Hokkaido Universitetinin alimləri Azərbaycanda səfərdədirlər

“Hokkaido Universitetinin alimləri Azərbaycanda səfərdədirlər QONAQLAR BƏRDƏDƏ QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLUBLAR”

Bugünlərdə Hokkaido Universitetinin Xarici Tələbələr Assosiasiyasının Prezidenti, doktorant tələbə Əlibəy Məmmədov və yaponiyalı tədqiqatçı alim Taçıbana Yu redaksiyamızın qonağı olub.

image
Müəllif hüquqları 525-ci qəzetə məxsusdur.

Əlibəy Məmmədov Bakıda tarixçi ailəsində böyüyüb. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Yapon dili və ədəbiyyatı fakültəsində təhsil alıb.

Yaponiya səfirliyinin keçirdiyi müsabiqədə qalib olan Ə. Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hazırda Yaponiyada dövlət təqaüdləri hesabına təhsil alır, magistr işini də həmin ölkədə müdafiə edib. İndi doktorantura pilləsində təhsilini davam etdirir. Ümumi tədqiqat mövzusu “Ərazi problemləri, sərhəd araşdırmaları və ictimai rəy” olan gənc alim Dağlıq Qarabağ və Cənubi Kuril adaları  probleminin müqayisəli təhlili ilə məşğul olur.

Həmsöhbətimiz sözügedən araşdırma sahəsi ilə bağlı bildirib ki, Dağlıq Qarabağ və Cənubi Kuril adaları problemləri fərqli münaqişələrdir:

“Dağlıq Qarabağ münaqişəsi yenidir, amma İkinci Dünya müharibəsinin bitməsindən və Cənubi Kuril adaları problemindən 70 ilə yaxın bir vaxt keçir. Yaponiyadakı gənc nəsil üçün bu ərazilər o qədər də maraqlı deyil. Hətta yaşlı nəsil də oraya qayıtmaq istəmir. Çünki Yaponiyanın digər şəhərlərində artıq yaşayışlarını, həyatlarını qurublar, övladlarını böyüdürlər. Onları Cənubi Kuril adaları indi ancaq səyahət yeri kimi maraqlandıra bilər, daimi yaşayış haqqında düşünmürlər. Dağlıq Qarabağ münaqişəsi isə bundan fərqlidir. Yaponiya ilə müqayisə etsək, bizdə əvvəlki yaşayış yerinə, yurd-yuvalarına dönmək istəyənlərin sayı çoxdur”.

Gənc alimlərin Azərbaycana budəfəki səfərləri Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə əyani tanışlıq məqsədi daşıyır. Bu məqsədlə tədqiqatçılar Bərdə rayonunda yerləşən qaçqın və məcburi köçkünlər üçün salınmış  şəhərcikdə olublar.

Ə. Məmmədov qeyd edib ki, Hokkaido Universitetinin ayırdığı maliyyə vəsaiti hesabına Azərbaycanda səfərdədirlər:

“Bugünlərdə cənab Taçıbana Yu ilə Bərdədə qaçqın və məcburi köçkünlərlə görüşdük, münaqişənin yaratdığı problemləri onların öz dilindən eşitdik. Hər ikimiz tədqiqatlarımızda yurd-yuvası işğal olunub qaçqın həyatı yaşamağa məcbur olan bu insanların söylədiklərini qeyd etmək niyyətindəyik. Problemin nəzər  tərəfləri ilə əlbəttə, tanışıq. Ancaq fikrimiz həm də münaqişənin nəticələrini öz gözümüzlə müşahidə etmək, bunlarla əyani tanış olmaq idi”.

Hazırda Hokkaido Universitetində tədqiqatçı kimi çalışan 36 yaşlı Taçıbana Yu isə 2013-cü ildə “Azərbaycanın müasir siyasi-iqtisadi dəyişiklikləri” mövzusunda doktorluq işi müdafiə edib.
image

Ə.Məmmədovla 2010-cu ildən tanış olduğunu deyən T. Yu tədqiqat işində bu əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Söhbətimizdə T. Yu Azərbaycana böyük maraq göstərdiyini bildirib:

“Sovet İttifaqı dağıldıqdan onun tərkibindən çıxıb müstəqillik qazanan respublikalar maraq dairəmdə idi.

Azərbaycana marağım da bu zaman yarandı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı televiziyada bir verilişə baxandan sonra bununla bağlı daha ətraflı öyrənməyi qərara aldım.

Düşünürəm ki, Azərbaycan hökuməti bu münaqişəni uzunmüddətli həllini hesablayır. Dağlıq Qarabağ problemini təbii ki, kitablardan, internetdən də araşdırmaq olar. Amma insanların nə fikirləşdiyi, qaçqın və məcburi köçkünlərin düşüncələri bizim üçün daha çox maraq kəsb etdiyi üçün onlarla birbaşa ünsiyyətdə olduq. Jurnalistlər bu barədə əlbəttə, tez-tez yazırlar, ancaq elmi tədqiqatçıların araşdırmalarında bu, çox az rast gəlinir. Biz intervülər götürdük, anket üsulu ilə araşdırmalar apardıq. Yaponiyaya qayıtdıqdan sonra bunun nəticələri ilə bağlı elmi konfrans təşkil etməyi düşünürük”.

image

Azərbaycanla bağlı təəssüratlarını bölüşən yaponiyalı qonaq burada tarixin ruhunun hiss edildiyini deyib:

“Artıq üçüncü dəfədir Azərbaycana gəlirəm. İlk dəfə 2007-ci ildə Bakıda olmuşam. O vaxtdan bəri hər gəlişimdə Azərbaycanın həm paytaxtında, həm bölgələrində müşahidə etdiyim sürətli inkişaf, tərəqqi məni sözün yaxşı mənasında təəccübləndirir. Bütün bunlar müsbət mənada mənim yaddaşımda qalıb. Bu dəfə Bərdədə olarkən yeni salınmış qəsəbədə qaldıq. Həddindən artıq gözəl tikilmiş binalar idi. Orada  Qurban adlı yaşlı bir bəydən intervü götürəndə dedi ki, dövlət tərəfindən qaçqınlar üçün yaxşı şərait yaradılıb, evlər tikilib, ancaq torpaqlar qaytarılsa, bu dəqiqə ayaqyalın oraya qaçar. Bu təsirləndirici fikir heç yadımdan çıxmır. Gələcəkdə də Azərbaycana yenidən səfər etməyi, bu layihəmizi davam etdirməyi düşünürük”.

Müsahibəmiz zamanı türkcə danışan qonağımız sonda qəzetin yaradıcı kollektivinə minnətdarlığını bildirib: “Yaponiyada “525-ci qəzet”in elektron variantını oxuyuram və bu, elmi işlərimdə mənə çox kömək olur”.

Sevinc MÜRVƏTQIZI

//////////////////////////////////////////////
Qeyd:Bu məqalə 525-ci qəzetin 23 Sentyabr 2015-ci il, çərşənbə N 174 (4430) sayında dərc olunmuşdur.
Müəllif hüquqları tamamilə 525-ci qəzetə məxsusdur. İstifadə zamanı 525-ci qəzetdən sitat gətirilməlidir.

http://525.az/site/?name=xeber&news_id=42600

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。