23 Aprel 2018-ci ildə Palitranews.az (Palitra qəzeti)-də dərc olunmuş müsahibəm.
İstifadə edilən zaman Palitranews.az saytına istinad olunmalıdır.
Əlibəy Məmmədov:
“Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda siyasi səhnədə daha da aktiv vuruşacağından xəbər verir”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün həmişəki kimi, prioritetdir. Prezident İlham Əliyev əksər yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında bu məsələni xüsusi qabardır. Milli Məclisdə andiçmə mərasimində Prezident İlham Əliyev Qarabağ məsələsinə bir daha toxunub. Bu çıxışda diqqətçəkən məqam ölkə başçısının geopolotik həmlə edərək Ermənistanın indiki ərazilərinin tarixi Azərbaycan torpaqlarının olmasını qeyd etməsidir: “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi”.
Prezident tərəfindən Ermənistan rəhbərliyinə qarşı kəskin və sərt siyasi hücum…
Konfliktoloq, Yaponiyada fəaliyyət göstərən diaspor fəalı Əlibəy Məmmədov bu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb. O, öncə qeyd edib ki, Azərbaycan vətəndaşları, əslində, İlham Əliyevin timsalında Azərbaycanın möhtəşəm və parlaq gələcəyinə səs verdilər: “Bildiyiniz kimi, 11 aprel tarixində keçirilmiş prezident seçkilərində İlham Əliyev Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin haqlı səsini qazanmaqla sayca 4-cü dəfə ölkənin prezidenti seçildi. Azərbaycan vətəndaşları, əslində, özlərinin daha da gözəl olacaq gələcək həyatlarına, təhsilinə, səhiyyəsinə, güclü iqtisadiyyatına səs verdilər. Bilirsiz, siyasət nəticə deməkdir. Nəticə olmayan yerdə hər hansısa bir siyasi fəaliyyətdən danışmaq yersizdir. Nəticə olan yerdə isə yersiz siyasi tənqidlər mənasız görünür. Müxalif dairələrin şifahi tənqidlərinə qarşı ölkə prezidentinin 15 illik prezidentlik fəaliyyəti dövrünün nəticələri vardır. Rəqəmlər heç zaman yalan demir. Rəqəmlər faktlardır. Azərbaycanın ən güclü iqtisadi inkişaf dövrü məhz İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edir.
Məhz onun hakimiyyətə gəlməsindən sonrakı 10 il (2004-2014) Azərbaycan iqtisadiyyatının güclü inkişaf dövrü, onun ilk 6 ili (2004-2010) isə sıçrayışlı inkişaf dövrü olmuşdur. Bütün bunlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz haqlı yerinin tutmağa nail olmuşdur. Bu gün regional və qlobal kontekstdə bir sıra vacib qərarların verilməsi zamanı, böyük dövlətlər Azərbaycanla hesablaşmalı olurlar.
Bütün bunlar ölkə başçısının parlaq və nəticəyə hesablanmış fəaliyyətinin effekt verdiyini göstərir. Bunları qeyd etməmək ədalətsizlik olar.
Prezident seçkilərindən 1 həftə sonra Milli Məclisdə, Azərbaycan Respublikasının Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə Prezidentin andiçmə mərasimi keçirildi. Bu, Azərbaycanın müasir həyatında çox vacib bir gün idi. Mən özüm də canlı yayım, eyni zamanda gündəlik izlədiyim president.az saytı vasitəsilə yayılmış məlumatları diqqətlə izlədim”.
Əlibəy Məmmədovun fikrincə, Prezidentin çıxışı bu günə qədər olanların içərisində siyasi anlamda ən sərti idi: “Sözün əsl mənasında ölkənin adını ləkələyənlərə, eyni zamanda işğalçı Ermənistan rəhbərliyinə qarşı kəskin və sərt siyasi hücum idi. Aantimilli qruplaşmaların, xaricdə heç bir əməli işləri olmayan, ölkə adına, sadəcə, xələl gətirməyə çalışan, ölkənin mövqeyini xarici qüvvələr qarşısında alçaltmağa çalışanların yerini Azərbaycanın siyasi səhnəsində “tarixin zibilxanası” kimi qeyd etməsi, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışında Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları kimi qeyd etməsini göstərmək olar.
