Əlibəy Məmmədov:
“Xarici ölkələrdə güclü diaspor və müsbət rəyə malik dövlət çox şeyə qadirdir”
Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse – prezidenti Əlibəy Məmmədov əhəmiyyətli işlər görür. Onunla diaspor baxımından görülən işlərin effekti haqqında söhbət etdik.
-Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasını yaratmaqda əsas məqsəd nədir?
-Son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir. Yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspor təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları – İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi, Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digərləri yaxından iştirak ediblər. 2016-cı il sentyabr ayının 26-da Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Yaponiya nümayəndəliyi yaradıldı və mən rəhbər təyin edildim. Bu gunlərdə isə DAA-nın Şərqi və Orta Asiya üzrə vitse – prezidenti təyin olundum. Baş ofis Almaniyada yerləşir və Rəşad Quliyev sədr vəzifəsində çalışır. Kifayət qədər sistemli və peşəkar formada təşkilatlanma işləri davam etdirilir. Bu gün DAA-nın adı Kanadadan, Almaniyadan, Yaponiyadan və dünyanın bir çox ölkələrindən eşidilməkdədir. Hazırda diaspor fəaliyyətimi bu iki qurumun adı altında davam etdirməkdəyəm. Hər ay orta hesabla təxminən 3-5 tədbir keçirməyi planlaşdırırıq.
-Hansı tədbirlər keçiribsiz?
– Ən böyük işimiz kimi 2015 və 2016-cı illərdə iki il ard-arda fevral ayında Sapporo şəhərində keçirilmiş Qar fiqurları festivalında Azərbaycanın təmsil olunmasına nail olmaq idi. 2015-ci ildə Qız Qalası və milli geyimli azərbaycanlıların qardan hazırlanmış heykəlciyi, 2016-cı ildə isə füsunkar gözəlliyi olan Heydər Əliyev Mərkəzinin qarşısında milli geyimli insanlarımızın qardan heykəlciklərinin hazırlanmasına nail olduq. Qeyd edim ki, hər il dünyaca məşhur Sapporo Qar fiqurları Festivalında yüzlərlə qardan hazırlanmış müxtəlif ölçülü heykəlciklər nümayiş etdirilir və həm ölkədaxili həm də xaricdən milyonlarla turist bu tədbiri izləmək üçün Sapporoya təşrif buyurur. Belə bir adlı-sanlı yerdə Azərbaycanın təmsil olunmasına nail olmaq böyük uğur idi. Layihələrin ideya müəllifi kimi Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti olaraq mən çıxış etmişdim. Sapporo Ohdori Lions Club tərəfindən təkliflərim dəyərləndirilmiş, maliyyə dəstəyi ayrılmış və tələbələr, şagirdlər, şəhər ziyalılarının iştirakı ilə heykəlciklər hazırlanmışdır. Bundan əlavə, Tokioda Azərbaycanda dəfələrlə səfərdə olmuş və yüzlərlə yaponiyalı iş adamlarını Azərbaycana aparmış Kazuyasu İşidanın prodüseri olduğu “World Investors TV” internet kanalının canlı efirində dəfələrlə fəxri qonaq qismində dəvət edilmiş, Azərbaycanın milli bayramları, Konstitusiya günü, Dirçəliş günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü, 20 Yanvar hadisələri, Dağlıq Qarabağ ətrafında 4 günlük müharibə, eyni zamanda Azərbaycanda biznes mühiti ilə bağlı çıxışlar etmişəm. Bundan əlavə, Tokioda, əsasən, iş adamlarının toplaşdığı bir çox məclislərdə Azərbaycan və onun biznes potensialı haqqında çıxışlarım olub.
-Görülən işlər öz effektini hansı formada göstərir?
-Mən belə hesab edirəm ki, xarici ölkələrdə güclü diaspor və müsbət rəyə malik dövlət çox şeyə qadirdir. Yaponiyaya ayaq basdığım andan ən əsas vəzifəm və məni düşündürən məsələ Yaponiyada diaspor boşluğunu doldurmaq olmuşdur. Şükürlər olsun ki, bu ötən illər ərzində bu işdə müəyyən qədər uğurlar əldə edib, öz izlərimizi qoymağa nail olmuşuq. Mənim əsas fəaliyyətim 4 istiqamətdədir. 1. Yaponiyalı məktəblilər 2. Yaponiyalı elm adamları 3. Yaponiyalı iş adamları 4. Yaponiyalı ziyalılar və siyasi simalar.
