Mən diaspor mütəxəssisi deyiləm. Ona görə də bu işlə professional səviyyədə məşğul olanlar ola bilər ki, mənim yazımı haqlı olaraq tənqid etsinlər. Amma Azərbaycanı sevən, onun mövqeyini və hüquqlarını hər şeydən ümdə tutan, Yaponiyada bugünədək bacardığım ən yüksək səviyyələrdə Azərbaycanı təbliğ edən biri kimi diasporla bağlı bəzi fikirlərimi qeyd etmək istəyirəm. Son 4-5 ildə oxuduğum, gördüyüm, iştirakçısı olduğum hadisələrdən mənə aydın oldu ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan vətəndaşları və ya əslən azərbaycanlı olan şəxslər tərəfindən qurulan, idarə olunan diaspor qrumları və onların rəhbərləri, orda olan şəxslər, hər biri Azərbaycana xüsusi sevgi ilə bağlıdırlar. Onların hər biri Azərbaycanı çox sevir və onun üçün canlarından belə keçməyə hazırdırlar. Burda sual oluna bilər ki, yaxşı bəs niyə Azərbaycan diasporunun fəaliyyəti ürəkaçan səviyyədə deyil?
Mənim fikrimcə bunun ən əsas iki səbəbi var.
1. Diaspor rəhbərləri, fərdi şəkildə diaspor fəaliyyəti göstərən şəxslər arasında olan münasibətlərin o qədər də yaxşı olmaması, şəxsi maraqlar,
2. Güclü, savadlı və bacarıqlı həmvətənlərimizin birlikdə işləyə bilməmələri. Bu təkcə azərbaycanlılara xas xüsusiyyət deyildir. Mən xarici tələbələr, diaspor nümayəndələri, biznes adamları ilə də kifayət qədər münasibətdə olmuşam. Bunları görmüşəm, bilirəm. Yaponların özləri də buna gözəl misal ola bilər.
İndi yuxarıda qeyd etdiyim iki məsələni daha ətraflı yazmağa çalışacam.
1. Şəxsi maraqlar məsələsi,
Diaspor fəaliyyəti ilə məşğul olan şəxslər arasında heç şübhəsiz ki, qarşılıq gözləyənlər də az deyil. Qarşılıq deyərkən, “mən (biz) xaricdə canımızı fəda edirik, amma ölkə mediasında işıqlandırmırlar”, “Diasporla iş üzrə Dövlət Komitəsi bizi görməzdən gəlir” və s. Eyni zamanda filankəslə adını biryerdə çəkilməsini götürməyənlər olur. Həmin şəxs sadəcə normal bir insan olaraq görüşüb söhbətləşir. Amma bu görüşə görə də insanın mediada olan yazıları silinir. Kimsə arxadan badalaq vurur, kimsə kiməsə zəng edir və özlərinin xahiş etdiyi məqaləni yazıb verirsən, yüklədikdən bir gün sonra məqaləni silirlər adını da qoyurlar texniki səbəbdəndir.
Diaspora Komitəsində də insan münasibətlərinə böyük önəm verilib, Azərbaycan Diasporunun güclü inkişafına deyil, onlarla yaxın və yaxşı münasibətdə olanların fəaliyyətinə daha çox və ciddi fikir verildiyindən Azərbaycanın xaricdə olan diasporu ilə bağlı ciddi işlər görülməmişdir. Bunu haqlı olaraq prezident aparatının rəhbəri Ramiz Mehdiyev də vurğuladı. İnanıram ki, yeni Komitə sədri bu problemlərin həllində ciddi irəliləyişlərə nail olacaqdır. Yeni Komitə sədri Fuad bəyə ümidlərim və inamım sonsuzdur. Mən də öz növbəmdə bu işlərdə Yaponiyada bacardığım köməyi etməyə hər zaman hazıram.
