öyrəşmədiyimiz xüsusiyyətləri olsa belə yaponlar adi bir yerdə heçnədən gözəlliklər yaratmaqda və bunu təbliğ etməkdə ustadırlar.
Bu məqaləni bir balaca da genişləndirib, şəkillər əlavə edəcəm.