Bu şəxslərlə görüşlər təşkil etmək, Azərbaycanla bağlı məlumatlar vermək əsas borcumuzdur. Hər zaman əlimizdən gələni edirik ki, ölkəmiz haqqında müsbət fikir yaradaq. Bütün bunların bariz nümunəsi olaraq, bu gün biz yaponiyalı məktəblilərdə Azərbaycana böyük sevgi və rəğbət hissi, elm adamlarında yeni araşdırma ideyaları, iş adamlarının Azərbaycanla biznes əlaqələrində uğurlar qazanması, Azərbaycan kənd təsərrüfatı məhsullarının inamla Yaponiya bazarlarına çıxmasını görürük. Ziyalılar və iş adamlarının Azərbaycana artan səfərlərini görürük. Bu, artıq özü böyük uğurdur. Amma bununla kifayətlənmək fikrimiz yoxdur. Bundan sonra da bütün varlığımla, bütün gücümlə Yaponiyada Azərbaycan adının yüksəklərə qalxması və bunun davamlı olması üçün əlimdən gələni etməyə davam edəcəyəm. Bu məni böyüdüb boya- başa çatdıran vətənim, dövlətim, xalqım və millətim qarşısında olan mənəvi borcumdur. Bunları görmədən mənə mənəvi rahatlıq halal olmaz.
– Sizə görə diaspor məsuliyyəti nədir?
-Bilirsiz, mən hər zaman düşünmüşəm ki, xaricdə olan hər bir azərbaycanlı özünü ölkəsinin diplomatı, səfiri kimi aparmalıdır. Yəni yüksək mədəniyyətli, dərin düşüncəyə malik, tolerant, ədalətli olmalıdır. Hər bir insan öz ölkəsinin xaricdə olan güzgüsüdür. Ölkəni onun insanları ilə tanıyırlar. Ona görə hər zaman çalışıram ki, fəaliyyətimlə, ərsəyə gətirdiyim işlərlə nümunə olum. Məndən sonrakı nəsillər üçün burada Azərbaycan haqqında güclü və sağlam imic formalaşdırım. Yaponiyada Azərbaycan haqqında müsbət imicin formalaşması mənim ruhi qidam, rahatlığım olardı. Biz artıq bunun işartılarını görməkdəyik. Hər dəfə Azərbaycanla bağlı məlumat verəndə, hiss edirəm və görürəm ki, Yaponiyada Azərbaycan aşiqlərinin sayı artır. Bir məsələni də deyim ki, diaspor təşkilatları gərək yalnız ayrı-ayrı ölkələrdə olan həmyerlilərimizlə deyil, əsas etibarilə ayrı-ayrı ölkələrin yerli vətəndaşları, siyasi və biznes dairələri ilə işləsinlər. Bizim diaspor təşkilatlarının əsas və başlıca vəzifəsi xarici ölkələrdə Azərbaycanı tanıtmaq, onun haqqında müsbət rəy yaratmaq və qarşılıqlı mübadilələrin yaradılması, onun sürətləndirilməsi yolu ilə ikitərəfli münasibətlərin inkişafına nail olmaq olmalıdır. Bu məsələ ətrafında ciddi şəkildə düşünmək gərəkdir. Xoşbəxtlikdən son 1 ildə fəaliyyətimiz Azərbaycan mediası tərəfindən də geniş formada işıqlandırılmaqdadır.
-Gənc ölkə olaraq diasporun fəaliyyəti də Azərbaycan dövlətinin prioritetidir. Maraqlıdır, Yaponiya dünyada bu qədər məşhur ikən, onların diaspora nə dərəcədə ehtiyacı var?
-Yaponların ayrı-ayrı dövlətlərdə həmin ölkələrdə yaşayan və işləyənlər üçün hər ay “Yaponlar məclisi” deyilən iclasları keçirilir. Orada müxtəlif məsələlər müzakirə edilir, problemlər qaldırılır və onların həlli yolları araşdırılır. Bizim isə belə məclislərimiz yoxdur. Nəinki Yaponiyada, bütün dünyada səfirlik, diaspor nümayəndələri, şirkət işçiləri ayda, heç olmasa, bir dəfə vaxt ayırıb bu məclisə gələrsə, hesab edirəm ki, həmvətənlərimizin birgə fəaliyyətinə böyük stimul vermiş olarıq. Mən bunun layihəsini işləməyə də hazıram. Yetər ki, xoş niyyətli insanlarımız çox olsun.
-Ümumiyyətlə, Azərbaycan Yaponiya hökuməti və ya yerli əhali üçün nə dərəcədə maraqlıdır?
