Yaponiyada Qar Festivalı keçiriləcək – Fotoreportaj

AZƏRBAYCAN ARTIQ İKİNCİ DƏFƏDİR Kİ, BU FESTİVALDA TƏMSİL OLUNUR

Azərbaycan tarixdə ikinci dəfə Yaponiyanın Hokkaydo adasında yerləşən və dövlətin şimal paytaxtı hesab edilən Sapporo şəhərində keçiriləcək 67-ci “Sapporo Beynəlxalq Qar Fiqurları” festivalında təmsil olunacaq.

1822 nəfər xarici tələbəsi olan Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə Əlibəy Məmmədovun təşəbbüsü ilə sözügedən qar festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunacaq.

Sözügedən festival hər il ənənəvi olaraq fevral ayının 5-dən 11-dək – 1 həftə ərzində Sapporo şəhərinin mərkəzi parkı olan “Ohdori”də keçirilir. Hər il festivalı izləməyə 2 milyondan artıq yerli və xarici turist gəlir. 2015-ci ildə turistlərin sayı təxminən 2 milyon 350 min nəfər olub. 2015-ci ildə böyük və kiçik ölçülü 207 qar fiquru hazırlanıb. Bu il də qar fiqurlarının sayının 200-ü ötəcəyi gözlənilir.

IMG_4518.JPG
Azərbaycanla bağlı çıxış edərkən. 31 yanvar 2016-cı il

Festivalın əsas təşkilatçıları Sapporo şəhər İcra Hakimiyyəti, Sapporo Turizm Assosiasiyası, Sapporo Şəhər Təhsil Komitəsi, Sapporo Ticarət və Sənaye Palatasıdır. Yerli telekanallar, ayrı-ayrı şirkətlər və assosiasiyalar festivala aktiv şəkildə dəstək verənlər sırasındadır.

Festival zamanı turistlərə ayrı-ayrı ölkələrin mədəniyyət nümunələri, nağıl qəhrəmanlarının qardan hazırlanmış heykəlcikləri nümayiş olunur. Eyni zamanda, ayrı-ayrı ölkələrin mətbəxinin dadına baxmaq üçün xüsusi dükanlar təşkil olunur, Hokkaydonun yerli xalqı hesab edilən aynuların milli-mədəni irsi diqqətə çatdırılır.

Festival zamanı şəhərin mərkəzi küçələrində nəqliyyatın gedişi tamamilə dayandırılır. 2 milyondan artıq turisti qəbul edə bilmək üçün xüsusi nəzarət sisteminə keçilir.

Ə. Məmmədovun sözlərinə görə, “Sapporo Beynəlxalq Qar Fiqurları” festivalı Azərbaycanı tanıtmaq və onun haqqında daha yaxşı imic yaratmaq baxımından ələ düşmüş möhtəşəm bir fürsətdir.

2015-ci ilin aprelin 23-də Ə. Məmmədov Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasına ikinci müddətə prezident seçildikdən sonra 2015-ci ilin oktyabr ayında yenidən Azərbaycanın təmsil olunması təklifi ilə çıxış etmək hüququnu əldə edib. Bu dəfə də həmyerlimizin təklifi “Sapporo Ohdori Lions Club”un xüsusi iclasının yekun nəticəsi olaraq qəbul edilib.

Bu ilki mövzu 2007-ci ildə layihəsi məhşur memar Zaha Hadid tərəfindən işlənmiş, müasir Bakının simvollarından biri hesab edilən Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli azərbaycanlılar olub.

Əlibəy Məmmədov vurğulayıb ki, ötən il Qız Qalası, bu il isə Heydər Əliyev Mərkəzinin qar fiqurlarının yaradılması təklifi ilə çıxış etməsi heç də təsadüfi deyil: “Bu işdə məqsəd, yaponlar və xarici turistlər arasında Azərbaycan, onun tarixi, mədəniyyəti, insanları haqqında dərin təəssüratlar yaratmaq, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında məlumatlar verməkdən ibarət olub. Eyni zamanda, turistlər Bakının qədim və müasir simvolları haqqında məlumatlanmış olacaqlar”.

