“Gəzən lüğət” 「歩く辞書」 və ya “Mənim yapon dilim” 「私の日本語」

Bu məqalədə mənim yapon dili ilə tanışlığım və bu dili öyrənmə prosesində qarşıma çıxan çətinliklər, sevincli və kədərli anlarım, mənim üzərimdə böyük əməyi olan müəllimlərim, eyni zamanda bəzi stereotiplər haqqında öz şəxsi görüşlərimi qeyd etmək istərdim.

Şəkil 2015-ci il mart ayında Kyoto şəhərində çəkilib.
Şəkil 2015-ci il mart ayında Kyoto şəhərində çəkilib.

Düzünü desəm, mən Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olmağı arzulayırdım. Amma qəbul imtahanımda topladığım ballarım bunun üçün kifayət etmədiyindən, Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin yapon dili və ədəbiyyatı şöbəsinə daxil oldum. Coğrafiya fənni üzrə maksimum (25 sual 25 doğru cavab), İngilis dili (25 sual 21 doğru cavab) üzrə çox yüksək nəticələr göstərsəmdə, dil-ədəbiyyat (35 sual 18 doğru cavab) və tarix (25 sual 18 doğru cavab) fənləri üzrə ürəkaçan nəticələr verə bilməmişdim. Hətta bunu eşidib-bilən atam belə həyatımda ilk dəfə məni danlamışdı. “Bəs bütün günü telefonnan qurdalananda belə olacaq də!”.

Bu eyni zamanda həmin vaxta kimi gələn axının təbii davamı idi. Mən məktəb illərində də heç vaxt əla nəticə göstərməmişəm. Ya yaxşı olmuşam ya da yaxşıdan bir az yuxarı. Amma əlaçı heç vaxt olmamışam. Hər zaman nəisə bir şey çatışmırdı əlaçı olmağıma.

2005-ci ilin sentyabr ayı idi, universitetdə ilk günümüz. Dərsə gəldik, tanışlıqlar başladı. Bizim qrupda 4 oğlan və 4 qız var idi. Bir növ balanslaşdırılmış bir qrup idi. Rayondan gələnlərimiz də var idi, şəhərlilər də var idi. Bir onu bilirəm ki, ilk dəfə heroqlif kitabının üzünə açmağımla kitabı bağlamağım eyni anda baş verdi. Sözün həqiqi mənasında qorxmuşdum. Görəsən belə bir dili öyrənmək olarmı?

İlk il yarım, 2-ci kursun oratalarına kimi qrupumuzun uşaqlarının arası əla idi. Can deyib can eşidərdik. Hamımızın da yapon dili üzrə qiyməti 5 (əla) idi amma reallıqda bu 8 nəfərin arasında böyük və kiçik fərqlər var idi. Kimisi gözəl danışmağa cəhd göstərirdi, kimisi sadəcə qrammatika əzbərləyirdi, kimisi də kinolara baxıb başa düşməyə çalışırdı.

Heç şübhəsiz, bizim qrupda qızlarımız daha çalışqan idilər və bu özünü hər cəhətdən büruzə verirdi. Oğlanlarımızda bir (mənfi?) xüsusiyyət var idi. Bir semestr yaxşı oxuyurdular amma növbəti semestr oxumurdular. Stabil deyildilər. Amma qızlarımız hər zaman stabil nəticələr göstərirdilər.

Mən ilk iki il ərzində demək olar ki, hər zaman qrupda yapon dili testlərində ən aşağı nəticəni göstərirdim. Aşağı nəticə desəm də bu əslində bir çoxları üçün arzuolunan, yuxarı nəticələr idi. 100 maksimum baldan 86-88 ballar toplamaq çox yaxşı nəticələrdir. Amma nəzərə alsaq ki, qızlarımızın balları 90-dan yuxarı bəzən də 100 bal olurdu o zaman 86-88 ballar heç də ürək açan nəticələr deyildi.

Mən hətta bir neçə dəfə test imtahanı günləri dərsə bilərəkdən gəlmirdim. Çünki hazırlıqlı deyildim və nəticəmin çox pis olacağından utanırdım. Bu mənim imijimə çox pis təsir göstərirdi. Bizim o zamanki yapon dili müəlliməmiz Tatsuma sensey dərslərin çoxunda heç mən tərəfə baxmırdı da. Həmişə qızlara üstünlük verirdi bu səbəbdən oğlanlar geri qalırdılar. Tatsuma müəllimə elə bir şərait yaratmışdı ki, mən ona yaxınlaşıb bir söz soruşmağa belə utanır, çəkinirdim. Əslində isə o, bəlkə də düz edirdi, kim çalışqan olmayan tələbəyə diqqət ayırır ki?!

