Tokio televiziyasında Azərbaycanda Milli Dirçəliş Günü ilə bağlı veriliş nümayiş olunub

Tokio, 17 noyabr, AZƏRTAC

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı xüsusi veriliş yayımlanıb.

Aparıcının suallarını cavablandıran Hokkaydo Universitetinin doktorantı, Əcnəbi Tələbələr Təşkilatının sədri Əlibəy Məmmədov bildirib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hər il qeyd edilən dövlət bayramlarından biri də Milli Dirçəliş Günüdür. SSRİ rəhbərliyinin qədim Azərbaycan torpağı Dağlıq Qarabağla bağlı yeritdiyi siyasətə etiraz əlaməti olaraq 1988-ci il noyabrın 17-də Bakıdakı Azadlıq meydanında (Keçmiş Lenin meydanı) ilk fasiləsiz mitinqlər başlayıb. Getdikcə güclənən mitinqlər yüz minlərlə insanın qatıldığı görünməmiş siyasi aksiyaya çevrilib. Noyabrın 22-də Bakıda komendant saatı tətbiq edən Moskva şəhərə daxili qoşunların qüvvələrini yerisə də, kütləvi etirazların qarşısını ala bilməyib. Yalnız dekabrın 3-dən 4-ə keçən gecə şəhərə yeridilən hərbi texnika vasitəsilə mitinqlər dağıdılıb, 400-dən çox mitinq iştirakçısı həbs olunub. Azərbaycan xalqı hazırda 17 noyabrı milli azadlıq hərəkatının başlanğıcı kimi böyük şərəflə xatırlayır.

Hazırda Azərbaycanın dünya birliyinin tam hüquqlu üzvünə çevrildiyini vurğulayan Ə.Məmmədov həmin günün xalqımızın yaddaşında əbədiləşməsində ümummilli lideri Heydər Əliyevin xüsusi rol oynadığını bildirib.

Verilişdə Azərbaycanda ictimai-siyasi sabitliyin, insanların təhlükəsizliyinin qorunması məqsədilə ardıcıl siyasət yeridildiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanda qanunun aliliyi, insan hüquq və azadlıqları təmin olunur. Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmizdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə də xüsusi diqqət yetirilir. 2015-ci ilin dövlətimizin başçısı tərəfindən ”Kənd təsərrüfatı” ili elan olunduğuna diqqət çəkən Ə. Məmmədov bildirib ki, ölkəmizdə yaradılmış münbit şərait əcnəbi investorların, o cümlədən yapon iş adamlarının Azərbaycanda öz bizneslərini qurmasına geniş imkanlar açır.

Verilişdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən nəhəng layihələr barədə də məlumat verilib. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini vurğulayan doktorant yapon iş adamlarını bu əlverişli mövqedən faydalanmağa və birgə layihələr həyata keçirməyə çağırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
VIDEO:
Aşağıdakı informasiya portallarında da məlumat verilmişdir:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
Yeni Azərbaycan Partiyası
 http://metbuat.az/news/288795/tokio-televiziyasinda-azerbaycanda-milli-dicelis-gunu-ile-ba.html
azertac shekil
Şəkilin müəlliflik hüququ AZƏRTAC-a məxsusdur.

コメントを残す