-Müxtəlif təbəqələrdən olan insanların bu məsələ ilə müxtəlif mövqeləri vardır. Keçmiş Sovet ölkələri, Mərkəzi Asiya ölkələri üzrə araşdırmalar aparan və regionu bilən mütəxəssislər və siyasi simalar Cənubi Qafqaz regionunda Azərbaycanı hər cəhətdən ən stabil və inkişaf etmiş ölkə kimi tanıyırlar. Adi insanları isə xüsusilə Rio Olimpiadasından sonra Azərbaycanı inkişaf etmiş idman ölkəsi kimi tanımağa başladılar. Xüsusilə cüdo və güləş yarışlarında final və yarımfinal görüşlərində azərbaycanlılarla yaponların qarşıdurmaları çox oldu. Bu Yaponiyada Azərbaycan adının tanınmasına böyük töhfə verdi. Bundan sonra ilk aldığımız sual “Azərbaycan niyə görə döyüş növlərində bu qədər güclüdür?” olurdu. Digər tərəfdən kiçik və orta sahibkarlar Azərbaycanı neft ölkəsi kimi zəngin və güclü iqtisadi inkişaf etmiş bir dövlət kimi tanıyırlar və ölkəmizdə biznes sahəsinə böyük maraq göstərirlər. Bu gün mən əminliklə deyə bilərəm ki, Yaponiyada Azərbaycana həm cəmiyyətimizdəki tolerantlıq nöqteyi-nəzərindən, həm iqtisadi gücü və idman yarışlarında olan uğurlarına görə böyük maraqla yanaşırlar. Son vaxtlar televiziya proqramlarında da bir neçə dəfə Azərbaycanla bağlı verilişlər yayımlanmışdı. Bunların hər birində ölkəmizi çox zəngin, varlı bir məkan kimi təqdim edirlər. Onu da qeyd edim ki, Yaponiya dövlət səviyyəsində Cənubi Qafqazda əsas strateji partnyoru kimi Azərbaycanı görür. Təsadüfi deyildir ki, regionda ilk dəfə məhz Azərbaycanda 2000-ci ildə Yaponiya səfirliyi fəaliyyətə başlamışdır. Gürcüstanda 9 il sonra 2009-da, Ermənistanda isə 15 il sonra 2015-ci ildə Yaponiya səfirliyi qurulmuşdur. Bu ardıcıllıq Yaponiya dövlətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir. Müntəzəm olaraq yaponiyalı kiçik və orta sahibkarların təşkil etdikləri məclislərə dəvət olunuram. Buralarda bir daha əmin oluram ki, Azərbaycanın kənd təsərrüfatı və turizminin inkişafına böyük maraq vardır. Təsadüfi deyildir ki, son 3 ildə Azərbaycana səfər etmiş yaponiyalı iş adamlarının sayı gözəçarpacaq dərəcədə artmışdır. Bundan əlavə, son illərdə Azərbaycan və Yaponiya arasında siyasi sahədə də yaxınlaşma sezilir. Xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin Sədri Oqtay Əsədov, Baş Nazirin müavini Əli Həsənov, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun Yaponiyaya səfərləri, Yaponiya tərəfdən isə Baş Nazirin müavini, eyni zamanda maliyyə naziri Taro Asonun, nazir Amari Akiranın və digər yüksək rütbəli şəxslərin səfərlərinin xüsusi əhəmiyyət daşıdığını və iki ölkə arasında siyasi sferada yaxınlaşmanın olmasından xəbər verdiyini qeyd etmək olar. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərəm ki, Azərbaycan bir dövlət olaraq Yaponiya üçün Post-Sovet məkanında ən etibarlı geosiyasi partnyor rolunu oynamağa qadirdir və bu Yaponiya tərəfindən yüksək qiymətləndirilir. Şəhərlərimiz arasında dostlaşma və qardaşlaşma işləri də görülməkdədir. Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri ilə İsmayıllı rayonu dost şəhərdir. İsmayıllıda “Yapon bağı” da salınmışdır. Eyni zamanda Okinava prefekturasının Miyakojima şəhəri ilə Naxçıvan şəhəri arasında son vaxtlar yaxınlaşma hiss olunur. Bu ilin yazında Yaponiyadan Kazuyasu İşidanın rəhbərliyi altında iş adamları və deputatlarından ibarət təxminən 40 nəfər Naxçıvana səyahət etmişdir. Bundan əlavə, bu gün Azərbaycanda ən öndə gedən təhsil müəssisələrindən olan ADA universiteti də Yaponiyanın müxtəlif universitetləri ilə təhsil sahəsində əlaqələr qurmaqdadır. Bütün bunlar bizim birgə parlaq gələcəyimizdən xəbər verir.
Fuad Hüseynzadə
Menbe: Palitra qezeti
2 Noyabr 2016
http://palitranews.az/news.php?id=62591