İstər-istəməz bu hərəkətlər, bu davranışlar bir tələbəni pisikdirən amillərdən biri idi. Nəzərə alsaq ki, o zamanlar mən psixoloji cəhətdən çox zəif biriydim (çox sevdiyim bir qızın məni atması, ailəmdə olan mübahisələr və s.), bunun mənə necə pis təsir etdiyini təsəvvür etmək o qədər də çətin deyil.

Yadıma gəlir qrup uşaqlarımızdan biri heroqlif dərsində mən ondan köçürtməyə cəhd göstərərkən mənim üzərimə qışqırmışdı. “Özün evdə öyrən gəldə! Niyə mən sənə kömək etməliyəm ki?!”

Bu zaman bizim cavan xanım müəlliməmiz hətta mənim yerimə utanmışdı və həmin qrup yoldaşıma yüngül səslə səslənərək bunun yaxşı hərəkət olmadığını söyləmişdi. Mən isə qıpqırmızı qızarmışdım. Həm hirsli idim, həm də kövrək. Niyə görə axı mən başqasından soruşmalıyam?! Niyə görə axı başqası mənə hamının içində qışqırmalıdır?! Niyə görə mən hamının içində utanmalıyam?!

Belə suallarla dolu günlərim bir-birini əvəz edirdi. O zamanlar 16-18 yaşlarımız olardı, hələ çox şeyi dərk etmirdik, bəlkə də. Amma bir insanın formalaşmasında bu cür hadisələrin rolu danılmazdır.

2007-ci il, 2-ci kursun sonları yaxınlaşırdı. Səhv eləmirəmsə, Mart ya Aprel ayları idi. Mən ilk dəfə Tatsuma müəllimənin keçirtdiyi yapon dili testində qrupda hamıdan yüksək nəticə göstərmişdim. Sevincimin həddi-hüdudu yox idi. Bir çoxları isə bunun sadəcə təsadüf olduğunu düşünürdülər. Həmin nəticələri sübut edən faktı aşağıda təqdim edirəm. Nədənsə müəlliməmiz birinci mənə 91 bal verir, sonra isə fikrindən daşınır və 3 bal azaldaraq 88-ə endirir. Amma yenə də bu qrupda ən yüksək nəticə olur. Bəlkə də, müəlliməmiz başqaları ilə aramda yüksək fərqin olmasını istəmirdi, kim bilir?!

日本語のテスト
日本語のテスト グループの中で、はじめて一番良い成績を上げることができた日。
日本語のテスト
日本語のテスト  グループの中で。はじめて一番良い成績を上げることができた日。

Bizim yapon müəlliməmizin bir gözəl metodu var idi. O, hər zaman yaxşı nəticələr göstərən tələbələrin test kağızına gülərüz və sevincli yapon personajlarının şəkillərini yapışdırar və bununla da həmin tələbələri daha da həvəsləndirmiş olardı. Digər tərəfdən uğursuz nəticə göstərənlərə isə ağlamaq şəkli və s yapışdırardı.

Mənim test kağızıma ilk dəfə  idi ki, bu personajlardan biri yapışdırılmışdı. Özüdə sevincli qoca yapon kişisinin şəkli. Bunun mənası böyük idi. Yəni mən 2 il ərzində çoxlu əziyyətlər çəkdikdən sonra, nəhayət qocalığımda uğur qazana bildim. Mən hələ də həmin test kağızını saxlayıram və tez-tez ona göz gəzdirirəm. Məhz bundan sonra mən özümdə irəliləyişi hiss etməyə başladım. Bu testin nəticəsi məni ruhlandırırdı. Deməli mən də yüksək nəticə qazana bilərəm, deməli mən də birinci ola bilərəm.

Ümumi test nəticəsində məğlub olsam da, tək heroqlifdə desək mən heç vaxt heç kimdən geri qalmırdım. Qrup yoldaşlarım və müəllimlərim isə bunu artıq 3-cü kursun əvvəllərində hiss etməyə başladılar.

4-cü kursda oxuyan bir dostum məndən yapon dili dərslərinin necə getdiyini soruşanda cavab vermişdim ki, “heç kimdən geri qalmamağa çalışıram”. O isə bir qədər mənə qəzəbli formada reaksiya vermişdi. “Geri qalmamaq yox, öndə olub hər kəsi öz ardınca aparmalısan, sözlərinə diqqət yetir”. Bu sözlər hələ də qulağıma sırğadır.

