Bu sualı mənə çox verirlər. Həm Yaponiyada, həm Azərbaycanda həm də digər ölkələrdə.
Anam hər zaman deyir ki, “göz dəyəcək bala, az danış, heç kimə demə, pis gözlər var və s”. Anamın xətrini çox istəyirəm amma xurafat və digər buna bənzər məhfumları özümə yaxın buraxmıram. Mən düşünürəm ki, insan öz düşüncələrini bölüşməlidir, paylaşmalıdır. Mən başlayıram bunu. Siz davam etdirin. Gizlətməklə deyil, paylaşmaqla, fikirlərimizi bölüşməklə, yalnış tərəflərimizi tənqid etməklə inkişaf edə bilərik. Paylaşın, deyin, danışın, yazın və bunun müsbət nəticələrini bir neçə il ərzində öz gözlərinizlə görəcəksiniz. Bu an deyil, prosesdir. Düzgün dərk etməkdə fayda var. Fikirlərimi oğurlamağa da paylaşmağa da icazə verirəm. Buyurun.
Mənim bu həyatda məqsədlərimin nə olduğunu bilmək istəyirsiz? O zaman hazır olun!
- Mənim məqsədim, Azərbaycanın səsinin Yaponiyada tanınmasına yardım etmək və bu işi öz çiyimlərimdə daşımaqdır
- Mənim məqsədim, Azərbaycan və Yaponiya arasında dərin mədəni əlaqələr qurmaqdır
- Mənim məqsədim, Azərbaycan və Yaponiya əlaqələrini dərinləşdirməklə, Yaponiyada Azərbaycana qarşı müsbət fikir formalaşdırmaqla, eyni zamanda Şərqi və Cənub Şərqi Asiya ölkələrində Azərbaycanın kifayət qədər tanınmasına nail olmaq və Azərbaycan haqqında kifayət qədər müsbət imicin formalaşmasına yardım etməkdir
- Yaponiyada kifayət qədər tanınmaq və müsbət fikrin olması, digər Şərqi və Cənub Şərqi Asiya ölkələrinə nisbətən asan yolla çıxış deməkdir, özümüzə yaşıl işıq yandırmaq deməkdir
- Mənim məqsədim, qərbdən-şərqə deyil, şərqdən-qərdə, yuxarıdan-aşağı deyil, aşağıdan-yuxarı, varlıdan-kasıba deyil, kasıbdan-varlıya istiqamət almaqdır
- Mənim məqsədim Dağlıq Qarabağ probleminin diplomatik yollarla həllinə nail olmaqdır
- Mənim məqsədim özümüzü ermənilərin qarşısına top-tüfənglə deyil, ağılla, dərrakəylə, savadla, elmlə, intellektlə çıxartmaqdır
- Mənim məqsədim müharibənin kökünü kəsməkdir, mənim məqsədim öz yurd-yuvalarından didərgin düşmüş insanları öz dədə-baba yurdlarına qaytarmaqdır
- Mənim məqsədim öz vəzifələrindən və mövqelərindən sui-istifadə edən məmurların sağlam məhkəmə qarşısında cəzalandırılmasıdır
- Mənim məqsədim, özünü zəif, gücsüz hesab edən insanlara dəstək olmaqdır
- Mənim məqsədim, insanları maarifləndirməkdir
- Mənim məqsədim, insanlara onların əslində necə də güclü bir varlıq olduqlarını, sadəcə bunun fərqinə vara bilmədiklərini bildirməkdir
- Mənim məqsədim, ətrafda gedən söz-söhbətlərə, insanlara həddindən artıq çox fikir verməkdən öz iş-güclərinə səfərbər ola bilməyənlərin gözlərini açmaqdır
- Mənim məqsədim, Azərbaycan elminin inkişaf etdirilməsidir
- Mənim məqsədim, Azərbaycanın dünyanın elm arenasında konkret söz sahibi olmasına yardım etməkdir
- Mənim məqsədim Azərbaycan Harvard, Kembric səviyyəli universitetləri açmaqdır
- Mənim məqsədim Azərbaycanda dünya səviyyəli siyasətçiləri yetişdirməkdir
- Mənim məqsədim Azərbaycanda dünya səviyyəli fiziklərin olmasıdır
- Mənim məqsədim insanların dilindən vulqar sözləri yığışdırmaqdır
- Mənim məqsədim çayxanalarda vaxtını öldürən və bununla da öz həyatını sözün həqiqi mənasında məhv edən gəncləri, elm dərnəklərinə dəvət etməkdir, onların istiqamətlərini dəyişməkdir
- Mənim məqsədim, sağlam rəqabəti yaratmaqdır
- Mənim məqsədim şəhərlilərin kəndlilərə yuxarıdan aşağı baxmasının pis olmasını onlara anlatmaqdır
- Mənim məqsədim gənclərin öz asüdə vaxtlarında nərdtaxta deyil, şahmat oynamalarını təmin etməkdir
- Mənim məqsədim arzularımı, xəyallarımı daim danışmaqda, paylaşmada davam etməkdir.
- Mənim məqsədim mənim yoluma yaxın olan insanları bir arada cəmləməkdir, əlaqə saxlayın, paylaşaq, bölüşək, inkişaf edək. Ey—–, bilirsiz nə qədər məqsədlərim var???

Əlibəy Əlibəyli
6 Oktyabr 2015-ci il
Yaponiya, Sapporo şəhəri