Mənim kiçik mübarizəm və ya Arzuların məkanı – Yaponiyada keçirtdiyim həyatım. アリベイの悲願?!

7B4A6531

İnsan hər hansısa bir məqsədinə çatmağı bütün qəlbi ilə, bütün ruhu ilə istəyirsə və o istiqamətdə irəliləyirsə, o hökmən öz məqsədinə çatır. Yadıma gəlir 2008-2009- cu illərdə dost-tanışlar çox soruşardılar, “Yaponiyada olmusan?” “Yaponiyada oxumusan?” “Yaponiyada işləmisən” və s. O zamanlar bu suallar mənə bir tərəfdən pis təsir edərdi. Çünki, real olaraq Yaponiyaya getməmişdim və 2005-ci ildən bu dili öyrənməyə başlayan biri kimi, bir neçə dəfə buna şansım yaranmışdı. Sadəcə olaraq, bu şanslardan lazımınca yararlana bilməmişdim. Digər tərəfdən isə, bu suallar məni ruhlandırır, həvəsləndirir və içimdə olan közərtiləri daha da alovlandırırdı. Əksər hallarda “hə olmuşam” “Yaponiyada təhsil almışam” kimi cavablar verərdim.

Mənim nəticələrim heç də hər zaman mükəmməl olmayıb amma hər zaman dönməz bir yolum olub ki, nə olur-olsun o yoldan dönməmişəm. Və düzgün seçim etmişəm. Mənə 4 il bundan qabaq Bakıda yaxşı təklif də gəlmişdi. Adi azərbaycanlı üçün kifayət qədər yaxşı maaş da təklif etmişdilər. Amma mən buna bir çox dost-tanışlardan yaxşı mənada təzyiqlər olsa da razı olmadım. Çünki mən hökmən Yaponiyada təhsil almaq, bizlərə (azərbaycanlılara) bazar adamları kimi baxan insanlara, bu heç də belə deyil, biz də kifayət qədər elmdə uğur qazana bilərik və bilirik cavabını əyani şəkildə sübut etmək istəyirdim. Və budur, mənim arzularım istəklərim gerçəkləşəcəyi günə start verilir. Yaponiya Hökümətinin Bakıda səfirliyində sənəd qəbulu, yazılı və şifahi imtahanlar keçirilir. Bütün bu imtahanlarda ilk pilləni tuturam və çox gözəl şərtlərlə istədiyim universitetə, istədiyim professorun çalışdığı mərkəzə oxumağa gedirəm. Bakı Dövlət Universitetində hər il anam min bir əziyyətlə pul tapıb ödədiyi bakavr pilləsini bitirib, Fizulidə hərbi xidmətimi çəkdikdən sonra Yaponiyaya xaricə oxumağa getməyim rəsmiləşir. Özüdə Yaponiya hökümətinin çox prestijli hesab olunan dövlət təqaüdləri hesabına. Bir il tədqiqatçı tələbə olduqdan sonra magistraturaya daxil oluram. 2 illik magistratura həyatım bütün ömrümün ən parlaq dövrünə çevrilir. Sadəcə tədqiqat aləmində deyil, həm də sosial həyatda fəaliyyətə cəhd göstərirəm. 2013-cü il Dekabr ayından Hokkaydo Universitetinin Xarici Əlaqələr Şöbəsində 1 illik müqavilə ilə işə başlayıram. Burada Xarici Tələbələri Xarici Tələbənin baxış bucağından olmaqla məsləhətlər verir, yardımçı olmağa çalışıram. Nagoya və s şəhərlərə işgüzar səfərlər edir, xarici tələbələrin mövqeyindən çıxışlar edirəm. Tokio, Sankt-Peterburq, Sapporoda keçirilən beynəlxalq konfranslarda uğurla iştirak edirəm. Daha sonra 2014-cü ilin May ayının 15-də Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının  prezidenti seçilirəm.  Universitetimizdə 1700-dən artıq xarici tələbə təhsil alır. Sapporo şəhəri icra hakimiyyətinin bir çox programlarında xarici tələbələrlə birlikdə iştirak edirəm. Assosasiyanın prezidenti kimi həddindən artıq məşğul bir dövr keçirirəm amma insanlar üçün çalışmağı bütün qəlbimlə istədiyimdən qətiyyən yoruldum kəliməsini işlətmirəm. Uzun müddətlik mübarizə, uğursuzluqlarım hamısı sonda uğurla nəticələnir.

