30 illik bir ömrün tarixcəsi Əlibəy Məmmədovun Avtobioqrafiyası  

 

  1. Uşaqlıq illəri və elmi yaradıcılığına gedən yol

Əlibəy Rahib oğlu Məmmədov 1988-ci ilin oktyabr ayının 30-da Rusiyanın, keçmiş SSRİ-nin paytaxtı, elm və mədəniyyət mərkəzi olan Moskvada ziyalı ailəsində doğulmuşdur. Valideynləri Bakı Dövlət Universitetində əla qiymətlərlə oxuduqlarına görə təhsillərini davam etdirmək üçün Moskva Dövlət Universitetinə köçürüldüklərindən Əlibəyin ilk uşaqlıq illəri Moskva şəhərində keçmişdir. 1990-cı ildə Azərbaycana qayıtdığı zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi bir dövrə təsadüf etmişdir, Onun anası əslən Ağdam şəhərindən olduğuna görə, Əlibəy hətta 1992-ci ilin oktyabr ayında nənəsigildə qonaq olarkən ermənilər tərəfindən Ağdam şəhərinin qırat raketləri ilə vurulduğunun şahidi olmuş və xoşbəxtlikdən ailəsi ilə birlikdə heç bir xəsarət almadan şəhəri tərk etməyə müvəffəq olmuşdur. Beləliklə, 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qohumları məcburi köçkünə çevrilmiş və Əlibəy dəfələrlə çadır şəhərciklərində qohumlarını ziyarət edərək, bu ağrı acıları görmüş, hiss etmiş və demək olar ki, uşaqlıq keçirmədən böyümüşdür. O, 5 yaşında olarkən 100-ə yaxın şeiri artıq əzbərdən söyləməyi bacarmışdır.

Məktəbə qəbul 6 (altı) yaşından olmasına baxmayaraq, 6 yaşı tamam olmamış Əlibəyin dediyi vətənpərvərlik mövzusunda olan şeiri münsiflər heyətinin diqqətini cəlb etmiş və o, orta məktəbə qəbul olunmuşdur. Kiçik yaşlarından nağıllar, dastanlar, rəvayətləri mütaliə etməyi sevmişdir. Təbiətə, canlılara məhəbbəti ilə digər həmyaşıdlarından fərqlənmişdir. Ata nənəsinin həyətində müxtəlif tərəvəzlər yetişdirmiş, öz evlərində isə müxtəlif heyvanlar – su tısbağası, balıq, tutuquşu saxlamağı sevmişdir.

Əsas hobbilərindən biri də futbol olmuşdur. Dünya Çempionatının oyunları haqqında hər anı, hətta hər bir futbolçunun hansı dəqiqə və saniyə sarı kart almasını belə öz gündəliyində qeyd etməsi onun gələcəkdə hansı işlə məşğul olmasından asılı olmayaraq hər kiçik nüansa belə diqqət verəcəyinin təzahürü idi.  .

Sonradan dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin açdığı Xətai rayonu 147 saylı texniki-humanitar liseyə qəbul olmuş və bu lisey onun dünya görüşünün inkişafında xüsusi rol oynamışdır. O, tez-tez liseydə keçirilən elmi-mədəni tədbirlərdə fəal iştirak etmiş, dövrün ziyalılarının söhbətlərini dinləmiş və onların ətrafında inkişaf etmişdir.

Azərbaycan Televiziyasının Respublika üzrə keçirilən Nəsrəddin Tusi klubu və Qlobus, tarixi yarışlarında liseyi layiqincə təmsil etmişdir. Tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülmüş və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mükafatını almışdır.

