“Qarpız oğurluğu”
Yayda qarpız sezonu kənd uşaqları həmçinin də mənim kənd həyatımda ən maraqlı sezonlardan biri idi. Deməli hər dəfə qarpız aparan traxtorlar bizim kənddən keçəndə darvazaların arxasında gizlənmiş kənd uşaqları ilə həmin traxtorlara “hücum çəkərdik”. Qarpızları traxtorlardan salmaq məqsədimiz idi. Əksər hallarda qarpızlar əllərimizdən düşür parça-parça olurdu. Bununla belə bir neçə kənd uşağı var idi ki, onlar “bu işin” peşəkarına çevrilmişdilər və çox hallarda sağlam-bütöv şəkildə qarpızı götürə bilirdilər. Bir çox hallarda qızlar da köməyimizə çatırdı. Traxtorçular çox zaman bilərəkdən sürəti aşağı salırdılar ki, uşaqlar qarpız götürə bilsinlər. Onlara mehriban traxtorçular deyərdik. Əslində kənddə qarpız çox ucuz idi amma bilmirəm nədənsə uşaqlarla bu üsulla qarpız ələ keçirmək daha maraqlı gəlirdi bizə. “Bu iş” , sanki, bizim üçün bir riskli oyuna çevrilmişdi.Təxminən 12-15 yaşlarında olardıq. Bir dəfə mən də traxtora arxadan dırmaşanda sürücü bilərəkdən sürəti artırdı. Onu da deyim ki, kəndimizin yolları pis gündə idi (indi necədir bilmirəm) və hər dəfə maşın keçəndə toz-torpaq qalxırdı. Bu dəfə traxtorçu mehriban çıxmadı. O, sürəti artırdı. Artıq tozdan göz-gözü görmürdü. Elə bir şərait yaranmışdı ki, geri tullana da bilmirdim. Çox sürətlə gedirdi bilərəkdən. Nəisə belə davametməz deyib, kəndin çıxacağına yaxın özümü sürətlə gedən traxtordan tulladım. Bütün dizlərim, dirsəklərim cırıq-cırıq olmuşdu. Hamısı da nəyə görə bir qarpıza görə. Və inanın ki, bu sezonda nənəmgilin evi qarpızla dolu olardı. Amma bir riskli oyun kimi bununla məşğul olardıq. İndi həmin anları xatırlayanda insanın üzündə çox xoş bir təbəssüm yaranır.
May 2014-cü il, Rəsmi Facebook Accauntumdan.