Yaponiyanın Vaseda Universitetində Azərbaycan müzakirələri
Oktyabr ayının 21-də Yaponiyanın paytaxtında yerləşən və ölkənin ən öndə gedən özəl təhsil müəssisələrindən biri olan Vaseda universitetində, tələbələri ilə birlikdə bir neçə dəfə Azərbaycanda səfərdə olmuş Professor Hiroaki Morinin rəhbərliyi altında“Beynəlxalq Münasibətlər Sistemində Cənubi Qafqaz ölkələrinin rolu” mövzusunda seminar keçirilmişdir. Seminarda universitetin gürcüstanlı tələbəsi Tornike Sreseli “Gürcüstan və Böyük dövlətlər” mövzusunda çıxış etmişdir.
Seminarda tələbələr və professor heyətindən başqa, Tokioda fəaliyyət göstərən iş adamları və ziyalılar da iştirak etmişlər.
Hokkaydo Universitetinin doktorant tələbəsi, Yaponiya höküməti təqaüdçüsü, eyni zamanda Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri olan Əlibəy Məmmədov seminara moderator qismində dəvət olunmuşdur. Dağlıq Qarabağ münaqişəsi üzrə elmi tədqiqatlar aparan Vaseda universitetinin professoru Yoşimura Takayuki müzakirələrdə fəal şəkildə iştirak etmişdir. O qeyd etmişdir ki, hazırda Cənubi Qafqaz ölkələri arasında ən stabil siyasət yürüdən yeganə ölkə məhz Azərbaycandır.
Əlibəy Məmmədov çıxışında əsas etibarilə Cənubi Qafqazda böyük dövlətlərin varlığı, Rusiyanın imici, Gürcüstan Azərbaycan əlaqələrinin vacibliyi, Cənubi Qafqaz və Yaponiya münasibətlərinə toxunmuşdur. O bildirmişdir ki, regionda Rusiya, ABŞ, Türkiyə, İran və Çinin maraqları toqquşur.
Rusiya son 200 ildə regionu öz təsiri altında saxlamağı bacaran güclü bir dövlətdir. Həm Azərbaycanla, həm Ermənistanla balanslaşdırılmış siyasət yürüdə bilir. Rusiya daha çox ermənispərəst mövqeyi ilə tanınsa belə Azərbaycanla olan münasibətlərinə xüsusi önəm verir. İslam dünyasının ən qüdrətli dövləti olan Türkiyə Azərbaycan və Gürcüstanla iqtisadi əməkdaşlığını dərinləşdirməklə yanaşı, regiona olan münasibətində Azərbaycanın mövqeyini əsas tutur.
Cənubi Qafqaz ölkələri və Yaponiya münasibətlərinə toxunan Ə. Məmmədov xüsusi ilə vurğulamışdır ki, Yaponiya dövlətinin regionda əsas strateji tərəfdaşı Azərbaycandır. Təsadüfi deyildir ki, 2000-ci ildə Yaponiya höküməti tərəfindən regionda ilk dəfə məhz Azərbaycanda səfirlik öz fəaliyyətinə başlamışdır. Gürcüstanda9 il sonra 2009, Ermənistanda isə 15 il sonra 2015-ci ildə Yaponiya səfirliyi açılmışdır. Bu ardıcıllıq Yaponiyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.
Diaspor rəhbərimiz Dünya Azərbaycanlıları Assambleyası və onun fəaliyyəti haqqında geniş məlumat verdikdən sonra qeyd etmişdir ki,1990-cı illərdə Cənubi Qafqaz ölkələri arasında ən güclü diaspor fəaliyyəti göstərən Ermənistan olsa da, 2000-ci illərdə Azərbaycanın ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının sistemli və hərtərəfli fəaliyyəti nəticəsində ölkənin dünya səviyyəsində müsbət imici formalaşdırılmış, ölkənin haqq səsi dünya ictimaiyyətinə doğru şəkildə çatdırılmış, güclü və iradəli dövlət kimi tanıdılmağa başlanılmışdır. Bugün Azərbaycan dünyanın bir çox ölkələri üçün model ola biləcək güclü bir dövlətə çevrilmişdir.
Ə. Məmmədov onu da vurğulamışdır ki, Yaponiyada Ermənistan diasporası yox səviyyəsindədir. Bu ölkəni demək olar ki, tanımırlar. Bunun müqabilində Azərbaycan diasporası ardıcıl və davamlı uğurlara imza atmaqla, yaponlarda Azərbaycana qarşı xüsusi rəğbət hissi qazandırmağa davam edir.
Seminarda region ölkələrinin müqayisəsi zamanı xüsusilə qeyd edilmişdir ki, Gürcüstan açıq şəkildə Amerika və Avropapərəst, Ermənistan Rusiyapərəst mövqe sərgiləyir. Azərbaycan isə həm Amerika, həm Avropa həm də Rusiya ilə balanlaşdırılmış uğurlu siyasət aparır. O da vurğulanmışdır ki, Dağlıq Qarabağ problemi həllini tapmadığı üçün Ermənistan regionun bütün əsas layihələrindən kənarda, iqtisadi blokada şəraitində qalmışdır.
Sonda diaspora rəhbərimiz professor Hiroaki Moriyə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfirliyinin dəstəyi ilə çapdan çıxmış “Land of Fire Azerbaijan” kitabını hədiyyə etmişdir. Qeyd edək ki, bu kitab Azərbaycanda ən məşhur yaponiyalı kimi tanınan, Azərbaycanda dəfələrlə səfərdə olmuş, 400-ə yaxın kiçik və orta sahibkarı Azərbaycana aparmış, sahibkar və prodüser Kazuyasu İşida tərəfindən planlaşdırılmış və yazılmışdır.