Yapon tarixi, yapon xalqının əzmi, mübarizliyi hələ lisey illərində onun diqqətini cəlb etmiş və gələcəyini məhz Yaponiya ilə əlaqələndirmək haqqında xəyallar qurmuşdur. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin yapon dili və ədəbiyyatı ixtisasına qəbul olunmuşdur. BDU-da təhsil alarkən, onun fəlsəfi baxışlarının formalaşmasında Yaponiyadan ezam edilmiş Vatanabe senseyin böyük rolu olmuşdur. Universitet illərində Azərbaycanda olan Yaponiya səfirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak etmişdir. Ən böyük uğuru Yapon dili Natiqlik Müsabiqəsində məhz Vatanabe senseyin rəhbərliyi ilə yazdığı “Xoşbəxtliyə çağıran anamın səsi” adlı essesi olmuşdur. Çıxışından sonra bir müddət zaldakı izləyicilər və münsiflər heyəti susqunluq içərisində qalmış və həyəcanlandıqlarını bildirmişlər. Əlibəy Məmmədov bu müsabiqədə mükafata layiq görülmüşdür. Hələ universitetdə təhsil aldığı zaman Fuji Megane şirkəti ilə iş birliyi qurmuş və bu yapon şirkətinin Azərbaycanda məcburi köçkünlərə humanitar yardım paylamasında tərcüməçi (2008-2012) kimi iştirak etmişdir.

2009-cu ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurduqdan sonra Vətəni müdafiə üçün hərbi xidmətə yola düşmüşdür. Həmişə həyatda çətinliklərlə qarşılaşan və nəticədə həm psixoloji, həm də mənəvi cəhətdən daha da güclənən Əlibəy Məmmədov, bu dəfə də həyatın ən ağır sınaqlarından biri ilə qarşılaşmışdır. O, erməni işğalçıları ilə üz-üzə dayanmalı olmuşdur. Manqa komandiri olduğundan həm özünü, həm də himayəsində olan əsgərləri qorumaq kimi məsuliyyətli bir işə başlamış və dəfələrlə erməni təxribatının qarşısının alınmasında fəal iştirak etmiş, gənc əsgərlərə silahlarla bağlı təlimlər keçmişdir.

Hərbi xidməti uğurla başa vurduqdan sonra 2010-cu ildə Bakıya qayıdaraq yapon dili müəllimi kimi fəaliyyətə başlamışdır. Yaponiya televiziyalarının Azərbaycanla bağlı hazırladıqları verilişlərin çəkilişlərində yaxından kömək etmişdir. Sonradan Yaponiya səfirliyinin keçirdiyi imtahanlarda qalib gəlməklə Yaponiyaya səyahət etmək hüququ qazanmışdır. Yaponiyaya səyahət ona burada təhsilini davam etdirmək üçün daha böyük stimul yaratmışdır və Yaponiya səfirliyində keçirilən növbəti imtahanda iştirak edib, ən yüksək nəticəni göstərməklə Yaponiyanın ən böyük və ən məşhur 5 universitetindən biri olan Hokkaydo Universitetində təhsil almaq hüququ qazanmışdır.

Azərbaycandan olan bu gənc vətənpərvərin Hokkaydo Universitetindəki fəaliyyətini 3 yerə bölmək olar. 1. Elmi yaradıcılığı – Azərbaycanın strateji problemi olan Qarabağ məsələsinin elmi elitaya çatdırılması, 2. Azərbaycan və Azərbaycançılığın təbliği – diaspor fəaliyyəti və 3. Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin yeni istiqamətlərinin yaradılması və inkişafı.

 

  1. Elmi yaradıcılığı – Azərbaycanın strateji problemi olan Qarabağ məsələsinin elmi elitaya çatdırılması

 

Əlibəy Məmmədov 2012-ci ilin Aprel ayından Yaponiyanın hökümət təqaüdlərini qazanaraq Hokkaydo Universitetinə təhsil almaq üçün göndərilmişdir. 2013-cü ilin martında elmi tədqiqatçı tələbə olaraq hazırlığını bitirdikdən sonra eyni ilin aprel ayında Hokkaydo Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2015-ci ilin mart ayında tarix elmləri üzrə magistr dərəcəsi almışdır. Mövzusu “Kuril adaları problemi və ictimai rəy” olmuşdur. 2015-ci ilin Aprel ayından Hokkaydo Universitetinin doktorantura pilləsinə qaldırılmışdır. Əlibəy Məmmədov hal-hazırda universitetin Slavyan Avrasiya Araşdırmalar Mərkəzində professional olaraq konfliktologiya elmi sahəsində araşdırmalar aparır.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya və Yaponiya arasında Cənubi Kuril adaları problemi, eyni zamanda Şrilanka milli vətəndaş müharibəsi mövzularında elmi tədqiqatlarla məşğuldur. Əlibəy Məmmədovun elmi yaradıcılığında öz dəsti-xətti olan, prinsipial və sərt mövqeyi ilə yapon tarixçiləri və siyasətçiləri arasında xüsusi çəkiyə malik professor İvaşita Akihironun rolu böyük olmuşdur. Əlibəy Məmmədovun elmi rəhbəri olan bu şəxsin tələbəsinin bir tarixçi konfliktoloq kimi yetişməsində rolu danılmazdır.

