Mən artıq 4 ilə yaxındır ki, Yaponiyanın şimal paytaxtı hesab olunan Sapporo şəhərində yaşayıram. İlk öncə 1 il müddətində tədqiqatçı tələbə kimi fəaliyyət göstərib, növbəti iki ili isə magistrant kimi qarşılamalı oldum. Hazırda isə doktorantura pilləsində təhsil alıram.
Hər şeydən əvvəl nəyə görə məhz Yaponiyanı, Hokkaido Universitetini seçməyimlə bağlı qısa məlumat vermək istərdim. Hər bir azərbaycanlı üçün Qarabağ problemi çox ağrılıdır. Mənim ana tərəfim Ağdamdandır. 1993-cü ildə ana tərəfdən olan bütün qohumlarım məcburi olaraq Azərbaycanın digər bölgələrinə köçməli oldular. Mən öz gözlərimlə onların yaşadıqları acınacaqlı həyatı görərək böyümüşəm.
Valideynlərimin hər ikisi tarixçidirlər. Aydındır ki, evimizdə hər zaman tarix abı-havası hökm sürüb. Azərbaycan və dünya tarixini öyrənmək istəyən bir çox məktəbli tələbələr bizə hazırlığa gəlirdilər. 2004-cü ildə Respublika Tarix Olimpiadasında 2-ci yerə yüksəldiyimi xatırlayıram. Demək istədiyim odur ki, hər zaman damarlarımda, qanımda “tarix” axıbdır və hazırda da belədir.
2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) Fakültəsinin Yapon dili və Ədəbiyyatı şöbəsinə daxil oldum. İlk 2 il ərzində o qədər də seçilən tələbə deyildim. Hətta bəzi qrup yoldaşlarım tərəfindən “nəyə görə Yapon dili və ədəbiyyatı” bölməsini seçmisən?!”, “Tarix fakültəsi sənə daha uyğun olardı” kimi fikirlər haqqımda çox səslənirdi. Düzünü desəm bizə yapon dili dərsi deyən Yaponiyadan ezam olunmuş xanım müəlliməmiz də mənə o qədər də diqqət ayırmazdı. Əlbəttə bunun da öz səbəbləri var idi. Mən o qədər də çalışqan tələbə deyildim. Universitetə daxil olduğum il valideynlərimin bir-birindən yollarını ayırması, mənim öz “ilk sevgimdən” ayrılmağım, ailəmizdə hökm sürən iqtisadi problemlər və s mənə psixoloji cəhətdən öz mənfi təsirlərini göstərməkdə idi. Əlbəttə, şəxsi məsələləri təhsil həyatına, iş həyatına gətirmək düzgün deyil və qeyri-peşəlarlıqdan xəbər verir. Lakin 16-17 yaşında olan psixoloji cəhətdən hələ çox zəif bir yeniyetmə üçün bunları başa düşmək hələ çox tez idi. Amma yenə də çox istərdim ki, o müəllimə digər tələbələr kimi mənə də eyni diqqəti ayırsın. 3-cü kursda oxuyanda bizə yapon dilindən dərs keçən Yaponiyalı mütəxəssis digəri ilə əvəz olundu. Bu dəfə kişi müəllim Bakı Dövlət Universitetinə təşrif buyurmuşdu. Elə ilk gündən anladım ki, bu şəxslə birlikdə mənim içimdə olan oxumaq sevgisi alovlanacaq. Qeyd edim ki, həmin şəxs çox fəlsəfi bir insan idi. Mənim çox xoşuma gələrdi onunla apardığımız diskusiyalar, müzakirələr, hansılar ki, ondan əvvəlki mütəxəssis mənim üçün bu imkanı yaratmamışdı.
Yeni müəllimimiz mənim sadəcə olaraq təhsilimdə deyil, həm də bir şəxs kimi yetişməyimdə çox mühüm bir rol oynadı. Mən bütün ömrüm boyunca ona minnətdar olaraq qalacam.
Mənim psixoloji cəhətdən çox güclü bir şəxs kimi yetişməyimdə daha bir müdrik insanın rolu böyükdür. Onun adı Fərhaddır. Məndən cəmi 1 ya 2 yaş böyük olardı. Tibb Universitetində təhsil alırdı. Onunla Yaponiyanın “Fuji Megane” şirkətinin Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik işində tanış olmuşduq. O ingilis dili, mən isə yapon dili tərcüməçisi kimi iştirak edirdim.
Fərhadla tanışlığım mənim həm də akademik insan kimi yetişməyimdə böyük rolu olmuşdur. O mənə bir şəxsin yetkin insan kimi yetişməsi üçün, psixoloji cəhətdən güclü insana çevrilməsi üçün lazım olan nəsihətlərini verməklə yanaşı, bu mövzularda olan qiymətli kitabları da tövsiyə edirdi. Ilk dəfə idi ki, yaşıdlarım arasında belə səviyyəli bir insanla tanış olurdum. Çayxanalarla, boş-boş əylənmək qızıl vaxtlarını itirən digər tanışlarımdan çox öndə gedən bir şəxsiyyət idi. Məsələnin maraqlı tərəfi isə ondadır ki, fərhad özü-özünü bu səviyyəyə gətirib çıxarda bilmişdi. Məşhur xarici şirkətlərin birində mütəxəssis kimi də çalışırdı. Xaricə səfərləri də az deyildi. Qiymətli kadr idi.