2. Güclü, savadlı və bacarıqlı azərbaycanlıların birlikdə işləyə bilməməsi sindromu
Bu tək bizim xalqın nümayəndələrinə xas olan xüsusiyyət deyildir. Ağıllı, güclü və ambisiyalı insanlar hər zaman müstəqil fəaliyyət göstərməyə meylli olurlar. Kiminləsə hesablaşmaq, kiminləsə birgə işlədikdə söz götürmək və s kimi hallara qarşı nisbətən hissi davranırlar. Özlərini bir növ daha ağıllı və bacarıqlı sanırlar. Bu elə həqiqətən də belədir. Ancaq biz onların birlikdə işləyə bilməməsi üzündən bir çox həlledici məqamlarda qabağa getməyi bacarmırıq. Ona görə də düşünürəm ki, ağıllı və ambisiyalı insanları bir araya gətirəcək bir gücə ehtiyac vardır. İnanıram ki, bunu Diaspor Komitəsi, Fuad bəyin rəhbərliyi altında bacaracaqdır.
Yeri gəlmişkən, onu da qeyd edim ki, mən bir çox insanların hər şeyi Diaspor Komitəsindən gözləməsini, istəməsini də qəbul etmirəm. Xaricdə fəaliyyət göstərən şəxslər və qurumlar da Diaspor Komitəsinin daha da güclü olması üçün, Azərbaycan diasporu üçün səmimi qəlbdən məşğul olmalıdırlar. Əgər bunu bacarmırlarsa, yerlərini daha perspektivli insanlara vermələri daha peşəkar addım olar. Mənim düşüncələrimdə, xaricdə olan diaspor qurumlarının böyük əksəriyyəti müstəqil olmalıdırlar. Əsasən də iqtisadi cəhətdən. Onların öz müstəqil büdcələri olmalıdır. Eyni zamanda, xaricdə olan bütün fəaliyyətin Azərbaycan mediasında işıqlandırılması da o qədər də vacib deyil. Əlbəttə bu xoşdur amma əsas deyil. Əsas olan, onların fəaliyyətinin məhz olduğu ölkələrdə, o ölkələrin mediasında, elm dünyasında, siyasi aləmində, biznes dairələrində işıqlandırılmasıdır. Diaspor işi məhz budur. Xaricdə Azərbaycanın güclü və müsbət imicinin yaradılması və həmin ölkə vətəndaşlarının Azərbaycana axınının təşkil olunması. Budur Diaspor fəaliyyəti. Budur qələbəyə gedən yol. Yoxsa bir iki nəfərlə yemək yeyib, onun şəklini mediada yayımlayıb, adını filan ölkədə olan azərbaycanlılar arasında birlik var, diasporumuzun gücüdür kimi göstərmək görəsən doğrudurmu? Nə dərəcədə aktualdır? Nə dərəcədə səmimidir?
Təbii ki, bu yüksək səviyyədə, iri miqyasda təşkil olunanda bunda anlam görürəm. Digər tərəfdən mən düşünürəm ki, hər bir azərbaycanlı onsuzda öz doğma vətənini sevir. Biz xaricdə olan azərbaycanlıların əsas vəzifəsi, məhz olduğumuz ölkələrin insanları ilə işləmək olmalıdır. Ayrı-ayrı ölkə vətəndaşlarına ölkəmizi tanıtmaq olmalıdır. Tanıtdıqca onların özləri vətənimiz Azərbaycanı sevməyə başlayırlar. Yaponiya misalını çəksəm bunun aydın şəkildə göstərə bilərəm. Yaponiya məktəbliləri və universitet tələbələrinə dediyim Azərbaycanla bağlı dərsləri, yapon biznesmenləri üşün etdiyim çıxışlar və prezentasiyalar, Yaponiya elm dünyasında və mediasında Qarabağla bağlı yazılarım və məqalələrim, yazılarım, bunların təsiri ilə Azərbaycana getmək istəyən və faktiki gedənlər yüzlərlədir. Mənim düşüncələrimdə diaspor fəaliyyəti məhz belə olmalıdır.
Sonda, bir daha qeyd edim ki, mən diaspor mütəxəssisi deyiləm və fikirlərim bu sahənin professionallarının haqlı tənqidinə tuş gələ bilər. Yazımda obyektiv və subyektiv fikirlər ola bilər. Amma bütün bunlar mənim gəldiyim nəticələrdir.
Daha güclü diaspor naminə hər kəsə uğurlar arzu edirəm. İnanıram ki, ölkə başçısının yeni kadr islahatları Azərbaycanı bütün sahələrdə inkişafa, qələbəyə apardığı kimi, diaspor sahəsində də aparacaqdır.
Əlibəy Məmmədov
25 Aprel 2018
Tokyo, Yaponiya
