Müsahib: Əlibəy Məmmədov, son 6 ildə Yaponiyanın dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorantı, Yaponiya məktəblərində Azərbaycan multikulturalizmi fənni üzrə müəllim, diaspor fəalı, 2014-2016-cı illər Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti, 2016-2017-də fəxri prezidenti.
Cari ilin Avqust ayının 14-18-dək sayca 41-ci Dünya Skaut Konfransı və eyni zamanda 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi dövlətimiz üçün böyük nailiyyət hesab edilməlidir. Bildiyiniz kimi Dünya Skaut Assosasiyası özündə 40 milyon aktiv gənci birləşdirir və dünyanın ən aparıcı maarifləndirici gənclər hərəkatıdır. Onlar yaşam üçün, həyat üçün təhsil almağın vacibliyini ifadə edirlər. Afrikanın ən kasıb ölkələrindən biri olan və müharibə şəraitində olan Sudanda uşaqlar üçün təhsil kursları təşkil edirlər. Afrikanın qida sənayesi ən acınacaqlı vəziyyətdə olan ölkələrində yerli fermerlərlə əməkdaşlıq etməklə, qida təhlükəsizliyi üçün əllərindən gələni edirlər. Skaut gənclərə onların aktiv vətəndaş kimi bir çox aparıcı proqramlarda, konfranslarda iştirak etməsinə şərait yaradır. Beləliklə gənclər cəmiyyətdə pozitiv dəyişikliklərin müəlliflərinə çevrilməklə yanaşı, ətrafında olan dostlarını, digər gəncləri də daha aktiv həyata səsləmiş olurlar. Skautlar dünyanın ayrı-ayrı regionlarında təşkil etdikləri proqramlar sayəsində daha gözəl, daha yaxşı, daha keyfiyyətli dünya qurmağa çalışırlar. Onlar bacardıqları qədər daha ox insanlara sülh mesajını çatdırmış olurlar. Skautlar bir çox qlobal məsələləri müzakirəyə çıxartmaqla yerli səviyyələrdə həll edib daha yaxşı cəmiyyət qurmaq üçün çalışırlar. Skautların ən vacib işlərindən biri isə dünyanın hər yerində insanları bir-birilə görüşdürüb, fikir mübadiləsi təşkil etməkdir. Dünya Skautları onları müxtəlif beynəlxalq tədbirlər sayəsində birləşdirirlər.
Bu mənada Azərbaycanda keçirilən 41-ci Dünya Skaut Konfransı və eyni zamanda 13-cü Dünya Skaut Gənclər Forumu çox böyük əhəmiyyətə malikdir. Dünyanın bütün Skautçuları, aktiv gənclərinin gözü məhz paytaxtımızda və regionlarımızda olacaqdır. Bu Azərbaycanın dünyada pozitiv təbliğatı işində öz əhəmiyyətli rolunu oynayacaqdır. Onlar azərbaycanlı yerli skautçularla daha yaxın olacaq və bir çox qlobal məsələləri müzakirə edəcəklər. Ümumilikdə dünyanın müxtəlif regionların 325 gəncin iştirak etdiyi forum bugünədək olanların içərisində ən irimiqyaslısıdır.
Bildiyiniz kimi Qəbələdə keçirilən forumun sloqanı “Together for Positive Change” yəni “birlikdə pozitiv dəyişiklik üçün”-dür.
Ümumiyyətlə, Azərbaycan son illərdə bir çox dünya səviyyəli idman yarışlarına, beynəlxalq konfranslara ev sahibliyi etmişdir və bu sahədə artıq zəngin təcrübəyə malikdir. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının, 2016 və 2017-də Formula 1 yarışlarının, İslam oyunlarının və bir çox digər yarışların keçirilməsi ölkəmizin gücündən və zəngin təcrübəsindən xəbər verir. Bilirsiz ki, mən Yaponiyada yaşayıb fəaliyyət göstərirəm. Burada son günlər Azərbaycan və Bakı ilə bağlı xüsusi veriliş hazırlanmışdır. Belə ki, Yaponiyanın ikinci əsas şəhəri olan Osaka ilə Bakı 2025-ci il Dünya EXPO-su üçün öz namizədliyini irəli sürmüşdür. Bakıda bunun təbliğatı hələ zəif aparılsa da, Osaka şəhərində bu iş sürətlə həyata keçirilir. Onlar hətta öz nümayəndələrini Bakıya göndərib iki xüsusi veriliş hazırladılar. Onlar Bakını Osaka şəhəri üçün ən səviyyəli və güclü rəqib hesab etdilər. Düzünü deyim ki, bugünə qədər Azərbaycan haqqında o qədər də çox veriliş hazırlanmayıb Yaponiyada. Olanlar arasında bir qədər tənqidi verilişlər daha çox idi. Bu dəfə Osakanın Kansay televiziyasının hazırladığı veriliş isə çox pozitiv idi. Mən özüm də verilişi yaradan komandanın üzvü idim. Azərbaycanla bağlı məlumatları toplayıb təhlil edən yaponlarda ölkəmizə və insanlarımıza qarşı olan rəğbət hissini görməmək mümkün deyildi.