Artıq müəllimiz də dəyişmişdi. Kişi müəllim gəlmişdi. Adı Vatanabe idi. Bu müəllim ədəbiyyatçı idi və fəlsəfi ideyalarla yaşayırdı. Bu müəllimin gəlişi mənim həyatımda, kariyeramda, düşüncə tərzimdə mühüm rol oynamağa başlamışdı. Bu haqda bir qədər sonra.

Azərbaycanlı müəllimlərimizdən isə xüsusilə Yaşar (İbrahimov) müəllimin rolu danılmazdır. 3cü kursa daxil olduqdan sonra Yaşar müəllimin yanına hazırlığa getməyə başladım. Mənə yapon dili qrammatikasını və heroqliflərini dərinliklərinə kimi öyrədən və hər dərs sorğu-sual keçirdən, tələbkar Yaşar müəllimin sayəsində, çay öz axarını qurduğu kimi, mən də öz yolumu tapdım. Artıq məni yapon dili kitablarından ayırmaq mümkün olmurdu. Yaşar müəllimlə ikinci ya üçüncü fərdi dərsimiz idi. Mənim test nəticələrimi gördükdən sonra mənə dedi: “Sənin başın var, çalışsan uğur qazana bilərsən”.

Eyni zamanda qrup dərslərimizdə Yaşar müəllim suallar verəndə, hər hansısa bir suala heç kim yox, mən düzgün cavab verəndə deyərdi: “Görürsüz, Əlibəy bilir”, “Əlibəy çox çalışır” və s. Yaşar müəllimin özü də heyrətə gəlmişdi. Çünki buna qədər mənim haqqımda stereotiplər var idi. “Əlibəy orta səviyyəli yapon dili biləndi və gələcəkdə yəqin ki, başqa bir peşəni seçəcək” və s.

Təbii olaraq, onların buna haqqı da var idi. Çünki mən özüm belə bir şəraiti yaratmış, özüm haqqında bu cürə düşüncələrin yaranmasına rəvac vermişdim.

Hətta mənim qrup yoldaşlarımdan bir neçəsi məni peşəmi dəyişməyə, tarixi seçməyə səsləyirdilər. Tarixçi ailəsində doğulmağım, hər zaman tarix fənlərində yüksək nəticələr göstərməyim, buna əsas səbəb idi. Bir sözlə o vaxtlarda, yapon dilindən başqa digər fənlərdə mənim nəticələrim sözün həqiqi mənasında əla idi.

Yapon dilində isə, xüsusilə, heroqliflər məni özünə cəlb eləmişdi. Məni hətta anam belə evdə saatlarla stulumda oturub heroqlif öyrənməyimdən ayıra bilmirdi. Elə bir səviyyəyə çatmışdım ki, mənə “gəzən lüğət” 「歩く辞書」 ləqəbi vermişdilər. Yolda getdiyim yerdə yuxarı kurslar və aşağı kurslardan tez-tez “Gəzən lüğət sənsən” və s kimi suallar verərdilər. Çoxları məndən məsləhət almağa, yapon dili ilə bağlı suallar verməyə başlamışdılar. Bəzən yaponların belə unutduqları heroqlifləri mən çıxıb lövhədə yazırdım. Hər kəs məni heroqlifi ən gözəl bilən biri kimi göstərirdi.

Hətta 1-ci kursda mənə “Özün evdə öyrən gəldə! Niyə mən sənə kömək etməliyəm ki?!” deyən qrup yoldaşım özü məndən köçürtməyə, öyrənməyə başlamışdı. Bu mənim artıq qələbəm idi. Heroqlifdə rəqibim yox idi. Bunu tam əminliklə deyə bilərəm.

Amma məsələ orasındadır ki, yapon dili təkcə heroqliflərdən ibarət deyil. Mən heroqliflərdə, qrammatikada öndə olsam da, danışıq qabiliyyətim hələ yüksək səviyyədə deyildi. Vatanabe müəllimimiz o zaman Yaponiya səfirliyində təşkil olunmuş tədbirlərdən birindən geri dönərkən yolda mənə bunları demişdi.

