“Dağlıq Qarabağ məsələsi bizim fəaliyyətimizin əsas prioritetini təşkil edir”

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev dünyada ölkəmizin müsbət imicinin formalaşması üçün çalışacaqlarını bildirib

Bu yaxınlarda Alman Federativ Respublikasının məhkəmə orqanının təsdiqi ilə dünya azərbaycanlılarının beynəlxalq ictimai təşkilatı olan Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəsmən qeydiyyatdan keçib. Bundan sonra assambleya rəsmi dövlət qeydiyyatından keçmiş bir qurum kimi fəaliyyət göstərəcək. DAA-nın prezidenti Rəşad Quliyev “Kaspi”yə müsahibəsində rəhbərlik etdiyi təşkilatın planlarından danışıb.
– Almaniyada beynəlxalq təşkilat olaraq qeydiyyatdan keçən Dünya Azərbaycanlıları Assambleyasının yaranmasının məram və məqsədi nədir?
– Dünya Azərbaycanlıları Assambleyası (qısa adı DAA) 06.09.2016 tarixində Almaniya Federativ Respublikasının rəsmi orqanları tərəfindən beynəlxalq ictimai qurum olaraq qeydiyyatdan keçib. Qurumumuzun yaranma zərurəti var idi. Bu ona görə zəruri idi ki, bu gün dünyanın müxtəlif ölkələrində 465 Azərbaycan adlı cəmiyyət fəaliyyət göstərir. Bu təşkilatların birgə koordinasiyasını təşkil edən, dünyaya haqq səsimizi çatdıracaq beynəlxalq səviyyəli təşkilata ehtiyac yaranmışdı. Bu günə qədər bu fəaliyyəti DAK – Dünya Azərbaycanlıları Konqresi qarşısına hədəf olaraq qoymuşdu. Düşünürəm ki, illərimi verdiyim bu təşkilat da, qarşıya qoyulan hədəflərə doğru istiqamətdə getmədi. Mən bu gün bu təşkilatın rəhbərliyində təmsil olunan şəxslərin hər birinə hörmətim var. Ancaq fakt budur ki, illərdir bu qurum “kim DAK-dır” kimi mənasız ad uğrunda mənasız savaş verməkdədir. Bu isə ümumi işimizə mane olur. Bu gün dünyada haqqımızı müdafiə etməli olduğumuz, İrandakı soydaşlarımızın məhrum olduğu mədəni və dil hüquqları uğrunda mübarizə aparmaq, qanayan yaramız Dağlıq Qarabağ məsələsinə diqqət ayırmaq, dünyanı başına alıb gedən “erməni soyqrımı” yalanlarına “dur” demək əvəzinə “kim haqlıdır və ya kim DAK-dır” mübarizəsini aparmaq məcburiyyətində qalmışdıq. Bu təşkilat mənim üçün doğmadır. DAK-ın şərəfli bir keçmişi var. Bu təşkilatın fəaliyyətini üstündən qara xətt çəkmək olmaz. Məncə, bu, ən böyük yanlışlıq olar. İçində təcrübə qazandığım, gənclik illərimdə mübarizə yolunu keçdiyim təşkilatın bugünkü durumuna üzülürəm. Olmadı, ancaq olmadısa biz dayanmalı deyilik. Bu baxımdan, milli məsələmizi dünya gündəminə daşıyacaq bir təşkilata ehtiyac var idi, məhz bu məqsədlə yola çıxaraq DAA-nı qurduq. Təşkilatımızın məqsədləri haqqında geniş danışmaq mümkündür. Ancaq mən geniş olan məramımızı qısaldıb ixtisarla sizə deyə bilərəm ki, artıq bəşəriyyət öz inkişafında yeni bir tarixi dövrə – XXI əsrə qədəm qoyub. Hazırda dünyanın siyasi dairələri içərisində demokratikləşmə dalğasının sürətlə yayılması ilə imperiyalar çərçivəsində haqları pozulan millətlər öz haqlarını almaqda, öz dövlətlərini qurmaqdadırlar. Demokratikləşmə və millətləşmə çağdaş dövrün bir-birini tamamlayan iki böyük hadisəsi olmaqla, cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirməkdədir. Azərbaycan da məhz dünyanın bu inkişaf sürəci içərisindədir. Dünya Azərbaycanlıları Assambleyası dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai təşkilatdır. Biz, millətindən, dinindən, irqindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi azad, xoşbəxt və firavan, Azərbaycan Respublikasını isə sivil, vahid, müstəqil və demokratik dünya ailəsinin bir üzvü olaraq çiçəklənən dövlət kimi görmək istəyirik. Biz bütün dövlətlərin ərazi bütövlüyünə, o cümlədən də insanların, bütün xalqların hüquqlarına hörmətlə yanaşır, dünyanın başqa xalqlarından da azərbaycanlıların hüquqlarına hörmətlə yanaşmalarını istəyirik.