Professor İvaşitanın öz tədqiqatlarında, elmi kitablarında gənc alimdən sitatlar gətirməsi onun Əlibəy Məmmədova olan inamının nəticəsi kimi qiymətləndirilməlidir. Əlibəy Məmmədov Qarabağ məsələsi ilə bağlı beynəlxalq aləmdə elmi səviyyələrdə elmi araşdırmalar aparan bir gəncdir. O bu mövzu ilə bağlı dəfələrlə Yaponiya və Azərbaycan mətbuatında çıxışlar etmişdir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında onun 2017-ci il aprel ayında Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmlər Assosasiyasının 59-cu illik konfransındakı çıxışı çox böyük rol oynamışdır.

Avropa, ABŞ, Meksika və dünyanın bir çox dövlətlərindən yüzlərlə elm nəhənginin iştirak etdiyi bu konfransda Əlibəy Məmmədov “Dağlıq Qarabağda 4 günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda çıxış edərək, Qarabağ həqiqətlərini yüksək tribunadan dünya elitasına çatdırmışdır.

Azərbaycan mətbuatı onun bu uğurunu” təkcə bir gənc alimin uğuru kimi yox, bütün Azərbaycanın uğuru kimi” qiymətləndirmişdir. Qeyd etmək lazımdır ki, bundan əvvəldə Qərb Sosial Elmlər Assosasiyasının ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş 58-ci konfransında (Aprel 2016) da Əlibəy Məmmədov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış mövzusunda” məruzə ilə çıxış etmişdir. O öz çıxışı zamanı Azərbaycanda məcburi köçkünlər arasında keçirtdiyi sorğuların nəticələri ilə bağlı da geniş məlumat vermişdir.” Şuşa, Dağlıq Qarabağın qəlbidir” deyən gənc alim 1989-cu ildə Şuşa şəhərinin əhalisinin 98 faizinin azərbaycanlılardan ibarət olduğunu, Azərbaycanın təkcə Dağlıq Qarabağ ərazisi deyil, həm də ətraf 7 rayonunun işğal edildiyini, bütün beynəlxalq qurumların bu ərazilərin Azərbaycan torpaqları kimi tanınmasına baxmayaraq, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini, yüksək kürsüdən beynəlxalq elm dünyasına çatdırmışdır.

Əlibəy Məmmədov həm də, Şrilankada vətəndaş müharibəsini öyrənən bir tədqiqatçıdır. Onun Şrilanka səfəri zamanı, nüfuzlu elm və siyasi xadimlərlə görüşlərində Qarabağ məsələsi işıqlandırılmış və o, Şrilanka vətəndaş müharibəsi ilə Qarabağ probleminin müqayisəli təhlilini aparmaqla həm Hindistanın, həm də Şrilankanın elmi ictimaiyyətinin də Dağlıq Qarabağ probleminə diqqətini cəlb etməyi bacarmışdır.

Əlibəy Məmmədovun Yaponiya mətbuatında çıxışları da təqdirəlayiqdir. 2016-cı ilin Noyabrın 17-də Yaponiyanın nüfuzlu Hokkaydo qəzetində (Hokkaido Şinbun) Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişəsi ilə bağlı geniş elmi müsahibəsi dərc olunmuşdur. Tədqiqatçı 1994-cü ildən Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, kəskin müharibənin hələ də davam etdiyini 30 mindən çox insanın həyatını itirdiyini diqqətə çatdırmışdır. 2016-cı ilin dekabrın 16-da Tokyo qəzetində də onun Dağlıq Qarabağ və Cənubi Kurillə bağlı geniş müsahibəsi çap olunmuşdur. Gənc tədqiqatçı Dağlıq Qarabağın və ətraf rayonların əzəli Azərbaycan torpağı olduğunu, ortada işğal faktı olduğunu bir daha vurğulamışdır.

