Yaponiyalıların Azərbaycan sevgisi bir başqadır (Olaylar.az)

Əlibəy Məmmədov: “Azərbaycan Cənubi Qafqaz regionunda Yaponiya üçün ən stabil və ən etibarlı tərəfdaş rolunu oynayan bir dövlət kimi qəbul edilir”

Müstəqilliyimizdən ötən 25 ili ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın bütün ölkələri ilə demək olar ki, normal münasibətlər qurulub, qarşılıqlı əlaqələr inkişaf etdirilib. Belə ölkələrdən biri də gündoğar ölkə sayılan Yaponiyadır. Xüsusilə həyata keçirilən rəsmi səfərlər bu əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir. Hazırda da Bakı ilə Tokio arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Sevindirici hal ondan ibarətdir ki, bu ölkədə yaşayan soydaşlarımız da Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına bu və ya digər dərəcədə töhfə verirlər. Elə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri, Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbər, eləcə də Yaponiya höküməti təqaüdçüsü, doktorant Əlibəy Məmmədovla da söhbətimiz bu barədə oldu. “OLAYLAR”-a verdiyi müsahibədə Əlibəy Məmmədov adıçəkilən qurumların rəhbəri kimi qarşıdakı müddətdə görəcəkləri işlıərdən də danışıb.

-Əlibəy müəllim, əvvəla onu bilmək istərdim ki, gündoğar ölkədən baxanda Azərbaycan necə görünür?

-Yaponiyalıların Azərbaycan sevgisi bir başqadır. Xüsusilə son 3 ildə Azərbaycan və Yaponiya arasında həm mədəni, həm siyasi, həm də iqtisadi sahədə artan əməkdaşlıq və uğurlu tərəfdaşlıq Yaponiyada Azərbaycana rəğbətlə yanaşılmasına gətirib çıxarıb. Ölkələrimiz arasında həm mədəni, həm siyasi, həm də iqtisadi mübadilələrin sayı gözəçarpacaq dərəcədə artıb. Bildiyiniz kimi, 2016-cı ilin fevral ayından etibarən Azərbaycan Respublikası tərəfindən Yaponiya vətəndaşlarına viza rejimi sadələşdirilib. Yaponlar birbaşa Bakıda Heydər Əliyev beynəlxalq hava limanında 5 dəqiqə ərzində təmənnasız viza əldə edə bilirlər. Bu kimi tədbirlərin görülməsi ölkələrimiz arasında xoş münasibətlərin qurulmasına təkan verən amillərdəndir. Azərbaycanda Yaponiyaya böyük hörmət və ehtiramla yanaşırlar. Yaponiya vurğunlarının sayı çoxdur. Bu informasiyalar müxtəlif yollarla yaponlara çatdırılır və onlarda da qarşılıqlı sevginin yaranmasına səbəb olur. Yuxarı dairələrdə isə Azərbaycan Cənubi Qafqaz regionunda Yaponiya üçün ən stabil və ən etibarlı tərəfdaş rolunu oynayan bir dövlət kimi qəbul edilir. Yaponiyanın elmi və siyasi dairələrində tez-tez ölkələrimiz arasında olan münasibətlərinin inkişaf yolları haqqında görüşlərimiz, müzakirələrimiz olur,. Bu müzakirələr zamanı yaponların Azərbaycana ehtiramla yanaşmasının bir daha şahidi oluruq.

-Təxminən nə vaxtdan Yaponiyada yaşayırsınız və bu ölkənin mühitinə uyğunlaşmaq sizin üçün nə dərəcədə çətin və ya asan oldu?