– Sirr deyil ki, hazırda dünya ölkələrində erməni lobbisi çox güclüdür. Belə olan vəziyyətdə DAA Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün hansı işləri görməyi düşünür?
– Bu gün Dağlıq Qarabağ problemi artıq daxili problem olmaqdan, milli münaqişə olmaqdan çıxıb. Bu problem artıq dünyanın problemi, əsas mövzusu durumuna gəlib. Biz bir təşkilat olaraq beynəlxalq hüquq normalarına əsasən fəaliyyət göstəririk. Beynəlxalq hüquq normalarına əsasən, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Azərbaycanın tərkib hissəsidir. Biz 1992-ci ildə BMT-yə üzv qəbul edilərkən 86.6 min kvadrat kilometrlik ərazi ilə qəbul edilmişik. Bu, çox önəmli məsələdir. Artıq dünya bizi bu sərhədlər çərçivəsində qəbul edir və bu müzakirə mövzusu deyil. Bir də beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmə prinsipi var. Erməni işğalçıları bu prinsipləri manipulyasiya edirlər. Halbuki bu prinsip Dağlıq Qarabağa tətbiq edilə bilməz. Təsəvvür edin ki, bu gün Almaniya Federativ Respublikası 1 milyon Suriyalı qaçqını ölkəsinə qəbul edir. Təbii ki, bir neçə il sonra bunların sayı dəfələrlə artmış olacaq və bir müddət sonra bu bölgəyə köç etmiş ərəblər qalxıb “müqqədaratımızı təyin etmək istəyirik, prinsipimiz var” deyə bilməzlər. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orda on illər, hətta yüz illərdir başqa xalqlar yaşamasın. Hər bir millət bu prinsipdən istifadəyə qalxsa, dünyanın düzəni dəyişər. Bu baxımdan, ermənilərin bu iddiası yersiz və absurddur. Dağlıq Qarabağ məsələsi bizim fəaliyyətimizin əsas prioritetini təşkil edir. Bütün gücümüzlə bu məsələdə haqlı mövqeyimizi beynəlxalq təşkilatlara, dünyanın bu tip münaqişələrlə məşğul olan qurumlarına, fəaliyyət göstərdiyimiz ölkənin yerli hakimiyyət orqanlarına, toplumuna çatdırmağı özümüzə borc hesab edirik.
– Müşahidələriniz nə göstərir: Almaniyada yaşayan millətlər və əsasən alman xalqı ölkəmiz haqqında hansı məlumatlara malikdirlər?
– Almanlar Azərbaycanı ümumi məlumatlarla tanıyırlar. Ölkəmizin zəngin mədəni tarixə, irsə sahib olduğunu müəyyən qədər bilirlər. Ancaq bu, kifayət etməz. Yalnız Almaniyada deyil, hətta qonşu ölkə Rusiyada, canı canımızdan olan Türkiyədə də, dünyanın ucqar nöqtəsində yerləşən Avstraliyada, Yaponiyada, bir sözlə, dünyanın hər bir nöqtəsində ciddi fəaliyyət içərisində olmalıyıq. Almaniyada da haqqımızda ciddi məlumat boşluğu var. Məsələn, hələ də almanlar bilmirlər ki, onların keçmişdə dədə-babaları Azərbaycanda işləmək, yaşamaq üçün bizim ölkəmizə təşrif buyurublar və almanların yaşadığı kəndlər, kilsələr mövcuddur. Bu gün qardaş Türkiyədə belə, ölkəmizi yaxından tanımayan insanlar var. Buna görə düşünürəm ki, paralel olaraq bütün ölkələrdə ciddi iş aparmaq lazımdır.
– Almaniyada təhsil alan tələbələrimizin fəallığı hansı səviyyədədir?
– Sualınıza görə təşəkkür edirəm! Baxmayaraq ki, bu gün Almaniyada yüzlərlə hətta minlərlə azərbaycanlı gənc təhsil alır, tələbələrin ölkəmizin təbliğatındakı fəallığı yetərli hesab oluna bilməz. Bir neçə dəfə ayrı-ayrı tələbə qrupları ilə görüşlər keçirmiş, danışıqlar aparmış, bunların səbəbini öyrənməyə çalışmışıq. Almaniyaya gələn tələbələrin əksəriyyəti dərslərinə istiqamətlənir, özlərinə çevrə toplamağa başlayırlar. Yerli cəmiyyətlərimizin fəaliyyətinə fəal dəstək olmurlar. Toplantılarına fəal qatılmırlar. Təəssüf ki, hazırda Avropada təhsil alan tələbələrin böyük əksəriyyəti öz qayğıları ilə məşğul olan bir təbəqəyə çevriliblər. Məncə, dövlət tərəfindən təqaüd alan gənclərin milli-vətənpərvərlik hissləri və fəaliyyəti nəzərə alınmalıdır, yaxud onlar bu ölkələrə təhsilə göndərilirkən onlarla bu barədə söhbətlər aparılmalıdır .