Eyni mövzuda Çyuniçi və Hokuriku Çyuniçi qəzetlərində də geniş müsahibələri yer almışdır.

2017-ci ilin noyabrın 5-də Yaponiyanın ən çox oxunulan 3 qəzetindən biri Mainiçi Şinbun qəzetində də Əlibəy Məmmədov haqqında məqalə çap edilmişdir.

O həmçinin Hokkaydo Mərkəzi Avrasiya Konfransının 121-ci sessiyasında da Dağlıq Qarabağla bağlı yaponiyalı elmi tədqiqatçı Yu Taçibana ilə birlikdə məruzə ilə çıxış etmişdir.

Gənc tədqiqatçı Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi 15-ci və 16-cı konfranslarında da çıxış edərək, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı məcburi köçkünlər və ziyalıların gözü ilə” və “Şrilanka vətəndaş müharibəsindən Dağlıq Qarabağ münaqişəsinə baxış” adlı məqalələri ilə elm xadimləri arasında böyük marağa səbəb olmuşdur. Bu mövzular konfransın elmi kitabında çap olunmuşdur.

Əlibəy Məmmədovun elmi məqalələri və müsahibələri dəfələrlə Azərbaycanın mətbuat orqanlarında da geniş işıqlandırılmışdır. O, mütəmadi olaraq Yaponiyanın öndə gedən universitetlərində də, öz çıxışları ilə diqqəti cəlb edir. Onun Hitotsubaşi Universitetində Rusiya və Şərqi Avropa Araşdırmaları elmi konfransında (2017 Oktyabr) “Dağlıq Qarabağda 4 günlük müharibə”, Hosey Universitetində Yaponiya Siyasi Elmlər Konfransında (2017 Sentyabr) “Dağlıq Qarabağ ətrafında baş vermiş 4 günlük müharibənin səbələri və böyük dövlət faktoru” mövzularındakı çıxışları çox böyük maraqla qarşılanmış və Yaponiya elm adamlarının və tələbələrinin sualları ətraflı şəkildə cavablandırılmışdır. Yaponiya Mərkəzi Asia Konfransında (2017 Mart) “Dağlıq Qarabağ və İctimai Rəy” mövzusunda çıxışı isə konfransı 13 sayında işıq üzü görmüşdür. Əlibəy Məmmədovun fransız tədqiqatçı Favenecclə Nemuro şəhərində keçirtdiyi seminar (2017 Sentyabr) isə Nemuro şəhər icra hakimiyyətinin dəstəyi ilə açılmış və Yaponiya mediasının böyük marağına səbəb olmuşdur. Bununla bağlı hər iki tədqiqatçının Hokkaydo qəzeti, Yomiuri qəzeti, Mainiçi qəzetlərində məqalələri və müsahibələri çap edilmişdir.

Əlibəy Məmmədovun Fukuoka şəhərində təşkil edilmiş beynəlxalq elmi konfransda (2017 Fevral) Cənubi Kuril adaları ilə bağlı çıxışı da böyük maraqla qarşılanmışdır.

 

  1. Yaponiyada Azərbaycan və Azərbaycançılığın təbliği – diaspor fəaliyyəti

Əlibəy Məmmədov Hokkaydo Universitetində təhsil aldığı müddətdə həmişə ictimai işlərdə fəallığı ilə diqqəti cəlb etmişdir. Bunun nəticəsi olaraq o, 2014-cü ildə təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti seçilmişdir. Bu səlahiyyətlərindən istifadə edərək, o, xarici tələbələrin hüquqlarının müdafiəsinə qalxmış, tələbələrin daha yaxın və sıx münasibətdə olması üçün əlindən gələni etmişdir. O, həmçinin kifayət qədər böyük dövlət tədbirlərində və yarışlarda təmsil etdiyi ölkəsi Azərbaycan haqqında müsbət rəy formalaşmasına nail olmuşdur. Əlibəy Məmmədov 2015-ci ildə ikinci dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti seçilmiş, 2016-2017-ci illərdə isə fəxri prezidenti olmuşdur.