-2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Yapon dili və Ədəbiyyatı bölməsinə daxil oldum.4 il ərzində Yaponiya ilə bağlı müxtəlif biliklərə yiyələndim. Bakıda yerləşən Yaponiya səfirliyi biz tələbələrin qayğısına qalırdı. Tez-tez tədbirlər təşkil edirdilər. 2009-2010-cu illərdə Füzuli rayonunda hərbi xidmət keçdim və Manqa komandiri olaraq xidmətimi başa vurdum. 2010-2012-ci illərdə Bakıda və regionlarımızda tərcüməçi olaraq çalışdım. Bu müddət ərzində iki şansım oldu. 2011-ci ilin may və iyun aylarında Bakıda yerləşən Yaponiya səfirliyində təşkil edilmiş 2 imtahanda iştirak etdim. Hər ikisində ən yüksək nəticə göstərdim. Birinci imtahanın nəticəsinə uyğun olaraq 15 günlük Yaponiyaya təcrübə keçməyə göndərildim. Əslində bunu bir növ səyahət də adlandırmaq olardı. İlk gəlişim məhz bu idi. Heyran qalmışdım bu ölkəyə. İyun ayındakı imtahanın nəticəsi olaraq isə Yaponiyada müvafiq imtahanlardan keçməklə ümumi 6 illik təqaüd proqramı qazanmış oldum. Bütün imtahanlardan üzüağ çıxdım. Tədqiqatçı tələbə (2012-2013), Magistrant (2013-2015) və doktorantura (2015-2018) pillələri. Yaponiyaya gəlməmişdən öncə bu ölkə haqqında bir çox biliklərə yiyələnmişdim. Ona görə mühitə uyğunlaşmağım o qədər də çətin olmadı. Yapon dilini bildiyimə görə mənə xüsusi sevgiylə yanaşırdılar. O üzdən heç bir sıxıntım olmayıb. Sadəcə ilk başda kirayə qaldığımız evlərlə bağlı problemlərimiz olurdu. Aylıqlar baha olmasına rəğmən otaqlarda demək olar ki, mebel olmur. Sadəcə bomboş otaq verirlər. Adi boşqabından tutmuş soyuducusu, yatağına qədər gərək hər şeyi özün alasan. Bu da maliyyə cəhətdən yeni gələn xarici tələbələr üçün biraz çətindir. Bu haqda mənim Hokkaydo qəzetində məqaləm də çıxmışdı. 2014-cü ildə Yaponiyaya gələn xaricilərin problemləri haqqında müsahibə vermişdim. Bu məqaləmdən sonra universitet rəhbərliyi tərəfindən də bir sıra ciddi addımlar atılmağa başlanıldı. Onlar xarici tələbələr üçün yeni yataqxanaların tikilməsi layihələrini ciddi şəkildə müzakirə etməyə başladılar. Yaponiyada ingilis dili səviyyəsi çox aşağıdır. Yapon dilini bilməyən xarici burada bir çox çətinliklərlə qarşılaşa bilər. Ona görə gərək hazırlıqlı gələsən.

-Bildiyimiz kimi siz DAA-nın Yaponiya nümayəndəliyinin rəhbərisiniz. Bu ölkədə əsas fəaliyyət istiqamətləriniz nədən ibarət olacaq?

-Doğru buyurdunuz. Cari ilin sentyabr ayının 26-da Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinə rəhbər təyin edildim. Amma mənim Yaponiyada diaspor fəaliyyətim daha əvvəldən başlayıb. 2014 və 2015-ci illər ard-arda iki dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasına prezidenti seçildim. Burada çox böyük hüquqlara yiyələndim ki, onlardan uğurla istifadə etməklə Azərbaycan adını ən ali səviyyədə ucaltmaq nəsibimiz oldu. Beynəlxalq və yerli tədbirlərdə dəfələrlə təmsil olunduq. Mədəniyyət Gecələrində iştirak etdik. Tokionun internet kanalı “World Investors TV”-nin canlı efirinə dəfələrlə fəxri qonaq qismində dəvət olundum. Burada Azərbaycanın Konstitusiya günü, Dirçəliş günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü, 20 Yanvar hadisələri, Dağlıq Qarabağ ətrafında baş vermiş 4 günlük müharibə, Azərbaycanın biznes mühiti və s haqqında dəfələrlə çıxışlar etmişəm. Tokioda təşkil edilən həmin tədbirlərin əsasını yaponiyalı kiçik və orta sahibkarların təşkil edib. Azərbaycanın stabil siyasi və iqtisadi həyatı, müstəqilliyimizin 25 illiyi haqqında nitqlər söyləmişəm. Eyni zamanda bu ildən etibarən hər ay orta hesabla 4-6 dəfə olmaqla paytaxt Tokionun ayrı-ayrı məktəblərində Azərbaycan dərsləri deyirəm. Yaponiyalı şagird və müəllim heyətində Azərbaycana rəğbət hissinin yaradılması əsas vəzifəmdir. Bundan əlavə elmi səviyyədə Dağlıq Qarabağla bağlı seminar təşkil edib, Amerikada bu mövzu ilə əlaqədar beynəlxalq səviyyəli elm adamlarının qarşısında çıxış etmişəm. Bütün bunların nəticəsi olaraq 2016-cı ilin İyun ayında yaponiyalı kiçik və orta sahibkarlarla birlikdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasını yaratdıq və mən sədr seçildim. Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi olduğu kimi, ən yüksək formada təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları da yaxından iştirak ediblər. Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri olaraq, bu günə kimi əldə etdiyimiz uğurların davamı kimi daha geniş və intensiv formada Yaponiyada Azərbaycanla bağlı çıxışlarımızın, fəaliyyətimizin genişləndirilməsini qarşımıza məqsəd qoymuşuq. Bu artıq Azərbaycanın diaspor həyatında tamamilə yeni bir mərhələdir. Bununla bağlı DAA sədri Rəşad Quliyevlə müntəzəm olaraq müzakirələrimiz olur. Əsas məqsədimiz bütün dünya üzərində Azərbaycan diasporunun güclü mövqe tutmasına və ölkəmizlə bağlı müsbət rəyin formalaşdırılmasına nail olmaqdır ki, bu işdə inamla irəlilədiyimizi deyə bilərik.

