Yaponiyanın ən çox oxunulan qəzetlərindən biri olmaqla, gündəlik 700 mindən çox tirajla (Səhər buraxılışı 510,994, axşam buraxılışı 192,095) çap olunan “Tokyo Şimbun” qəzetinin səhər buraxılışında həmyerlimiz, Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, eyni zamanda Rusiya və Yaponiyanın ərazi problemi olan Cənubi Kurillə bağlı geniş müsahibəsi yer alıb.
Müsahibədə əsas diqqət Dağlıq Qarabağ ətrafında Aprel ayında baş vermiş 4 günlük müharibə, azərbaycanlı ziyalıların, məcburi köçkünlərin problemlə bağlı düşüncələri, öz doğma yurd-yuvalarına qayıtmaq əzmində olmaları, eyni zamanda Kuril adalarından qovulmuş yaponiyalı keçmiş ada sakinləri ilə bağlı həmyerlimizin araşdırmalarının nəticələri yer alıb.
Dekabr ayının 15 və 16-da Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya rəsmi səfəri ərəfəsində Kuril adaları problemi və keçmiş Sovet məkanının ən ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinə diqqət artıb.
Yaponiyanın Hokkaydo Universitetində Dağlıq Qarabağ problemi ilə Kuril adalarının müqayisəli elmi təhlilini aparan Əlibəy Məmmədov hər iki problemdə Rusiyanın aparıcı rol oynaya biləcəyinə əminliyini ifadə edib.
Müsahibədən bəzi məqamları təqdim edirik:
“Xüsusilə hər iki problemdə Rusiya faktoruna diqqət yetirən Yaponiyada təhsil alan azərbaycanlı tələbə Əlibəy Məmmədov qeyd edib ki, Cənubi Kuril adaları məsələsində Rusiya birbaşa tərəfdir. Dağlıq Qarabağ münaqişəsində isə Rusiya rəsmi tərəf olmasa belə Ermənistan tərəfini açıq və fəal şəkildə dəstəkləmiş və dəstəkləməkdə olan bir dövlətdir.”
“Əlibəy Məmmədov özü uşaqlıqda təxminən 7 ilə yaxın məcburi köçkün düşərgəsində yaşayib, köçkünlərin ağrı-acılarını görə-görə, hiss edə-edə böyümüşdür. Müharibənin sülh yolu ilə həlli haqqında düşündüyü bir zamanda, Cənubi Kuril adaları problemi və oranın yaponiyalı ada sakinləri haqqında biliklər əldə etdikdə, yaponların da azərbaycanlılar kimi öz yurd-yuvalarından qovulduqlarının fərqinə varıb. Bu onda dərin təəssürat yaradıb”.
Həmyerlimiz müsahibəsində Cənubi Kuril adaları və Dağlıq Qarabağ münaqişəsinin oxşar və fərqli cəhətlərindən söhbət açaraq onu da vurğulayıb ki, Yaponiya və Azərbaycan əraziləri işğal olunmuş tərəflərdir, Rusiya və Ermənistan isə əksinə bu əraziləri güc yolu ilə ələ keçirmiş dövlətlərdir. Hər iki münaqişədə Rusiya faktoru önəmli rol oynayır. Əsas fərq isə müharibənin miqyası və nəticələri olub. Azərbaycanda 2015-ci ilin rəsmi rəqəmlərinə görə 620 mindən çox məcburi köçkün vardır. Bundan əlavə Ermənistandan güc yolu ilə qovulmuş, deportasiya edilmiş azərbaycanlıları da nəzərə aldıqda bu rəqəm 1 milyonu ötür.
Müsahibədə o da qeyd olunub ki, həmyerlimiz 2015-ci il Sentyabr ayında Azərbaycanda məcburi köçkünlər və ziyalılar arasında araşdırmalar, elmi sorğular keçirib. Onun nəticələrinə görə Azərbaycanın ziyalıları arasında da müharibə tərəfdarlarının az olmadığı qənaətinə gəlinib.
Həmyerlimizin yaponiyalı keçmiş ada sakinləri ilə araşdırmasının nəticələrinə görə yaponların 78%-i ruslarla birgə yaşama normal yanaşıb və dəstəkləyib. Azərbaycanlı məcburi köçkünlərdə isə bu rəqəm aşağı olub. Bu. aradan keçən zaman fərqinin insanların düşüncə tərzinə göstərdiyi təsir kimi dəyərləndirilib.
Əlibəy Məmmədov müsahibəsində xüsusilə vurğulayib ki, müharibələrdən birbaşa əziyyət çəkən, onun şahidi olmuş insanların düşüncələrindən məsələyə yanaşmaqla ən ağıllı həll yolu tapmaq olar. Bu insanlar birbaşa müharibəni təcrübədən keçirib, onun dəhşətlərini bilən, bu məsələ ilə ilgili ən yaxından maraqlanan, qarşı tərəfi daha yaxşı tanıyanlardır. Çalışmaq lazımdır ki, müharibəni təcrübədən keçirtmiş insanların yaşadığı dövrdə məsələ həllini tapsın. İkinci nəsildə nifrət hissi daha güclü olduğundan konstruktiv həll yolunun tapılacağına şübhə ilə yanaşılır.
Ə.Məmmədovun Cənubi Kuril adalarını araşdırmağa gəlməsi də, hər şeydən öncə məhz öz doğma vətənində baş vermiş münaqişəyə həll yolunu tapmaq üçün olduğu qeyd edilib.
Müsahibədə Azərbaycan Respublikasının xəritəsi eyni zamanda Ermənistan tərəfinin atəşkəsi pozduğu anların rəsmləri də yer alıb.
Müsahibədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkib hissəsi olması, Ermənistanın təcavüzü nəticəsində azərbaycanın milyona yaxın qaçqın və məcburi köçkününün olması açıq şəkildə qeyd edilib.
Müsahibə ilə bağlı Əlibəy Məmmədov qeyd edib ki, Tokioda belə bir qəzetdə Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağla bağlı geniş, Azərbaycanın haqlı mövqeyindən çıxış edən məqalənin yer alması, təkcə bir Azərbaycanlının deyil, həm də bütöv Azərbaycanın və dünya azərbaycanlılarının uğuru kimi qələmə alınmalıdır.
Onu da qeyd edək ki, həmyerlimiz hər iki münaqişədən bəhs edən digər bir məqaləsi noyabr ayının 17-də gündəlik iki milyona yaxın tirajla çıxan “Hokkaydo” qəzetində də yer alıb və geniş oxucu kütləsinin marağına səbəb olub.
Ə. Məmmədov bildirib ki, bundan sonra da ən ali səviyyələrdə Azərbaycanın haqq səsini elmi yolla yaponiyalıların diqqətinə çatdırmağa davam edəcək.
Tarix: 16 Dekabr – 19:31
http://teleqraf.com/news/119361