Mənim üçün, bir konfliktoloq olaraq ən maraqlı məqam isə Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan çıxışı oldu”.
“Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına dair and içib”
Konfiliktoloq deyir ki, bu günə qədər ölkə başçısı, eyni zamanda Azərbaycanın siyasi elitası, ziyalıları tərəfdən tez-tez İrəvanın tarixi Azərbaycan torpaqları olması, eyni zamanda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verilməyəcəyi fikirlərini eşitmişik, qəzetlərdə də bu haqda çoxsaylı yazılar, məqalələr yer almışdır: “Lakin budəfəki çıxışda Ermənistanın Azərbaycanın tarixi torpaqları olması kimi, bir fikrin səsləndirilməsi bir çox vacib məqamlardan xəbər verir.
Bu, siyasi arenada olduqca sərt və kəskin bir fikirdir. Bir qədər öncə qeyd etdiyim kimi, Ermənistanın işğalçı rejiminə qarşı kəskin siyasi hücumdur. Bu, düşünülmüş və gələcəyə hesablanmış bir mövqenin ortaya qoyulması deməkdir. Biz tez-tez dünyanın bir çox siyasətçiləri və elm adamları tərəfdən Azərbaycanın yumşalması, Dağlıq Qarabağ məsələsi ilə bağlı kompromisə getməsinin istənilməsini görmüşük. Mən hər zaman qeyd etmişəm, burada da bildirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən güzəşt Azərbaycan torpaqlarının itirilməsi deməkdir. Prezident İlham Əliyev isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına dair and içib”. Əlibəy Məmmədova görə, burada hər hansısa bir ərazinin Ermənistana verilməsindən söhbət belə, gedə bilməz: “Belə bir məqamda bütün Ermənistan ərazisinin Azərbaycanın əzəli torpaqları olaraq qeyd edilməsi, Ermənistana növbəti bir mesajdır. 2003-cü ildən ötən 15 il ərzində ölkə başçısının Dağlıq Qarabağla əlaqədar mövqeyi dəyişməz olaraq qaldı. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda siyasi səhnədə daha da aktiv vuruşacağından xəbər verir. Savaş demişkən, biz, 2 il öncə baş vermiş 4 günlük müharibə zamanı bir daha əmin olduq ki, Azərbaycan, həqiqətən də, öz ərazi bütövlüyü naminə təkcə siyasi meydanda deyil, həm də döyüş meydanında inamla və uğurla savaşmağa hazırdır. 4 günlük müharibədə Azərbaycanın tam qələbəsi və torpaqların bir hissəsinin geri alınması psixoloji üstünlüyü də Azərbaycana vermiş oldu. Bu həm də iqtidarın hakimiyyəti dövründə ərazilərin heç bir qismini belə, qaytara bilməməsi və s. kimi tənqidləri yağdıran müxalifətə də tutarlı cavab oldu”.
Diaspor fəalı bildirir ki, qarşı tərəf öz işğalçı mövqeyindən çəkinməli, azərbaycanlıların yaşadıqları tarixi torpaqlar geri qaytarılmalıdır: “Bu olmayacağı təqdirdə Ermənistanı daha da böyük iqtisadi tənəzzül gözləyir. Prezident də öz çıxışında gizlətmədiyi kimi, Azərbaycan müstəqilliyi dövründə Ermənistanı bütün regional və qlobal nəhəng iqtisadi layihələrdən kənarda qoyub. İşğalçı dövlətdə bunun ağır nəticələri hiss olunur”.
Fuad Hüseynzadə
http://palitranews.az/news.php?id=84543