-Ümumiyyətlə, Yaponiya cəmiyyəti Azərbaycan, xüsusilə Dağlıq Qarabağ problemi barədə nə dərəcədə məlumatlıdırlar?

Əvvəla onu qeyd edim ki, Yaponiya rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu çox vacib bir məqamdır. Akademik aləmdə Azərbaycanla bağlı araşdırmalar aparan elm adamları, biznes həyatında Cənubi Qafqaz regionunda müəyyən işlər görən sahibkarlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlıdırlar. Bizim də diaspor fəaliyyətimizin başlıca məqsədlərindən biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin və haqq səsinin Yaponiya ictimaiyyətinə doğru şəkildə çatdırılmasına nail olmaqdır. Bununla bağlı bir çox vacib çıxışlarımız olub.

-Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının qurultaylarında hər zaman diaspor təşkilatlarının səfirliklərlə yaxından işləməsini tövsiyyə edib. Bu baxımdan Yaponiyada vəziyyət necədir və səfirliklə əlaqələriniz hansı səviyyədədir?

-Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəaliyyətlərində səfirliklərin özünəməxsus yeri vardır. Xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı üçün səfirlik doğma məkandır. Burada özümüzü vətəndəki kimi hiss edirik. Diaspor təşkilatı olaraq səfirliklə və digər rəsmi orqanlarla birgə fəaliyyət göstərməkdə maraqlıyıq. Bu bizim fəaliyyətimizin daha da böyük uğur qazanmasında açar rolunu oynaya bilər.

-Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə iş qura bilirsinizmi?

-Bildiyiniz kimi, Yaponiyada çox az azərbaycanlı yaşamaqdadır. Qeyri-rəsmi məlumata görə təxminən 50 nəfər yaşamaqdadır. Tələbələrimizin sayı da çox azdır. Bununla belə xüsusilə Tokio və ətraf şəhərlərdə təhsil alan həmvətənlərimizlə xoş əlaqələr qurmaqdayıq. Yaponiyada təhsil alan həmvətənlərimizin diaspor işinə fəal şəkildə cəlb edilməsi əsas məqsədlərimizdəndir.

-Yaxın vaxtlar üçün nəzərdə tutduğunuz tədbirlər nədən ibarətdir?

-Yaponiya məktəblərində yüksək səviyyəli Azərbaycan dərsləri, yaponiyalı iş adamlarının tədbirlərində ölkəmizin iqtisadi potensialı ilə bağlı çıxışlar nəzərdə tuturuq. Eyni zamanda Yaponiyanın ayrı-ayrı regionlarında yerli insanlarla, ziyalılarla görüşlərimizdə Azərbaycanın tanıdılması və təbliğ edilməsi planlaşdırılır. Əsas məqsədimiz Yaponiyada ilk öncə Azərbaycanın tolerant bir dövlət imicini formalaşdırmaqdan ibarətdir.

Süleyman İsmayılbəyli

Mənbə: Olaylar.az saytı

31 Oktyabr 2016

http://olaylar.az/news/musahibe/197332

alibay-1111

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close