(1 May 2014, Facebook accauntumdan köçürmə)
1 May (Первомай, День труда) Beynəlxalq Əmək günüdür. Ata tərəfimin yaşadığı “Первомай” adlı kənd varıydı. Kənd camaatı həmişə “Perimmay” deyə müraciət edərdilər. “Pervomay” desən heç kim anlamazdı. Hər kəsin dilinə “Perimmay” kimi düşmüşdü. Elə indi də “Perimmay” deyə müraciət edirlər baxmayaraq ki, rəsmən kəndin adı dəyişdirilib və “Muzdurlar” (heç xoşum gəlmir bu addan) olub.
Deməli, məktəb illərində hər ilin iyun ayını böyük səbirsizliklə gözləyərdim. Hər il iyun ayında mən adətə uyğun olaraq ata-anadan ayrılıb kəndə – rəhmətlik nənəmin bağına üz tutardım. Kənd həyatını çox sevirdim. Məni hər zaman şəhər həyatından daha çox kənd həyatı özünə cəlb edirdi. Kənd uşaqları daha səmimi daha ürəyiaçıq təsiri bağışlayardılar mənə. Rəhmətlik nənəmin böyük həyətinin qayğısına qalmaq bu aylarda mənim boynuma düşərdi. Mən hər zaman çox böyük sevinc hissi ilə məhlələri sulayar, əkin-biçin işləri ilə məşğul olardım. Sanki bir rahatlıq tapırdım bu işdə. Gecələr kimsəsiz qaranlıqda canavar səslərindən vahiməyə düşərək, qorxa-qorxa məhlələri sulamağım hələ də gözlərim önündədir.
Kəndimizin əsrarəngiz gözəlliyini onun möhtəşəm təbiətindən asanlıqla hiss etmək olardı. Şəftəli ağaclarının bir-birindən gözəl çiçəkləri, yamyaşıllıq, səhərlər quşların cəh-cəh vuran səsləri, artezyan quyusundan şırhaşır axan təmiz bulaq suyunun şırıltısı, Miri kişinin səsi və s və s mənim bu kəndə olan məhəbbətimi birə-on artırmışdı.
Hətta Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinə (İndiki Regionşünaslıq Fakültəsi) – Yapon dili və ədəbiyyatı şöbəsinə qəbul olmağımı da həmin kənddə fındıq ağacının başında olarkən bilmişdim. Sevincdən əllərim titrəmiş telefon az qala əlimdən düşəcəkdi, telefon bir yana ağacdan yıxılmamaq üçün özümü güclə saxlamışdım.
Dərhal anama, nənəmə, bibimə bu xəbəri verməyə tələsmişdim. Əmim isə anındaca kişi adamsan deyib indinin puluynan 200 Manat cibimə pul basmışdı. Bir sözlə “Perimmay” kəndində keçirtdiyim o uşaqlıq xatirələri, o sevincli-xoşbəxt anlarımı sonradan xatırlayanda qədrini bilməyə çalışıram. O zamanlar bunlar mənə adi normal hadisələr kimi gəlirdi amma sonradan böyüdükcə anladımki həmin xırda hadisələr əslində mənim uğura gedən gələcəyim başlanğıcı idi.
O zamanlar Yaponiyada təhsil alacağımı heç ağlıma belə gətirə bilməzdim.
Hələlik bu qədər. Ardı gələcək……….
Əlibəy Məmmədov.1 May 2014-cü il. Yaponiya Sapporo şəhəri.
Ardı
Bizim kənddə cəmi iki dükan varıydı. Ən yaxını piyada təxminən 10 dəqiqəlik məsafədə yerləşirdi. Nənəmlə evdə tək qalmışdıq. Mənim 11-12 yaşım olardı. Çox güclü yağış yağırdı. Qısacası mən həmin yaxındakı dükana çörək almağa gedəsi oldum. Bir şeyi də xatırladım ki, kənddə işığı saatla verirdilər. Hava şəraiti pisləşəndə işə ümumiyətlə bütün elektrik enerjisi dayandırılırdı. İndi təsəvvür edin 11-12 yaşlarında balaca bir uşaq zil-qaranlıq, canavarların gecələr gəzdiyi bir kənddə özü güclü ildırım altında dükana getməsi nə deməkdir. İnandırım Sizi ki, kənd lərzəyə gəlmişdi göy gurultusundan. Qulaqlarım batmışdı. Dükana bir təhər gedib çatmışdım. Çörəyi də almışdım. Amma həmin zülmətli yolu qayıtmağa cürət etmirdim. Dükanda bir neçə böyük yaşlı insanlar olduğundan onların yanında qalmaq istəyirdim. Bir tərəfdən də nənəmçin məni gözlədiyini başımdan ata bilmirdim. Qayıtmalı idim amma qayıda bilmirdim. Nəisə iş belə gətirdi ki, yaşlı nənəm dözməyib arxamca gəldi. Və biz sakitcə nənəmin evinə qayıtdıq. İndi bunları yazmaq çox asandır amma həmin anları bir daha yaşamaq hissi indi belə məni vahiməyə salır.
“Qarpız oğurluğu”
Yayda qarpız sezonu kənd uşaqları həmçinin də mənim kənd həyatımda ən maraqlı sezonlardan biri idi. Deməli hər dəfə qarpız aparan traxtorlar bizim kənddən keçəndə darvazaların arxasında gizlənmiş kənd uşaqları ilə həmin traxtorlara “hücum çəkərdik”. Qarpızları traxtorlardan salmaq məqsədimiz idi. Əksər hallarda qarpızlar əllərimizdən düşür parça-parça olurdu. Bununla belə bir neçə kənd uşağı var idi ki, onlar “bu işin” peşəkarına çevrilmişdilər və çox hallarda sağlam-bütöv şəkildə qarpızı götürə bilirdilər. Bir çox hallarda qızlar da köməyimizə çatırdı. Traxtorçular çox zaman bilərəkdən sürəti aşağı salırdılar ki, uşaqlar qarpız götürə bilsinlər. Onlara mehriban traxtorçular deyərdik. Əslində kənddə qarpız çox ucuz idi amma bilmirəm nədənsə uşaqlarla bu üsulla qarpız ələ keçirmək daha maraqlı gəlirdi bizə. “Bu iş” , sanki, bizim üçün bir riskli oyuna çevrilmişdi.Təxminən 12-15 yaşlarında olardıq. Bir dəfə mən də traxtora arxadan dırmaşanda sürücü bilərəkdən sürəti artırdı. Onu da deyim ki, kəndimizin yolları pis gündə idi (indi necədir bilmirəm) və hər dəfə maşın keçəndə toz-torpaq qalxırdı. Bu dəfə traxtorçu mehriban çıxmadı. O, sürəti artırdı. Artıq tozdan göz-gözü görmürdü. Elə bir şərait yaranmışdı ki, geri tullana da bilmirdim. Çox sürətlə gedirdi bilərəkdən. Nəisə belə davametməz deyib, kəndin çıxacağına yaxın özümü sürətlə gedən traxtordan tulladım. Bütün dizlərim, dirsəklərim cırıq-cırıq olmuşdu. Hamısı da nəyə görə bir qarpıza görə. Və inanın ki, bu sezonda nənəmgilin evi qarpızla dolu olardı. Amma bir riskli oyun kimi bununla məşğul olardıq. İndi həmin anları xatırlayanda insanın üzündə çox xoş bir təbəssüm yaranır.