– Ümumiyyətlə, dünyaya səpələnən azərbaycanlılar ölkəmizlə bağlı həqiqətlərin təbliğində hansı işləri görürlər?
– Nisbətən müsbət qiymətləndirmək olar, ancaq bu işin üzərində də ciddi işləməyə, təşkilatlandırma prosesini sürətləndirməyə ehtiyac var. Bu, üzərində ciddi durmalı olduğumuz məsələdir.
– Keçən il Almaniyada olarkən bir neçə diaspor təşkilatının fəaliyyəti ilə tanış oldum və rəhbərlərindən müsahibə aldım. Hiss olunur ki, təşkilatlar arasında münasibət o qədər də sıx deyil. Birliyə nail olmaq üçün hansı işlər görülməlidir?
– “Birlik” ifadəsi mücərrəd anlayışdır. Hər bir təşkilatın özünün dəsti-xətti, proqramı, fəaliyyət istiqaməti var. “Bütün təşkilatlar hər məsələdə bir olmalıdır” – deyə bir qayda mövcud deyildir. Ancaq təbii ki, milli məsələlərdə həmrəy olmağımıza ehtiyac var. Biz Almaniyada qeydiyyatdan keçsək də, fəaliyyət sferamız sırf Almaniya ilə bağlı deyil. İşimizi beynəlxalq səviyyədə həyata keçirəcəyik. Bu mənada Almaniya və digər ölkələrdə problemləri aradan qaldırıb vahid hədəfə doğru istiqamətlənməyi təşkil etmək əsas prinsiplərimizdən biridir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qurumlarımızı milli məsələlərimiz ətrafında təşkilatlandırmaq missiyasını üzərimizə götürmüşük.
– DAA artıq dünyanın ayrı-ayrı ölkələrində öz təmsilçilərini yaradır. Missiya yəqin ki, eynidir…
– Dünya Azərbaycanlılar Assambleyası təmsilçiliklərinin qurulma prosesi hər gün davam edir. Biz qarşımıza çox qısa bir zamanda dünyanın bütün, materik, qitə və ölkələrini əhatə etmək hədəfini qoymuşuq. Hazırda Böyük Britaniya üzrə koordinatorumuz təyin olunub. Buraya London Azərbaycanlı Qadınlar klubunun rəhbəri, ictimai fəal Sevil Aslanova rəhbərlik edir. Eyni zamanda, bu günlərdə Yaponiya təmsilçimiz də qərarlaşdırıldı. Bu, həmin Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının  rəhbəri, doktorant Əlibəy Məmmədovdur. Əlibəy eyni zamanda Yaponiyada yerli topluma Azərbaycan dili dərsləri verir. Digər təmsilçimiz Kəmalə Maisqızı Danimarkadan seçilib. Kəmalə xanım musiqi müəlliməsidir, onun Danimarkada göstərdiyi fəaliyyət təqdirəlayiqdir. Bugünlərdə əsas təmsilçiliklərimizdən biri olan Azərbaycan təmsilçiliyinin də qurulması prosesinə start verdik. Bura isə iş adamı, ictimai fəal Könül Məmmədzadə rəhbərlik edir. Hazırda Tatarıstan, Qırğızıstan, Rusiya Federasiyası üzrə təmsilçiliyin qurulması istiqamətində danışıqlar davam edir. Yəqin ki, yaxında müsbət bir nəticəyə gələcəyik.
– Azərbaycanın mədəniyyəti, tarixi və incəsənətini tanıtmaq istiqamətində hansı işləri planlaşdırırsınız?
– Zəngin Azərbaycan tarixi və mədəniyyətini dünyaya tanıtmaq ən vacib məqsədimizdir. Bu istiqamətdə tədbirlər proqramımız hazırlanmaq ərəfəsindərdir. Tezliklə bu istiqamətdə real və effektiv layihələrimizi görəcəksiniz. Hər halda, əsas amalımız fərqli xalq və millətlərə, dövlətlərə bu zənginliklərimizi tanıtmaqdır. Eyni zamanda, Azərbaycanın da dünya ailəsinin güclü bir üzvü olması üçün əlimizdən gələni edəcəyik. DAA dünyada ölkəmizin müsbət imicinin formalaşması, ölkəmizə dostlar qazandırmaq üçün bütün soydaşlarımızla səylərini birləşdirəcəkdir. Dəyişməyən xəttimiz və sərhədimiz dövlətçilikdir. Biz dövlətimizə düşmən olanlardan başqa hər kəslə yaxından əməkdaşlıq edəcək, ümummilli mənafe üçün çalışacağıq. Yaratdığınız imkandan istifadə edərək, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edirəm: Gəlin, umu-küsüləri, intriqaları kənara qoyaraq, dostluq, qardaşlıq və sülh içərisində birgə addımlayaq!
Söhbətləşdi: Təranə Məhərrəmova
Mənbə: Kaspi qəzeti
rashad-quliyev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: