Yapon şirkətlərinin Azərbaycana çıxmasında lazımi kadrların vacibliyi アゼルバイジャン進出に欠かせない人事育成について

Yapon şirkətlərinin Azərbaycana çıxmasında lazımi kadrların vacibliyi

Bir-iki gündür, dostlarla bəzi mövzuları müzakirə edirik. Müxtəlif qütblərin adamları öz fikirlərini bildirirlər.

Bir daha qeyd etmək istəyirəm ki, hər kəs öz sahib olduğu savada və təcrübəyə, eyni zamanda gördüyü real işlərə görə fikir söyləməyə çalışır. Əlbəttə, açıq-aşkar peşəkar və həvəskarlar o dəqiqə anlaşılır.
Kimin konkret və məntiqi danışmağı və kimin sadəcə olaraq hissi davranmağı açıq-aşkar ortaya çıxır.

Mən hissi çıxışlara qarşıyam. Hissi reaksiya verən zaman insan adekvat cavab verə bilmir. Belə zamanlarda ümumiyyətlə heç bir fikir söyləmədən bir gün gözləmək, sakitləşdikdən sonra soyuq beyinlə hər hansısa bir şərh verməyi tövsiyə edərdim.

Bununla belə mən belə hesab edirəm ki, fikir söyləmək çox vacibdir. Bu sahədə savadın çatıb-çatmamasına baxmayaraq bunları normal qəbul etmək lazımdır. İnsan hər zaman öyrənməyə çalışmalıdır. Və mənə xoşdur ki, dostlar öz fikirlərini açıq-aşkar şəkildə və ya birbaşa ünvanıma mesaj yazmaqla çatdırmağa çalışırlar.

Mən ötən gün yaponların Azərbaycana həddindən artıq maraqlarının olmasına rəğmən çıxa bilməmələrinin əsas səbəbi kimi “lazımı kadr çatışmamazlığı”-nı vurğuladım. Və “mühit” və “sistem”i səbəb gətirənlərə qarşı çıxdım və bunu bir neçə real epizod gətirməklə izah etməyə çalışdım.

Bu dəfə isə kadr məsələsinə aydınlıq gətirmək istəyirəm.

Mən öz sözümün üstündə qalıram ki, kadr məsələsi hər şeydən vacibdir. Lazımi kadr olmadan yeni biznes axtarışları heç bir fayda verə bilməz. Verməyəcəkdə.

Qeyd olunan “mühit” və “sistem”i yaradan da məhz kadrlardır. Məhz kadrlar bazarı araşdırır və ora uyğun biznes strategiyasını qurmağa çalışırlar. Amma əgər lazımi kadr yoxdursa o zaman kələ-kötür şəkildə hərəkət etməklə heç bir uğur qazanmaqdan söhbət belə gedə bilməz.

Biznes fəaliyyəti hər ölkədə və ya regionda eyni ola bilməz. Mühit hər yerdə eyni ola bilməz. Sistemlər də fərqli olmalıdır. Burda qeyri-adi bir şey yoxdur. Bu tarix boyu belə olub, indi də belədir və belə də davam edəcəyini düşünürəm.

Elə məhz kadrlar da onun üçün lazımdır ki, istənilən mühitə, istənilən sistemə uyğun hərəkət edib, uyğun biznes planı qurub, iş görsünlər. Əgər bunu bacarmırlarsa deməli “lazımi kadr” adı onlara yaraşmır. Və ya hələ bunun üçün, kifayət qədər böyük uğur qazanmaq üçün uyğun vaxt gəlməmişdir.

Görünən qaydalarla görünməyən qaydaların misalı çəkildi. Mən bunu sadəcə Azərbaycanla bağlamağın tam əleyhinəyəm. Bu məsələ elə ən çox özünü Yaponiyada biruzə verir.

Bu cürə hallarda belə məhz kadrların üzərinə böyük məsuliyyət düşür. Əgər o görünməyən qanunlar doğurdan da varsa, məhz həmin görünməyən qaydalara uyğun hərəkət etmək də məhz kadrın vəzifələrindən biridir. Mən deyərdim ki, bu kadrın görməli olduğu ən vacib işdir.

Şəxsi əlaqələri də sırf Azərbaycanla bağlamağın əleyhinəyəm. Çünki bu da dünyanın demək olar ki, bütün ölkələrində vardır. İstənilən rəhbər üçün, istər siyasi sahədə, istərsə də biznes sahəsində işini görə bilmək üçün lazımi və tanıdığı, bildiyi kadrların olması vacibdir. Bu olmayacağı təqdirdə birlikdə iş görmək risklidir.

Heç kim məndən inciməsin amma mən şəxsən uğur qazana bilməməkdə, düzgün biznes strategiyası qura bilməməkdə “mühit”i və “sistem”i qınamaq cəhdinin çox uğursuz bir addım olduğunu düşünürəm.

Mən belə hesab edirəm ki, bu zəiflik əlamətidir. Bu sahədə özünün uğur qazana bilməyib, günahı başqasının üzərinə atmaq cəhdidir. Bütün səsləndirilən fikirlərə və şərhlərə dərin hörmətimi bildirməklə yanaşı, mənim belə hesab etdiyimi də demək məcburiyyətindəyəm.

Eyni zamanda yapon dilini bilmək hələ kadr olmaq anlamına gələ bilməz və gəlməməlidir. Yapon dili hər hansısa bir sahədə kadr ola bilmək üçün, sadəcə olaraq bir vasitə rolunu oynaya bilər.

Kadr, konkret olaraq hər hansısa bir sahəni dəqiq bilən və ya hər hansısa bir sahədə konkret təcrübəyə sahib olan insana verilən addır.

Eyni zamanda bir-iki kitab oxumaq belə hələ yapon dilini bilmək anlamına gəlməməlidir. Bir iki yaponla işləmək də hələ konkret təcrübəyə sahib olmaq anlamına gəlməməlidir.

Sonda onu qeyd edim ki, konteksdə istifadə etdiyim “yapon şirkətləri”nə son zamanlar konkret desəm, bu 2-3 ildə Azərbaycana çıxmağa çalışan kiçik və orta sahibkarların əksəriyyəti aiddir.
Təbii ki, bura kifayət qədər məşhur avtomobil şirkətlərini və böyük brendləri, dünya səviyyəsində adından söz etdirən şirkətləri daxil etmək yalnış olardı.
Məhz buna görə dəfələrlə qeyd edirəm ki, məsələləri qarışdırmaq olmaz.

İstənilən sağlam fikrə və şərhə açığam. Buyurun fikirlərinizi bildirin amma ədəb-ərkan və danışıq mədəniyyəti qaydalarını qorumaq şərti ilə.

Əlibəy Məmmədov
8 Noyabr 2015-ci il
Tokyo

カテゴリー 9. All. Hər şey.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close