Əlibəy Məmmədov bu səlahiyyətindən uğurla istifadə edərək, iki dəfə Sapporo Qar Festivalında iştirak etmiş və Azərbaycanın layiqincə təmsil olunmasına nail olmuşdur.

Onun təşəbbüsü Sapporo Ohdori Lions klubu tərəfindən dəstəklənmiş və maliyyə dəstəyi ayrılmışdır. Beləliklə, ilk dəfə 2015-ci ilin fevralında Azərbaycanın 12-ci əsrin abidəsi, Bakımızın simvolu olan Qız Qalası və onun ətrafında milli geyimdə olan insanların qardan hazırlanmış fiqurları ilə təmsil olunmuşdur. İkinci dəfə isə müasir Bakımızın bəzəyi olan Heydər Əliyev Mərkəzi və onun ətrafında milli geyimli insanların qardan hazırlanmış fiqurları Sapporo Qar Festivalında böyük marağa səbəb olmuşdur. Hər il təkcə Yaponiyadan deyil, dünyanın hər yerindən bu festivalı ziyarət etmək üçün kifayət qədər turistlər gəlir. İki ildə 4 milyon insanın Azərbaycanla bağlı məlumatlandırılması, sualların cavablandırılması həqiqətən də çox böyük bir təbliğat işidir və yüksək qiymətləndirilməlidir.

Hokkaydo Universitetində dəfələrlə Beynəlxalq Mədəniyyət Festivallarında Azərbaycan musiqisi, rəqsləri haqqında ətraflı məlumatlar verilmişdir.

2016-cı ildə Əlibəy Məmmədovun sədrliyi ilə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılmışdır. Əlibəy Məmmədovun bu səlahiyyətlərə başlamasından sonra demək olar ki, Azərbaycan və Azərbaycançılıq ideyasının həyata keçirilməsində xüsusi bir mərhələ başlamışdır. O, Yaponiyanın bütün təbəqələrindən, qütblərindən olan insanların arasında Azərbaycan adının tanıdılması, onun haqqında müsbət rəyin formalaşması, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yaradılması yolunda fəaliyyətini daha da artırmışdır.

Yaponiyada həm orta məktəblərdə həm də universitetlərdə Azərbaycanla bağlı seminarlar keçirilməyə başlamışdır. Bu seminarlarda Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, incəsənəti, ziyalıları, maddi nemətləri haqqında ətraflı məlumatlar verilmişdir. Azərbaycanla bağlı Yaponiyada demək olar ki, yeni bir dövr başlamış, Azərbaycana gələn yaponların sayı dəfələrlə artmışdır. 2017-ci ilin 29 noyabrda Saitama prefekturasında yerləşən məktəbdə 90-cı illər və bugünki inkişaf etmiş Azərbaycan, Tokionun Haçioji şəhərinin şagirdlərinə, həmçinin Haçida tələbələrinə də Azərbaycan haqqında ətraflı məlumatlar vermişdir. Fevralın 14-də Tokionun Ota qəsəbəsində şagirdlərə “Dünya Azərbaycanlılarının Palitrası” kitabının təqdimatı keçirilmişdir. 120 məktəbli və 10 müəllimin iştirak etdiyi seminarda Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları və onların fəaliyyətləri haqqında məlumatlar verilmiş və geniş fikir mübadiləsi aparılmışdır.

