Beyləqanda Yaponiya səfirliyinin dəstəyi ilə 90 min dollara məktəb tualetlərinin tikilməsi və burada qırmızı lentlər kəsilməsi, sərt desəm, cəmiyyətdə bir növ lağ-lağı obyektinə çevrilmişdir. Xarici ölkələrdə olanda Yaponiyadan ən çox özlədiyim məhz buranın tualetləridir. Hətta burda “tualet allahı” adlı mahnı da var. Yaponiyalılar tualet mədəniyyətlərinə görə bəlkə də 22-ci əsrdə yaşayırlar.
İstənilən ölkənin və evin mədəniyyəti onun tualet sistemindən başlamalıdır (bu haqda ötən ildə yazmışdım). Əlbəttə, Yaponiya tualet mədəniyyətindən və sistemindən bixəbər olanlara bu status o qədər də anlaşıqlı olmayacaq amma hər halda anlayış üçün yazıram.
Beyləqanda olanlar isə digər böyük obyektlərin açılışından daha çox alqışlayıram. Ümid edirəm ki, bu bizdə tualet mədəniyyətinin formalaşmasına yardımcı olacaqdır.
O boyda İstanbul Atatürk hava limanı, Moskvanın Şeremetyevi, Bakının Heydər Əliyev hava limanının yeni binasının tualet sistemləri çox iyrənc bir vəziyyətdədir. Çox halda kağız olmur. Su isə gəlmir. Ya da elə gəlir ki, lazımlı yerdən əlavə hər yeri yuyur, su edir. Bu problemlərin həllini düşünməyə dəyər. Beyləqan məsələsindən isə dərs götürmək lazımdır.
Amerikanın özündə tualetə getməyə bir yer belə tapılmır. Bakıda isə xüsusi pullu yerlər var o da çox azdır. Yaponiyada isə istənilən ictimai obyektdə, dükanlarda demək olar ki, hər yerdə tualet sistemi vardır və insanlar azad şəkildə heç bir ücrət ödəmədən istifadə edirlər. Təmizlik və gigiyena isə ən yüksək səviyyədə olur.