Bu məqsədlə bir neçə həftə öncədən qar fiqurunun hazırlanmasına başlanıldığını deyən həmyerlimiz bildirib ki, qar fiqurun əsas hissəsi professional şirkət tərəfindən yaradılıb: “Yanvarın 31-də isə Hokkaydo Universitetinin Xarici Tələbələri, “Sapporo Ohdori Lions Club”un fəxri üzvləri, Sapporonun orta məktəb tələbələri və ziyalıları daxil olmaqla ümumilikdə 20 ölkədən 70 nəfərin iştirakı ilə qar fiqurunun üzərində hazırlıq işləri aparılıb”.

525-ci qezet real varianti.jpg

Hündürlüyü 4, eni 3 metr olan qar fiqurunun hazırlanması ərəfəsində “Tokyo Dome Hotel Sapporo” otelində,  Beynəlxalq Qar Fiqurları festivalında Azərbaycanın təmsil olunması ilə bağlı “Sapporo Ohdori Lions Club”u tərəfindən xüsusi ziyafət təşkil olunub.

Ziyafətdə “Sapporo Ohdori Lions Club”un hazırkı prezidenti Oya Ryusuke, ötən ilki prezidenti Yamada Masayuki və “Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyası”nın prezidenti Əlibəy Məmmədov Azərbaycan haqqında geniş şəkildə çıxış ediblər.

O. Ryusuke qeyd edib ki, Azərbaycan artıq ikinci dəfədir ki, festivalda iştirak edəcək: “Bu çox sevindirici bir haldır. “Sapporo Ohdori Lions Club”un büdcəsindən hər il Qar Fiqurları Festivalı üçün müəyyən qədər vəsait ayrılır. Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təklifini müzakirə etdikdən sonra bu il də biz bu vəsaiti Azərbaycan üçün ayırmaq qərarına gəldik. Çox sevinirik ki, Azərbaycanın Yaponiyada tanınma işində müəyyən qədər paya sahibik”.

Daha sonra Y. Masayuki çıxış edərək bildirib ki, ötən il Azərbaycan festivalda Qız Qalası və milli geyimlərdə olan azərbaycanlılarla təmsil olunub: “Bundan sonra bizə Azərbaycanla bağlı çoxlu suallar gəlməyə başlayıb. Bu bir daha onu göstərir ki, Qar Fiqurları festivalında iştirak açıq-aşkar Azərbaycanın Yaponiyada tanınma işinə böyük töhfə verir”.

Təşkilatçıların çıxışından sonra söz Hokkaydo Universitetinin prezidenti Əlibəy Məmmədova verilib. Həmyerlimiz qeyd edib ki, 2016-cı il “Sapporo Ohdori Lions Club”-ın yaradılışının 25-ci ildönümü, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının yaradılışının 10-cu il -dönümüdür: “Belə əlamətdar bir ildə Azərbaycanla bağlı Qar Fiqurlarının hazırlanması ayrıca zövq verir. Bu təkcə Hokkaydo Universiteti ilə təşkilatçı tərəf arasında deyil, eyni zamanda geniş miqyasda götürdükdə Azərbaycan və Yaponiya münasibətlərinə, Azərbaycanın Yaponiyada geniş təbliğinə, ölkəmizlə bağlı aparılan geniş maarifləndirmə işinə çox böyük töhfələr verməkdədir”.

Ə. Məmmədovun çıxışından sonra “Sapporo Ohdori Lions Club”un prezidenti O. Ryusuke tərəfindən həmyerlimizə ötən ilki qar fiqurunun maketi rəsmi şəkildə hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycanı təmsil edəcək qar fiquru üçün “Ohdori” parkında uyğun yer seçilib.

Festivala qədər və festivalın davam edəcəyi müddətdə qar fiqurlarının formasının qorunub saxlanması üçün 5 nəfərdən ibarət xüsusi işçi qüvvəsi ayrılıb. Sapporo şəhərində havanın temperaturu təxminən mənfi 5 – mənfi 10 dərəcə arasında dəyişdiyi üçün fiqurun ərimə təhlükəsi yox səviyyəsindədir. Sadəcə olaraq, güclü qar yağarsa formasını itirə bilər. Bunun üçün işçi qüvvəsinin nəzarətinə ehtiyac yaranıb. Fevral ayının 5-dək qar fiqurunun tam hazır olacağı planlaşdırılır.

Ceyhun ABASOV

http://525.az/site/?name=xeber&news_id=50699

IMG_4617

IMG_4678
Sapporo Ohdori Lions Club-ın hazırki və keçmiş prezidentləri ilə birlikdə

IMG_2705IMG_4696

search previous next tag category expand menu location phone mail time cart zoom edit close