Tokioda “Sərhədləri Ötənlər” (Ekkyokai) klubunun və “World Investors TV” kanalının təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş möhtəşəm ziyafət təşkil edilib. Ziyafətdə cəmi 150 nəfər olmaqla, yaponiyalı biznesmenlər, xarici iş adamları, bu ölkədə olan Azərbaycan səfirliyinin nümayəndələri, Yaponiyada səfərdə olan ADA universiteti və Xarici Dillər Universitetinin müəllimləri, Yaponiyada təhsil alan azərbaycanlı tələbələr fəal şəkildə iştirak ediblər.”OLAYLAR”-ın xəbərinə görə, ziyafətə fəxri qonaq qismində dəvət edilmiş Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri Əlibəy Məmmədov nitqlə çıxış edərək, Azərbaycan və Yaponiyanın son illər ərzində gözəçarpan inkişafını yüksək qiymətləndirib. Qeyd edib ki, təxminən 3 il əvvəl yaradılmış “Sərhədləri Ötənlər” klubunun və onun partnyorlarının sayəsində Azərbaycan və Yaponiya arasında olan hərtərəfli inkişaf özünün yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Yaponiya tərəfindən bu inkişafın əsas banilərindən biri olan, Yaponiyada Azərbaycan adının ən ali səviyyədə tanıdılmasında, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporuna ən yaxından yardım edən, azərbaycanlıların yaxın dostu, Azərbaycanı səmimi qəlbdən sevən və ona bağlı olan “Sərhədləri Ötənlər” klubunun prezidenti Kazuyasu İşidanın fəaliyyəti xüsusilə vurğulanıb. Ə. Məmmədov Yaponiya-Azərbaycan əlaqələrinin, həm mədəni, həm iqtisadi, həm də siyasi səviyyələrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Ziyafətin təşkilatçısı Kazuyasu İşida isə öz nitqində qeyd etmişdir ki, rəhbərlik etdiyi və özündə təxminən 1500 nəfərə yaxın yaponiyalı biznesmeni cəmləşdirən “Sərhədləri Ötənlər” klubunun təşkilatçılığı ilə son 3 ildə dünyanın bir çox ölkələrinə biznes səyahətləri təşkil ediblər. Bu ölkələr arasında yaponlar tərəfindən ən çox sevilən ölkə heç şübhəsiz Azərbaycan olub. Azərbaycanlıların qonaqpərvərliyinə, yaponsevərliyinə, insanlarına və tarixinə heyran qaldığını bildirən K. İşida bundan sonra da Yaponiyada Azərbaycan diasporunun daha da güclənməsində, iki ölkə arasında olan mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsində yaxından iştirak edəcəyini bildirib. K. İşida onu da vurğulamışdır ki, gələn ilin Aprel ayında yaponiyalı biznesmenlərin iştirakı ilə Azərbaycana işgüzar səfərə gedəcəklər. Əsas etibarilə Bakı və Şəkidə görüşlər keçirəcəklərini vurğulayan K. İşida son zamanlar inkişaf etməkdə olan Azərbaycan və Yaponiyanın regionlararası inkişafına daha da böyük töhvələr vermək fikrində olduqlarını dilə gətirib.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.
http://olaylar.az/news/sosial/202809