Dünən Tokyonun mərkəzində yerləşən məktəblərdən birində 7-ci sinif şagirdləri (cəmi 35 nəfər) qarşısında “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik yaşam tərzi və mədəniyyəti” adlı mühazirə keçmək üçün dəvət olunmuşdum.
Məktəblilər qarşısında ilk dəfə idi çıxış edirdim. Düzünü desəm, düşünürdüm ki, Azərbaycanı tanımayacaqlar, çox əziyyət çəkəcəm izah üçün. Eyni zamanda maraqlı olmayacaq onlar üçün. Amma belə olmadı. Şagirdlər çox ciddi şəkildə Azərbaycanı araşdırmış və mənə gözləmədiyim məqamlardan və məsələlərdən suallar verərək bir qədər yaxşı mənada yordular. Cavab verməkdə əziyyət çəkdiyim suallar da oldu. Çox nizamlı və mədəniyyətli şagirdlər idilər.
2016 Rio Olimpiadasında Azərbaycanlı idmaçılarla Yaponiyalı idmançıların həlledici məqamlarda qarşılaşmalarını da hamısı xatırlayırdı. Siz indi diqqət yetirin. Bir Olimpiada neçə-neçə belə gənc, yeniyetmə, şagird və tələbələrə Azərbaycanın varlığını hiss etdirmiş oldu. Çox sevindim düzünü desəm.
Sonda şagirdlərdən çox aktiv şəkildə qeyd etdilər ki, böyüyəndə hökmən Azərbaycana səfər edəcəklər. Məktəbin direktoru isə xüsusi olaraq təşəkkür etməyə gəldi.
Çox həzz aldım dərsdən.
Əlibəy Məmmədov
31 Avqust 2016
Yaponiya