Əlbəttə, ötən 3 il heçdə ilk baxışda göründüyü kimi sadəcə mükəmməl hadisələrlə yadda qalmadı. Müxtəlif insanlardan haqsız yerə təzyiqlər də gördüm. Amma doğurdan da güclü iradə, mətinlik göstərmək bəzən də tutduğu vəzifəsindən haqsız yerə istifadə edib, yüksək tonla üstünə gələnləri sadəcə susmaqla yerində otuzdurmaq ən mükəmməl cavabdır. Xarakterimdə bir balaca aqressivlik olduğundan heç də həmişə sakit dayana bilmirəm. Bunu özümün mənfi xüsusiyyətim kimi qəbul etsəm də, lazımı anda səsini ucaltmaq da vacibdir.

Fikrimcə böyük insanların böyüklüyü onların böyüklərlə münasibətində deyil, kiçiklərlə münasibətində özünü bütün çılpaqlığı ilə biruzə verir.

2015-ci il Mart ayının 25-də rəsmən Hokkaydo Universitetində Magistr dərəcəsi ilə təltif olundum. Fürsətdən istifadə edərək, bu yolda əməyi keçən, ən çətin və stressli anlarımda yanımda olan, məni hər zaman yüksəklərə çəkməyə çalışan, mənə hər zaman inanan ailəmə, mənə qarşı dözüm nümayiş etdirən, həyatımın mənası olan həyat yoldaşıma, dostlarıma və professorlarıma öz dərin minnətdarlığımı bildirmək istərdim.

2015-ci il Aprelindən isə rəsmən Hokkaydo Universitetinin doktorantura pilləsində təhsilimi davam etdirməyim reallığa çevrilir. Tədqiqat planını yazmaqda çox vaxtım və gücüm gedir amma 12 professorun qarşısında müsahibə vermək bu işin ən çətin tərəflərindən biri, mən deyərdim ki, ən birincidir. Özüdə sənə ən doğma professorun xaricdə səfərdədirsə… Amma, nə baş verirsə versin, qarşındakı kim olursa olsun, əgər sən özünü itirmədən, hətta bəzən səhv cavab versəndə, hətta bəzən tam dolğun cavab verə bilməsəndə, siyasi formada cavablandırmağı bacarırsansa, mütləq qiymətləndirilirsən. Bu dəfə daha da irəli gedərək, daha ağır, daha çətin və daha məsuliyyətli mövzu seçirəm. “Dağlıq Qarabağ və Cənubi Kuril adalarının müqayisəli təhlili”. Bəli düz başa düşdüz. Siyasi elmlər üzrə tədqiqat aparıram. “Cənubi Kuril Adaları” ilə bağlı mütəxxəssis kimi müəyyən biliklərə malik olsam da, “Dağlıq Qarabağ” mövzusu yaralı yerimiz olsa belə, bir elmi iş kimi mənə yenidir. Xarici ədəbiyyatları daha çox oxumağım gərəkir. Növbəti illər bunun üçün böyük bir şansdır.

2015-ci ilin Aprel ayının 23-də, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasına keçirilən seçkidə ikinci dəfə qalib oluram və növbəti müddəti prezident seçilirəm. Bu ağır yükdür amma əziyyət çəkməyinə dəyər. 1722 xarici tələbənin içində bir azərbaycanlının assosasiyaya prezident seçilməsi heç də asan məsələ deyil. Hokkaido Universitetinə gəldikdən sonra hər ilin İyun ayında 4 gün keçirilən və 100 minlərlə insanın qatıldığı “Beynəlxalq Qida Festivalında” 3 dəfə Azərbaycanı təmsil etmək nəsibim olur. Bu bir səbəb olur və hər kəs Azərbaycan haqqında nəisə soruşmağa, öyrənməyə çalışırlar. Yaponların Azərbaycan haqqında çox az məlumatlandığını, çoxunun isə bu ölkənin adını belə tanımamasını nəzərə alsaq bu böyük bir işdir.

Yazılacaq mövzular çoxdur, vaxtı gəldikdə bir-bir, incəliklərinə qədər nəzərinizə çatdıracam.

Nə olursa olsun, fəsillər bir-birini əvəz elədiyi kimi, hər bir iş də öz axarı ilə davam etməkdədir. Əsas odur ki, axardan kənara çıxmayasan.

Əlibəy Məmmədov

Qeyd: Mövzu 26 Mart 2015-ci il tarixində yazılıb, 9 Avqust 2015 tarixində bəzi əlavələr edilib.

Yaponiya, Sapporo şəhəri.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: