Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində qələbəsi mütləqdir

Tokio, 6 aprel, AZƏRTAC

Aprelin ilk günlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəbhədə yaranan gərginlik, Azərbaycan Ordusunun uğurlu əks-hücumu bütün xalqımız kimi, xaricdə yaşayan həmvətənlərimizin də diqqət mərkəzindədir. Bütün dünyada yaşayan azərbaycanlılar müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünü alqışlayır, xalqımız və dövlətimizlə birlikdə olduqlarını bəyan edirlər.

AZƏRTAC-ın Yaponiyadakı müxbiri sərhəd araşdırmaları, milli münaqişələr üzrə mütəxəssis, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti, doktorant tələbə Əlibəy Məmmədovla görüşərək baş verənlərlə bağlı onun fikirlərini öyrənib. Əlibəy Məmmədov deyib: Əvvəlcə xalqımızı uzun müddət intizarla gözlədiyi Azərbaycan Ordusunun qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Bütün xalqımız kimi, biz Yaponiyada yaşayan azərbaycanlılar da bu qələbəyə bütün qəlbimizlə sevinirik. Axır ki, gözlədiyimiz gün gəlib çatdı. Fürsətdən istifadə edib bütün xalqımıza, xüsusən də Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə gözaydınlığı verirəm.

Bildiyiniz kimi, münaqişə tərəfləri arasında atəşkəs haqda razılaşmanın imzalanmasından 22 il ötür. Bu illər ərzində Azərbaycan tərəfi dəfələrlə sülh yolu ilə münaqişənin tənzimlənməsini arzulasa da, bu istiqamətdə gözəçarpan addımlar atsa da, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi nəticəsində heç bir uğur qazanılmayıb. Belə olan halda Azərbaycan müstəqil dövlət olaraq öz torpaqlarını istənilən yolla, hətta müharibə yolu ilə olsa belə azad etməyə hazır olduğunu dəfələrlə vurğulayıb.

1994-cü ildə tərəflər arasında atəşkəs elan edilməsindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, beynəlxalq aləmdə “dondurulmuş münaqişə” kimi tanınır. Lakin bu heç də belə deyil. Bu illər ərzində Ermənistan tərəfi dəfələrlə atəşkəsi birtərəfli şəkildə pozub. Azərbaycan tərəfi isə layiqli cavab atəşi ilə düşməni geri oturtmağa nail olub. Bu hadisələr zamanı çoxlu sayda Azərbaycan əsgəri şəhidlik zirvəsinə yüksəlib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfinin təxribat xarakterli növbəti addımı baş verib. Onlar bu dəfə sadəcə Azərbaycan mövqelərini deyil, mülki əhalini də hədəfə almaqla iriçaplı silahlardan, pulemyotlardan, artilleriyadan istifadə edərək bizim tərəfi atəşə məruz qoyublar. Bunun nəticəsində mülki əhali arasında itkilər var. Buna cavab olaraq, Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib, əks hücumla düşmən geri oturdulub. Rəsmi məlumatlara görə bir çox strateji mövqelər, o cümlədən Naftalan şəhəri və Goranboy rayonu üçün təhlükə törədən Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi tam azad edilib. Fizuli rayonu istiqamətindəki Lələtəpə yüksəkliyi də azad olunub və ordumuzun tam nəzarəti altındadır. Düşmən meyitləri və silah-sursatı qoyaraq qaçmağa başlayıb. Ermənistan rəhbərliyi tərəfindən dağlıq Qarabağda yaşamağa məcbur edilmiş erməni mülki əhalisi isə geri qayıtmaq üçün işğal olunmuş əraziləri boşaltmaqdadır.

Bu günlər ərzində düşmən tərəfdən generallar da daxil olmaqla 100-lərlə canlı qüvvə və 10-larla hərbi texnika, tanklar məhv edilib. 1994-cü ildə atəşkəs elan edildikdən sonra belə bir güclü qarşıdurma olmayıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasının aprelin 3-də çağırılmış toplantısında Azərbaycan xalqını böyük zəfər münasibətilə təbrik edib. Rusiyanın “Ria Novosti” agentliyinin verdiyi məlumata görə artıq Ermənistan prezidenti geriyə addım ataraq “kompromisə hazır olduğunu” bəyan edib.

-Siz sərhəd araşdırmaları, milli münaqişələr üzrə mütəxəssissiz. Beynəlxalq təcrübədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi qarşıdurmalar və onların həlli ilə bağlı hər hansı nümunə varmı və həmin münaqişə necə həll olunub?

– Bildiyiniz kimi, mən Hokkaydo Universitetində doktorantura pilləsində sərhəd araşdırmaları, milli münaqişələrlə bağlı elmi təhlillər aparıram. Bizim tədqiqat mərkəzi yalnız Yaponiyada deyil, bütün dünyada məşhurdur. Burada olduğum dövrdə bir çox milli münaqişələr, ərazi problemləri haqqında oxumuşam, təhlillər aparmışam. Bu günədək hər hansı bir ərazi probleminin, milli münaqişənin sülh yolu ilə həll olunmasına şahid olmamışam. Amma müharibə yolu ilə həll olunmuş münaqişələr mövcuddur. Mən real misal gətirəcəyəm. Şrilanka ərazisində milli münaqişə 1983-cü ilin iyulunda başlamış, 27 il ərzində davamlı olaraq dörd dəfə kəskinləşmiş və 2009-cu ildə hərb yolu ilə bitmişdir. Şrilanka hökuməti ölkə daxilində milli azlıq olan tamillərin separatçı qüvvələrini 2009-cu ildə darmadağın etmiş və onların ölkəni parçalamaq planının həyata keçməsinin qarşısını almışdır. Şrilankada milli çoxluq olan sinhallar və tamillər arasında milli ədavət öncə rəsmi dil ətrafında yaransa da sonradan tamillərin öz hüquqlarının tapdanması və s. kimi iddialarının ortaya çıxması ilə davam etdirilmiş və onlar öz dövlətlərini yaradaraq Şrilankanı parçalamağa cəhd etmişlər. Dağlıq Qarabağ erməniləri də buna bənzər iddialar irəli sürməklə beynəlxalq diqqəti öz üzərilərinə çəkiblər. Guya burada onların hüquqları tapdalanırdı.

Ərazi problemləri və milli problemlərdə görünən mənzərə budur ki, tərəflərdən biri birtərəfli olaraq tam qələbə qazanmadığı təqdirdə münaqişə bitmir. Ermənistandan birbaşa dəstək alan Dağlıq Qarabağdakı qondarma rejim də eynilə Şrilankada tamillər kimi hərəkət edib. Hətta daha irəli gedərək özlərinə “qondarma respublika” da yaradıb. Azərbaycan tərəfinin sülh çağırışlarına məhəl qoymadan işğalı davam etdirməklə, müstəqil Azərbaycan ərazisində separatçı rejim qurublar. Belə olan halda Azərbaycan hökumətinin ordunu tam səfərbər etməklə, beynəlxalq səviyyədə də tanınan öz doğma torpaqlarını separatçı qüvvələrdən tamamilə azad etməyə hüququ çatır. Beynəlxalq normalarda, prinsiplərdə də bu göstərilmişdir. Mən inanıram ki, Azərbaycan öz doğma torpaqlarını azad edərsə böyük dövlətlər qalib və haqlı tərəf olan dövlətimizin yanında olacaqlar. Görünən mənzərə də budur ki, hazırda nə Rusiya, nə Fransa nə də Amerika rəsmi səviyyədə Ermənistanı açıq-aşkar dəstəkləmir. Bundan yararlanaraq torpaqlarımızı işğaldan azad etməyin vaxtı gəlmişdir. Müharibədə əsas lazım olan psixoloji üstünlükdür ki, hazırda bu üstünlük ordumuzun, xalqımızın tərəfindədir. Belə olacağı halda ordumuzun tam qələbəsi mütləqdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

==================================

Mənbə:Azərbaycan Dövlət İnformasiya Agentliyi

http://azertag.az/xeber/Azerbaycanin_Dagliq_Qarabag_munaqisesinde_qelebesi_mutleqdir-940541

 

alibay 1

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。