“Əlibəy, heroqliflər və qrammatika, vitamin kimi bir şeydir. Sən indi sadəcə vitamin içməklə məşğulsan. Əslində isə vitamini içməklə deyil, real yeməyi yeməklə məşğul olmalısan. Real yemək isə çoxlu kitablar, bədii ədəbiyyatlar oxumaq, yaponlarla canlı ünsiyyətdə olmaq, əlaqələr qurmaq deməkdir.”

Bu sözlər mənə çox təsir etmişdi. Həmin günə qədər gəldiyim yolun səhv olduğunu belə bəzən düşünürdüm.

3-cü kursda oxuyanda artıq 8 nəfər arasında olan saflıq yox olmuşdu. Artıq hər kəs bir-birinə rəqib idi. Bizim qrup Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ən güclü qrup olmuşdur. Biz fakültə daxilində də xaricində də başqalarından seçilirdik. Kənarda 8 nəfərin çox yaxın, bir-biri ilə sıx əlaqədə olduğu deyilsə də, içəridə ciddi və güclü rəqabət gedirdi. Bu isə başa düşülən idi. Bəli, hər kəs 2008-ci ilin mart ayında olacaq imtahana hazırlaşırdı. Bu imtahan Yaponiyanın Bakıdakı səfirliyində təşkil olunacaqdı və qalib şəxs(lər) Yaponiyaya 1 illik oxumağa getməyə şans qazanacaqdı. Hər birimiz bu imtahana ciddi hazırlaşırdıq. Mənim necə əziyyət çəkdiyimi isə hər kəs xüsusən əsl çalışqan tələbələr görürdülər və dilə gətirirdilər. Hesab edirdim ki, bizim qrupdan 3 nəfər Yaponiya hökümətinin təqaüd proqramı hesabına 1 illik oxumağa şans əldə edəcək. Mən özümü və daha iki nəfəri bu 3-lükdə şəxsən görürdüm.

Amma nəticələr bir qədər fərqli oldu və bu imtahandan sonra şəxsən mən çox məyus olmuşdum. Əlbəttə Yaponiyaya oxumağa şans əldə etmiş tələbə yoldaşımın buna tam haqqı var idi və doğru seçim olduğunu düşünürdüm amma niyə mən heç olmasa səfirliyə intervyuya dəvət olunmuş 5 nəfərin içində deyildim?! Bunu bilmək məni ruhən öldürürdü. Axı doğurdan da əziyyət çəkmişdim və öz içimdə özümü buna layiq görürdüm?! Görünür nəsə çatmamışdı…

O vaxtdan 8 il ötür, mən indiki zamandan məsələyə obyektiv qiymət verəndə düşünürəm ki, 1. Mən sadəcə son bir ili (3cü kursu) çox ciddi çalışmışdım, intervyuya çağrılmış tələbə yoldaşlarımsa 3 il idi ki, əziyyət çəkirdilər. 2. Mən sadəcə heroqlif və qrammatikaya üstünlük vermişdim, tələbə yoldaşlarım isə əsas etibarilə ünsiyyətə, bədii ədəbiyyat oxumağa üstünlük verirdilər. 3. Mən təkliyə qapılıb tək çalışmağa üstünlük verirdim, tələbə yoldaşlarım (xüsusilə qızlar) isə sosial idilər və yaponlarla tez-tez ünsiyyətdə olurdular, səfirliyə tez-tez gedirdilər, xoş əlaqələr yaratmağa çalışırdılar.

O vaxtlar bu 3-cü amilə yaltaqlıq kimi yanaşıb, eyni hərəkəti etməyəcəyimi desəm də, vaxt ötdükcə yalnış hərəkət etdiyimi, həmin dövrdə bir neçə addımımın o zamanlar düşündüyüm kimi heç də doğru olmadığını anlamağa başlayırdım. Biraz gec idi amma əsas o idi ki, səhvimi anlamışdım və onu düzəltməyin yollarını düşünürdüm.

Bunu anlamaqda mənə o zamanki və BDU-da son yaponiyalı müəllimim olan Vatanabe senseyin və ondan sonra Azərbaycana ezam olunan və 3 il Bakıda çalışan Mori senseyin böyük rolu olmuşdur. Bu iki müəllim, mənim həyatımda ilk müəllimlər idi ki, mənə qarşı “narahat olma, Allah Kərimdi, hər şey düzələr”, “heç bir problem yoxdur, İnşallah düzələr” demirdilər. Onlar dolğun və açıq şəkildə problemin və şəxsən mənim problemimin nədə olduğu görür, açıq-aşkar mənə deyir və həlli yolları haqqında məni düşünməyə dəvət edirdilər.

