Yaponiya Parlamentinin binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov Yaponiya Xarici İşlər Nazirinin köməkçisi Takey Şunsuke ilə görüşüb. Görüş zamanı Azərbaycan-Yaponiya əlaqələri, hər iki ölkənin regionları arasında münasibətlərin hazırkı vəziyyəti, inkişaf potensialı, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Əlibəy Məmmədov sürətli inkişaf yolu keçmiş, siyasi cəhətdən tam stabil və qüvvətli olan Azərbaycan Respublikasının siyasi sistemi, iqtisadiyyatı, yaponiyalı iş adamlarının Azərbaycana olan böyük marağı, kənd təsərrüfatı və turizm sahələrində ölkələrimiz arasında inkişaf etməkdə olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, Azərbaycanda Yaponiyaya böyük hörmət və ehtiramla yanaşırlar.
Ə. Məmmədov vurğulayıb ki, son illər həm Xarici İşlər Nazirlikləri, həm İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində ölkələrimiz arasında olan yaxınlaşma qarşılıqlı anlaşmaya söykənir. Bu istiqamətdə Yaponiyanın Azərbaycanda, Azərbaycanın Yaponiyada daha da yaxından tanıdılması işində diaspora təşkilatının da böyük töhfələr verəcəyi ifadə olunub. Görüşdə Azərbaycan-Yaponiya biznes əlaqələri, Yaponiyanın Miyazaki prefekturası ilə Azərbaycan regionlarının əməkdaşlığı və bu işdə AVC şirkətinin bir nümunə olacağı vurğulanıb.
Müzakirənin sonunda Ə. Məmmədov Takey Şunsukeni Azərbaycana səfərə dəvət edib.
Takey Şunsuke isə öz növbəsində Azərbaycanın kifayət qədər cəlbedici dövlət olduğunu dilə gətirməklə, şans yaranacağı təqdirdə, böyük sevinc hissi ilə səfər etmək fikrində olduğunu qeyd edib.
Nigar
Mənbə: Palitra.az
http://palitranews.az/news.php?id=59049