Əlibəy Məmmədova bugünə qədər 500-dən çox yaponiyalı məktəblidən məktublar gəlmişdir. Bu məktublarda şagirdlər Azərbaycanın tarixi abidələri, zəngin təbiətinə, gözəlliyinə valeh olduqlarını qeyd etmiş, Azərbaycanla bağlı rəsmlər çəkmiş və imkan olduğu zaman Azərbaycana səyahət edəcəklərini vurğulamışdılar. Bu şagirdlər Yaponiyanın gələcəyidirlər. Onlarda Azərbaycana maraq oyatmaq demək olar ki, strateji bir məsələdir. Bu işin öhdəsindən gənc vətənpərvər Əlibəy Məmmədov çox uğurla gəlməyi bacarmışdır.

Diaspor Jurnalistlər İttifaqının sədri, jurnalist Fuad Hüseynzadənin də qeyd etdiyi kimi,” Əlibəy Məmmədov diaspor olaraq Yaponiyada demək olar ki, sıfırdan Azərbaycanın təbliğatı işinə başlamış və az bir zamanda ölkəmiz adına çox böyük işlər görmüşdür.” Əlibəy Məmmədovun diaspor fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənir. Yaponiya məktəbliləri, tələbələri, elm adamları, iş adamları, ziyalıları və siyasi simaları arasında Azərbaycanı təbliğ etmək onun əsas fəaliyyət sahələridir.

Bununla da, o, Azərbaycanı və Azərbaycançılığı Yaponiyanın bütün təbəqələri arasında təbliğ etməklə, öz-özlüyündə təkbaşına bir diapor gücüdür desək yanılmarıq.

Əlibəy Məmmədov dəfələrlə Yaponiyanın «World Investors TV» internet kanalının canlı efirinə fəxri qonaq qismində dəvət olunmuş, Dünya Azərbaycanlılarının həmrəylik günü, Konstitusiya günü, müstəqillik günü, 20 yanvar faciəsi, Azərbaycanın milli bayramları, 4 günlük müharibə və s mövzular ilə bağlı yaponiyalı tamaşaçılara məlumatlar vermiş, Azərbaycanın Qarabağ problemi haqqında slaydlar göstərmişdir.

İti və sərt baxışlı, həddən ziyadə məsuliyyətli və tələbkar, bununla bərabər həm də, böyük ürəyə sahib olan bu gənc canı ilə, qanı ilə əsl azərbaycanlıdır.

2017-ci ilin Oktyabr ayından Əlibəy Məmmədov daha bir uğurlu layihəyə başlayıb. Belə ki, o, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Hokkaydo Universitetinin Slavyan-Avrasiya Araşdırmalar Mərkəzinin 2017-ci ilin May ayında əldə etdiyi razılaşmaya görə Hokkaydo Universitetində “Azərbaycan Multikulturalizmi” adlı dərslər keçirilməyə başlamışdır. Akademik Kamal Addullanın təşəbbüsü və ideya müəllifi olduğu Azərbaycan Multikulturalizmi dərsləri dünyanın 17-i ölkəsinin universitetlərində tədris olunur. Hokkaydo Universiteti də bu dərsləri yapon dilində tədris etmək üçün yaponşünas alim Əlibəy Məmmədova həvalə etmişdir.

Əlibəy Məmmədov Hokkaydo Universitetində təhsil alan uğurlu gənc kimi 2017-ci ilin Fevral ayında nitq söyləmək üçün TEDxHokkaidoU-ya dəvət olunmuşdur. Onun çıxışı çox böyük marağa səbəb olmuşdur. O, uğur qazanmağın yolları haqqında gənc dinləyiciləri məlumatlandırmışdır.

Hokkaydonun Sapporo şəhər rəhbərliyi, Nemuro şəhər deputatları ilə görüşlərində Azərbaycanın maraqları, ərazi bütövlüyü, diqqət mərkəzində olmuşdur. Əsas şüarı “xarici ölkələrdə güclü diaspor və müsbət rəyə malik dövlət çox şeyə qadirdir” olan Əlibəy Məmmədov məhz Yaponiyanın da Cənubi Qafqazda əsas strateji partnyoru kimi Azərbaycanı gördüyünü dəfələrlə diqqətə çatdırmışdır.

Yaponiya Xarici İşlər Nazirinin köməkçisi Takeşi Şunsuke ilə görüşlərdə də Əlibəy Məmmədov sürətli inkişaf yolu keçmiş, siyasi cəhətdən tam stabil və qüvvətli olan Azərbaycan Respublikasının siyasi sistemi, iqtisadiyyatı, yapon iş adamlarının ölkəmizə marağı, kənd təsərrüfatı və turizm imkanları haqqında ətraflı məlumat vermişdir.

 4. Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin yeni istiqamətlərinin yaradılması və inkişafı

Əlibəy Məmmədov Yaponiya siyasətçiləri və biznesmenləri ilə də mütəmadi görüşlər aparır. 29 sentyabr 2016-cı ildə Yaponiya parlamentinin binasında Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxs Takahaşi san, Yaponiya İqtisadiyyat və Sənaye nazirliyinin turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno san, AVC şirkətinin nümayəndələri Yamasaki Tomohiro və başqalarının iştirakı ilə Azərbaycanın iqtisadiyyatı, biznes mühiti, mədəni əlaqələri və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparmışlar. Görüşdə digər postsovet ölkələri ilə müqayisədə Azərbaycanın daha çox etibar edilən tərəfdaşa çevrildiyi xüsusi ilə vurğulanmışdır.

AVC şirkətinin Azərbaycana olan səfərinin də iki ölkə arasında münasibətlərinin inkişafında xüsusi rolunun olduğunu qeyd etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, bu şirkətin Azərbaycana səfərində də, onları azərbaycanlı gənc alim Əlibəy Məmmədov müşayət etmişdir.

O, Yaponiyanın “Sərhədləri Aşanlar” klubunun təşkil etdiyi məclislərdə fəal iştirak edir. Bu klub əsasən yaponiyalı biznes adamlarının maraqlarını əks etdirən məclislərin təşkil edilməsi ilə məşğul olur. Klubun keçirdiyi tədbirlərdə Əlibəy Məmmədov Azərbaycanın iqtisadi göstəriciləri, biznes mühiti və potensialı haqqında məlumatlar verməklə, qarşılıqlı münasibətlərin inkişafı və qarşılıqlı səfərlərin artmasına öz töhvəsini vermişdir. Təsadüfi deyildir ki, artıq Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları, o cümlədən bal, nar şirələri, şərablar Yaponiya bazarında öz yerini tutmaqdadır. Artıq yüzlərlə yaponiyalı iş adamı xüsusən də xırda və orta sahibkarlar Azərbaycana səfərlər edir, öz şirkətlərini yaradır, kənd təsərrüfatı, turizm və enerji sisteminə böyük sərmayələr qoymaqdadırlar. Bu işlərin həyata keçirilməsində Əlibəy Məmmədovun rolu danılmazdır.

Əlibəy Məmmədov Yaponiyanın bir çox şəhərlərində dəfələrlə səfərlərdə olmuş, biznes seminarlarda Azərbaycanla bağlı çıxışlar etmişdir. “Sərhədləri Aşanlar Klubunun” 2017-ci ilin İyulun 1-3-də Hokkaydonun Şiretoko yarımadasının Şari şəhərində təşkil etdiyi şəhər meriyası ilə birlikdə 200-ə yaxın yaponiyalı biznesmenin iştirak etdiyi tədbirlərdə Əlibəy Məmmədov Azərbaycanla bağlı, onun biznes mühiti, qida emalı sənayesi, kənd təsərrüfatı və turizm sahəsi ilə bağlı geniş nitq söyləmiş, Azərbaycanın bu sahələrdə böyük potensiala malik olduğunu vurğulamışdır. O, yaponiyalı iş adamlarını bu sahələrə investisiya yatırımları etməyə dəvət etmişdir. O, həm də tədbirin icra komitəsinin sədri vəzifəsini daşımışdır. Bu tədbirdən sonra Azərbaycana səfər edən yapon şirkətlərinin bir çoxu artıq müəyyən səviyyələrdə uğurlar qazanmaqdadırlar. Tədbirdə xaricdə uğur qazanmış bir çox məşhur yaponiyalı biznesmenlər də iştirak etmişdir.

Azərbaycan-Yaponiya biznes əlaqələrinin inkişafında 2017-ci il oktyabr ayının 27-28-də Bakı Biznes Mərkəzində keçirilmiş” Yaponiya Qida Məhsulları Sərgisi” böyük rol oynamışdır. Sərgidə iştirak edən dövlət adamları, siyasətçilər, iş adamları son dövrlər Azərbaycan və Yaponiya arasında əlaqələrin inkişafından böyük məmnunluq duyduqlarını bildirmişlər. Sərginin və bununla bağlı tədbirlərin təşkil edilməsində Əlibəy Məmmədov yaxından iştirak etmişdir.

Tədbir yaponiyalı iş adamlarının Azərbaycanda keçirtdiyi ən böyük və geniş miqyaslı bir tədbir olmuşdur. Yaponiyadan  bu tədbirdə 100 şirkət iştirak etmişdir.

Əlibəy Məmmədov 2017-ci il avqust ayında Bakı şəhəri ilə bağlı Yaponiyanın Kansay Televiziyasının hazırladığı xüsusi verilişlərin hazırlanmasında da böyük rol oynamışdır.

Qeyd edilmişdir ki, 2025 EXPO-su üçün Yaponiyanın Osaka şəhəri ilə bərabər Bakı şəhəri də namizədliyini irəli sürmüşdür. Bakı kifayət qədər güclü və layiqli rəqib kimi təqdim olunmuş, Bakının 2025 EXPO-ya ev sahibliyi edə biləcəyi haqqında mülahizələr irəli sürülmüşdür. Yaponiya tamaşaçısı Bakı şəhəri haqqında ətraflı məlumatlandırılmışdır.

Nemuro şəhər deputatlarının sədri Honda ilə görüşlərdə də. Azərbaycan əsas müzakirə mövzusu olmuşdur. Əlibəy Məmmədov Azərbaycanın zəngin mətbəxi və qida məhsulları ilə bağlı da, dəfələrlə mətbuatda çıxış etmişdir. Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının təşkilatçılığı ilə hər il Sapporo şəhərində beynəlxalq qida məhsulları yarışı keçirilir. Bu yarışlarda Azərbaycan 2013-2017-ci illərdə uğurla təmsil olunmuş və Azərbaycan mətbəxi ilə bağlı yaponiyalılara geniş məlumatlar verilmişdir. Bununla və Əlibəy Məmmədovun Assosasiyaya rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlı geniş məlumatlar yerli ingilis və yapon dilli jurnallarda çapdan çıxmış, televiziyada da işıqlandırılmışdır.

Qeyd etmək lazımdır ki, Əlibəy Məmmədov dəfələrlə Azərbaycana səfər gəlmiş yaponiyalı biznesmenləri müşayət etmiş, Azərbaycan və Yaponiya arasında bir çox əhəmiyyətli layihələrin və müqavilələrin imzalanmasında yaxından iştirak etmişdir.

Hal-hazırda Əlibəy Məmmədov yapon dilində Azərbaycanla bağlı çap olunacaq kitab üzərində işləyir. Bu məqsədlə O, 2017-ci ilin Dekabr ayında Azərbaycanda səfərdə olmuş, ölkədə universitet rəhbərlikləri, tələbələrlə, biznesmenlərlə, siyasi dairələrlə görüşlər keçirmişdir.

Prinsipial tədqiqatçı, alovlu vətənpərvər, həm də gənc biznesmen kimi diqqəti cəlb etməkdədir. Əlibəy Məmmədov ailəlidir. O, gözəl övlad, sevimli həyat yoldaşı, həm də qayğıkeş atadır. Qəhrəmanımız 30 yaşına qədəm qoyur. 30 yaş üçün bu qədər çox şaxəli fəaliyyət həqiqətən də təqdirəlayiqdir. Bu barmaqla sayıla biləcək insanlara nəsib ola bilər. Fəxr etməyə layiq övladdır. Həm ailəsi üçün, həm də canından da çox sevdiyi Vətəni üçün daha yüksək pillələrdə görmək əminliyi ilə……..

 

P.S. Bir tarixçinin kiçik araşdırması nəticəsində ərsəyə gəlmişdir.

 

IMG_20171208_215341_482.jpg

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close