Bu ilk dəfə idi ki, mənim həyatımda baş verirdi. Bu iki müəllim mənə yapon dilində və Yaponiyada uğur qazanmağın yolların açıqlayır və mənim öz səviyyəmə uyğun qələbələrə gedən yolumun təməlini qoyurdular. Hansılar ki, 2-3 il ötdükdən sonra bunun nəticələrin görəcəkdim.

Fəsillər bir-birini əvəz edirdi, müxtəlif yerlərdə qeyri-peşəkar yapon dili müəllimi kimi, tərcüməçi kimi çalışmağa cəhd göstərirdim. Bir çox hallarda bu məndə alınırdı. Əsgərliyə də getdim. Əsgərlikdən geri döndükdən sonra mövzu seçdim və üzərində işləməyə başladım. İlk dəfə Yaponiyaya 2 həftəlik gəlmək şansını əldə etdim. Yadıma gəlir həyəcandan dişim şişmişdi və intervyudan sonra birbaşa diş həkiminə getmişdim. Bir neçə ay sonra isə uğurlu gedərsə 6 illik təqaüd proqramını qazanacaqdım. Qazandımda.

Elə bir dövr gəldi ki, mənim haqqımda stereotiplər gəzməyə başladı. Bir neçə yerlərdə yaponiyalı və azərbaycanlə şəxslər (özüdə bu şəxslər hər biri ayrı-ayrı yerlərdə yüksək vəzifələr tutan, görmüş-götürmüş, səviyyəli şəxslərdir) arasında yapon dilini ən mükəmməl bilən azərbaycanlı adı qazandım. Baş Nazirin müavini, ayrı-ayrı nazirlərimizin birbaşa tərcümələri mənə həvalə olunmağa başladı.

Əlbəttə mən heç zaman yapon dilini və Yaponiyanı ən mükəmməl bilən biri kimi özümü görməmişəm və görmürəm də. Mənim bugündə öyrənməli və araşdırmalı həddindən artıq çox mövzularım var. Sırf yapon dili ilə bağlı da, kiçik nüanslar var ki, hələ də səhvlərim olur. Bunların üzərində çox işləmək, tər tökmək gərəkir.

Amma bir məsələ dəqiqdi ki, mənim bugünümün təməli məhz 2007-ci ilin 6 ayı ərzində çəkdiyim əziyyət üzərində qurulub. Bu, şəxsən mənim özüm üçün danılmaz bir faktdır. Mən ilk dəfə öz real gücümü onda hiss etmişdim.

Yaponşünas olaraq yapon dilini öyrəndiyim bu 10 il ərzində bir məsələyə əmin oldum ki, fərq etməz mükəmməl oxuyursan ya ortabab, əsas məsələ davamlılıqdadır.

Hər şey elə deyilmi? İstənilən sahədə davamlı olmaqla uğur qazanmaq olar. Heç zaman mükəmməl olmağa çalışmayın, sadəcə davamlı və ardıcıl olmağa çalışın bunun isə nəticələrini bir neçə il ərzində hiss edəcəksiniz. Unutmayın döyüş bir neçə saat və ya bir neçə ay davam edər, müharibə isə illərlə və ya bir ömrünüz boyu davam edə bilər. Kiçik döyüşlərdə olacaq məğlubiyyətlərdən qətiyyən məyus olmayın. Əsas müharibəni əldən verməməkdir. İnsan hər gün yenidən doğulur, hər yeni gün isə Sizə yenidən başlamaq şansı verir. Yeni günlərinizi, yeni şanslarınızı əldən verməyin.

Qalib olmaq üçün ardıcıl, uzunmüddətli çalışqanlıq və güclü inam hissi olmalıdır insanda.

Hətta heç kimin inanmadığı bir dövrdə belə özünüzə inanın, hətta Sizə güclü görünən insanlar üstünüzə düşsələr belə öz yolunuzdan dönməyin, davamlı və ardıcıl, mətinli olun. Yaxınlarınıza və sevdiklərinizə hökmən sahib çıxın. Əgər uğrunda vuruşacağınız bir kimsə və ya kimsələr yoxdursa o zaman döyüşməyə dəyməz.

Hörmətlə, Sizin

Əlibəy Məmmədov

Sapporo şəhəri, Yaponiya

12 Avqust 2015-ci il.

カテゴリー 2. Xatirələrim (MyMemories)5. Yaponiya (Japan)

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close