Bakalavrın 3-cü, 4-cü kursları mənim tədrisimdə və bir şəxsiyyət kimi yetişməyimdə bir növ dönüş nöqtəsi olmuşdur. Bu müddət ərzində yapon dili bacarığına və Yaponiya haqqında bir çox biliklərə (xüsusilə tarixi və siyasi mövzularda) yiyələndim. Mənim diqqətimi daha çox çəkən məqam isə ada ölkəsi olmasına rəğmən Yaponiyanın özünün də bir çox ərazi problemlərini yaşaması oldu. Bütün bu problemlər isə öz kökünü İkinci Dünya Müharibəsindən götürməkdədir. Rusiya ilə “Cənubi Kuril adaları problemi” (Yapon dilində bu ərazilər “Şimal Əraziləri” 「北方領土」(“Hoppo Ryodo”) kimi tanınır. Qeyd edim ki, adalar Rusiyanın nəzarəti altındadır.), Cənubi Koreya ilə Takeşima 「竹島」adaları problemi (Cənubi Koreya bu adaları “Dokdo” 「独島」adlandırır. Adalar Cənubi Koreyanın nəzarəti altındadır. ), son illər iqtisadi gücü hesabına özündən söz etdirməyi bacaran Çin Xalq Respublikası ilə isə Senkaku adaları 「尖閣諸島」 problemi (Çin dilində bu adalar “Diaoyudao” 「釣魚島」 kimi tanınır. Adalar Yaponiyanın nəzarəti altındadır. Yaponiya rəsmi olaraq problemin mövcud olduğunu qəbul etmir.) yaşamaqdadır. Qarabağ kimi ağrılı bir problemi olan Azərbaycan Respublikasının bir vətəndaşı kimi mənə Yaponiyanın yaşadığı problemlər oxşar görünməyə başladı (əlbəttə sırf elmi-akademik cəhətdən söhbət açsaq bu problemlər arasında bir çox fərqlər mövcuddur). Xüsusilə həm Azərbaycana və həm də Yaponiyaya qonşu olan Rusiya ilə yaşanan problem məndə xüsusi maraq oyatmışdı. Bu mövzu ilə ilgili Yaponiyada ən öndə gedən professorlardan biri (hazırda birincilərdən biridir) məhz Hokkado Universitetində çalışdığını nəzərə alıb, sözügedən universitetdə təhsilimi davam etdirməyi qərara aldım. Bu region həm də problemə ən yaxın regiondur. Keçmiş ada sakinlərinin əksəriyyəti də məhz burada yaşayır. Anket, intervyu və s araşdırmalar aparmaq üçün də əlverişli yerdir.
Hokkaido Universitetinə gəldikdə sonra, ilk öncə Dağlıq Qarabağla müqayisə edərək tədqiqat aparmağı planlaşdırsam da, hər iki problemin fərqli xarakterlərə malik olması məni bu fikrimdən daşındırmalı oldu. Daha sonra Yaponiyanın digər ada problemləri ilə müqayisəli şəkildə tədqiqat aparmağı nəzərdən keçirdim. Lakin bu da alınmadı. Səbəbi, magistr işi üçün mövzunun həddindən artıq geniş olması idi. Magistratura pilləsi üçün o qədər də geniş olmayan mövzu tələb olunurdu. Yeri gəlmişkən onu da qeyd edim ki, Cənubi Kuril adaları problemi mütəxəssislər və siyasətçilər arasında kifayət qədər işlənmiş mövzudur. Problemin əsli, nədən qaynaqlandığı, obyektiv həlli yolları barəsində rusiya və yaponiyalı mütəxəssislər eləcə də dünya səviyyəli digər ölkələri təmsil edən mütəxəssislər və politoloqlar tərəfindən kifayət qədər müzakirələr aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, hələ də bir çox lazımi qədər araşdırılmamış tərəfi qalmaqda idi. Bu, “İctimai rəy”-ə əsas diqqəti yetirmək vasitəsilə problemə baxış idi. Keçmiş ada sakinlərinin fikri nədir? Onların məsələyə yanaşması necədir?
Mən məhz bu istiqaməti əsas götürərək mövzunu təhlil etməyə səy göstərdim. Magistr mövzumla bağlı ayrıca geniş məqalə yazacağım üçün burada qısa məlumat verməklə kifayətlənirəm. Bir qədər mövzudan kənara çıxsam da, yuxarıda yazılanlar mənim Yaponiyaya gəlib çatmağıma qədər olan mərhələnin çox qısa bir təhlili idi. Növbəti yazılarımda bu haqda daha geniş və daha ətraflı məlumat verəcəm. Yuxarıda mövzudan bir qədər yayındığıma görə niiyə görə Yaponiyanı seçməyimi aşadakı 3 konkret amillə bağlamaq istərdim.
1. Yapon dili və mədəniyyətini Bakı Dövlət Universitetində mənimsəməyim
2. Tarixçi ailəsində doğulub, boya-başa çatmağım.
3. Yaponiyada yapon dilində Rusiya və Yaponiyanın ərazi problemini tədqiq etmək istəyim və gələcəkdə Qarabağla bağlı tədqiqatla əlaqələndirmək arzum.
Əlibəy Məmmədov
Yaponiya, Tokyo
Tarix: 24 Fevral 2016-ci il