İyunun 30-dan iyulun 2-dək Yaponiyada “Sərhədləri Aşanlar” qrupunun 5 illik yubileyi keçiriləcək. Ölkəmizi bu tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, konfliktoloq Əlibəy Məmmədov təmsil edəcək.
Bu barədə 525-ə məlumat verən Ə.Məmmədov qeyd edib ki, yubiley tədbiri çox böyük əhəmiyyətə malikdir: “Sərhədləri Aşanlar” qrupu özündə 2000-dən çox yaponiyalı iş adamını cəmləşdirir. Bu cür yığıncaqlarda yaponiyalı biznes adamları ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaranır”.
Həmyerlimiz bildirib ki, tədbirin əsas mövzuları “Amami adaları və Yaponiya”, “Amami adaları və Dünya”, “Yaponiya və Azərbaycan”dır. Onun sözlərinə görə, Yaponiyada Azərbaycana, onun insanlarına, mədəniyyətinə, biznes mühitinə maraq günü-gündən artmaqdadır: “Bu işdə hər iki ölkə arasında artan insan mübadilələrinin çox böyük əhəmiyyəti var. Son illər Azərbaycan və Yaponiya rəsmilərinin qarşılıqlı səfərləri, hər iki ölkədə fəaliyyət göstərən səfirliklərin fəallığı, iş adamları arasında müntəzəm həyata keçirilən tədbirlər bu əlaqələrin inkişafında mühüm rol oynayır”.
Yubileyə hazırlıq məqsədilə iyunun 7-dən 9-dək Əlibəy Məmmədov “Sərhədləri Aşanlar” qrupunun rəhbəri İşida Kazuyasu və bir neçə biznesmenlə bərabər Yaponiyanın cənubunda yerləşən, Kaqoşima prefekturasına aid Amami adalarına səfər ediblər: “Ada özünəməxsus flora və faunası, cəngəllikləri, vəhşi təbiəti ilə məşhurdur. Hazırda ada təbiətinin UNESCO-nun ümumdünya mədəni irsinə salınması istiqamətində danışıqlar aparılır”.
Həmyerlimiz qeyd edib ki, Amami adalarında balıqçılıq və kənd təsərrüfatı sahələri inkişaf edib. O bildirib ki, insanlarının istifadə etdiyi yerli dil rəsmi yapon dilindən çox fərqlidir: “Əksər yaponlar bu dili anlamaqda çətinlik çəkirlər”.
Qeyd edək ki, Ə.Məmmədovla bərabər yaponiyalı biznesmenlərin Amami adalarına səfəri böyük maraqla qarşılanıb və yerli media tərəfindən geniş işıqlandırılıb.
Xatırladaq ki, həmyerlimiz hələ ötən il “Sərhədləri Aşanlar” qrupunun 4 illiyi zamanı təşkilat komitəsinin sədri vəzifəsində çalışarkən tədbirdə Azərbaycanla bağlı çıxış edib. Bunun nəticəsində, ötən ilin oktyabr ayında Bakıda təşkil olunan “Japan EXPO”-da iştirak edən yaponiyalı biznesmenlərin sayı kifayət qədər artıb (ümumi 100 şirkət) və bu özünü iqtisadi-ticari əlaqələrin inkişafında göstərib.
C.ABASOV